Bir eşq vardı, əziz idi xətri qaldı - Azər Mirzənin şeirləri

MANERA.AZ Azər Mirzənin şeirlərini təqdim edir.
Bəs isimin altı halı var
Bəs isimin altı halı var idi-
Gör adının neçə halı var imiş.
Gerçək halı-xəyal halı, bir ayrı,
Gündüz halı-gecə halı var imiş.
Tək sən varsan bu yoxluğun içində,
Nə görübsən bu ağlımın "ucunda"
Bir ağrı tək ürəyimin içindən,
Hər gün gəlib keçən halın, var imiş.
Bir qadınsan qayğılardan üzülən-
Bir sevgisən uyqularda çözülən.
Bir şeirsən duyğulardan süzülən,
Misra halın, heca halın var imiş.
Saçlarıma dən tökülür
Saçlarıma dən tökülür,
Yetişirəm ilahi. !
Hər gün bir az yaralanıb,-
Bitişirəm ilahi.!
Sandım, haqqın adamıyam,
Gördüm, haqqın "edamıyam"
Hər yan- hər yan, adam yeyən-
Dartışıram ilahi.!
Susdun!
"bu qızıl" sənkidir?
Mən də susuram, sən kimi.!
Öz-özümlə, susan kimi-
Atışıram ilahi.!
Necə saxlayım təmkini,
Zalım sınayır, təpigini.
Səbri yeyirəm həb kimi ,
Ötüşürəm ilahi!!
Sevdim
Misra - misra tapdım səni,
Səni, sətir- sətir sevdim.
Sözünü yerə salmadım-
Ürəyimə xətir,
sevdim.!
"İpi yığılmır" gözümün,
Gördüm "sözü" sən, sözümün.
Gördüm tükənir dözümüm,
Gördüm səbrim bitir,
sevdim!
Gördüm də, ürəyi daşsan,
Sevin, mənə ölüm düşsə.
Ürəyimə yolun düşsə,
Ürəyini gətir,
sevdim!
Aramızda nə varsa
Arada nə oldusa,
Olan yerində qalsın.
Çoxun illər itirdi,
Qalan yerində qalsın.
Hanı dil-dil ötməyin?
Mənə,eşq öyrətməyin.
Yalan olsun getməyin-
Yalan yerində qalsın.
Gedənləri ötürdük,
Olanları itirdik,
"Ərikləri" bitirdik,
Salam yerində qalsın!
Özümü
Özümü tapa bilmirəm,
Yolunu azdım özümün.
Gördüm ümüdüm üzülür,
Səbrdən asdım özümü.
Bu qürub, bu dan tərəfim,
Hər yanı al qan tərəfim.
Ağrıdı vicdan tərəfim,
Deyəsən əzdim özümü.
Ay qapımı qəfil vuran,
Get, mən bütə tapınmıram.
Gördüm çöldən tapılmıram,
İçimdə gəzdim özümü.
Nə yaxşı yendim özümə,
Nə yaxşı, döndüm özümə.
Bir az da endim özümə,
Bir az da qazdım özümü.
Mən yolumu sevib azdım
Mən yolumu, sevib azdım..
Bilsəydim heç sevinməzdim.
Ağlım olsaydı sevməzdim,
Olmayan vaxtına düşdü.
Bir "suç"mənim, min "səhv"onun -
Cəza mənim, insaf onun.
Bu eşq, onun insafının,
Qalmayan vaxtına düşdü.
Tanrım, sevda aclarının,
Sən göndər, əlaclarını.
Öldüm,
- onun saçlarının,
Yolmayan, vaxtına düşdüm.
Ürəyindən
Bu eşq görən necə salıb,
Çatı ürəyimdə.?
Adın silinməz, döyülüb,
Tatu ürəyimdə.
Bu eşq salmasaydı ləpir,
Həsrət onu hardan tapır?
Çapır, bax gör necə çapır,
Atı ürəyimdə.
Ürəkdir də yaman vurur,
Nə səngiyir,nə də durur.
Kimsə xoşbəxt günə qürub,
"Saatı" ürəyimdə.
Bu eşq deyilsə,bəs nədir?
Yoxsa eşq deyil,
bəstədir.
Burda bir eşq var,xəstədir-
Yatır ürəyindən.
Bu gün də bir dərdlə başımı qatdım
Bu gün də,bir dərdlə başımı qatdım,
Bu gün də, getmədim üzü Tanrıya.
Ürəyim yaxamı, dünyaya dartdı,
Amma ayağımın izi, Tanrıya.
Biz onun qurduğu "son iş" deyilik,
Tutub ətəyindən danış deyirik.
Üz-üzə gəlmədik, tanış deyilik,
Kim təqdim edəcək bizi, Tanrıya?
Bitəcək, hər türlü oyun bitəcək,
Bütün tamahlardan "doyum" bitəcək.
Görək kim günahın boyun tutacaq,
Kim deyə biləcək düzün, Tanrıya?
Ürək, eşq ulayan viranlıq kimi...
Hər şey yuxu imiş, bir anlıq kimi.
Bir can saxlayıram, qurbanlıq kimi,
Görüm xoş gələcək "quzum" Tanrıya?
Ömür necə ötüb keçdi
Ömür necə ötüb keçdi, heç bilmədim,
Harda məni yuxu tutdu, huş apardı?
Ümüd-ümüd, arzu - arzu azalmışam,
Ömrü-günü payız tökdü qış apardı.
Bir ürəkdə duyğu yoxsa, gərək deyil,
Söykəndiyin hər kürək də, kürək deyil.
Hər sinədə döyünsədə, ürək deyil,
Çoxu onu daş gəzdirdi, daş apardı.
Çiçək - çiçək arzulardan ətri qaldı,
Bir eşq vardı, əziz idi xətri qaldı.
Yazılmadı neçə şeirim sətiri qaldı,
Çox şeyləri "heyf" oldu "kaş" apardı.
Çox əzildim, amma həyat davam oldu,
Oldu bəzən! yağlı tikəm yavan oldu.
Yazıq ürək özüm kimi avam oldu,
Bu dünyada, başı olan baş apardı.
Şirin xatirələr
Şirin xatirəsən, qırıq arzusan,
Hərdən ürəyimdən batırsan mənə.
Əvvəllər nazını satırdın axı,
İndi də darıxmaq satırsan mənə.
Ən gözəl sevgidir, gözəl darıxmaq,
Möcüzə yaratmaq gücündə varsan.
Sükutun içindən səsin tökülür,
Bütün sənsizliyin içində varsan.
Ağzımda şirinlik dadırsan elə,
Şirinlik dilimə adından çıxıb.
Səni ürəyimdən çıxarıb atdım,
Ağlımdan çıxarmaq yadımdan çıxıb.
Bu sevgi oyununda
Bu sevgi oyununda, ürək uduzdum,
Gəlirəm uduza-uduza Allah!
Sən mənə verdiyin əmanətini,
Mən də bağışladım, bu qıza Allah!
Yarama duz səpər bu qız, sevindim,
Ən baha arzuma, ucuz sevindim...
Nə yaram sağaldı, nə duz sevindi-
Ya mənə rəhm elə, ya duza Allah!
Bir dəli baxışdan, ürək vuruldu,
Suçlular arandı, divan quruldu.
O qız, göz yaşımdan keçib duruldu -
Mən qaldım cəzamla, üz-üzə Allah!
Cəlilabad
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.