manera.az
manera.az

İşığa dönmək üçün - Lamiyə Abbasovanın şeiri

📅 07.02.2026 10:53

İşığa dönmək üçün - Lamiyə Abbasovanın şeiri
Lamiyə Abbasova - Abbasova Lamiyə Anar qızı 7 fevral 2007-ci ildə Bərdə rayonunun Kətəlparaq kəndində anadan olub. 2013-2024-cü illərdə Kətəlparaq kənd tam orta məktəbində təhsil alıb.
2024-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix–filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olunub. Hazırda NDU-nun 2-ci kurs tələbəsidir.
Orta məktəb illərindən ədəbiyyata və sözə xüsusi maraq göstərən Lamiyə 7-ci sinifdən başlayaraq şeirlər yazır.
Bu gün 19 yaşı tamam olan Lamiyə xanımı təbrik edir, "İşığa dönmək üçün" şeirini oxuculara təqdim edirik. Onu da deyək ki, bu, müəllifin ilk mətbu şeiridir.


İŞIĞA DÖNMƏK ÜÇÜN

Mən sanki oddan bir otağam
divarlarım alov, nəfəsim qığılcım.
Kim yaxınlaşsa, yanır…
bəlkə ona görə tək qalıram.
Bəzən elə bilirəm, iti bir bıçağam,
toxunduğum hər şeyi yaralayıram.
Amma yox…
mən başqalarını deyil,
ən çox özümü kəsirəm.
Yaralarımı sağaltmaq üçün
bıçağı odda qızdırıb
öz ürəyimə basıram.
Ağrı keçsin deyə…
amma ağrı getmir.
Sadəcə üstü bağlanır,
mən isə o qabığı yenə qoparıram
unutmamaq üçün,
kimlərin “can” deyib
içimdəki gülü soldurduğunu xatırlamaq üçün.
O gecə Allaha pıçıldadım:
“Canımı al…”
O isə səssizcə dedi:
“Hələ yaşamalısan.
Hələ yanmalısan.
Hələ öyrənməlisən.”
Səcdəyə getdim,
susdum.
Qəlbimin nə qədər qanadığını
yalnız O bilirdi
taleyimi yazan.
Bəlkə də bu qaranlıq yol
məni sındırmaq üçün yox,
məni başqa birinə çevirmək üçündür.
Bəlkə də mən bu oddan
kül olmaq üçün yox,
işığa dönmək üçün keçirəm.

MANERA.AZ


Baxış sayı - 610 | Yüklənmə tarixi: 07.02.2026 10:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930