Azər Musaoğlunun ilk şeirlər kitabı çap olunub
“Yeni Yol” qəzetinin redaktoru Azər Musaoğlunun “Mezozoy erasında yadplanetli” adlı şeirlər kitabı çap olunub.
MANERA.AZ xəbər verir ki, Tbilisidə yerləşən “Mtsignobari” nəşriyyatında 300 tirajla işıq üzü görən kitabda Azər Musaoğlunun müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb.
Kitabın ön sözünün müəllifi və redaktoru Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin sədri Allahverdi Təkləli, korrektoru Aynurə Əliyeva, dizayneri Elsevər Əhmədovdur.
Kitab Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının maliyyə dəstəyi ilə nəşr olunub.
“Mezozoy erasında yadplanetli” şairin ilk şeirlər kitabıdır.
Qeyd edək ki, Azər Musaoğlu 1986-cı ildə Gürcüstanın Qardabani (keçmiş Qarayazı) şəhərində doğulub. Orta təhsilini 1993-2004-cü illərdə 3 nömrəli Qardabani orta məktəbində alıb. 2004-2008-ci illərdə Tbilisi Siyasi Akademiyasının Humanitar elmlər fakültəsində təhsil alıb.
2018-ci ildən Gürcüstanda Azərbaycan dilində çıxan “Yeni Yol” qəzetinin redaktorudur.
Şeirləri gürcü və özbək dillərinə tərcümə edilib. Şeirləri və hekayələri Azərbaycanın nüfuzlu mətbu orqanlarında dərc olunub. 2014-cü ildə “Azadlıq Radiosunun” keçirdiyi “Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsində “Katarsis” adlı hekayəsi onluqda yer alıb. 2022-ci ildə “Kulis.az” saytının keçirdiyi “İlin hekayəsi” müsabiqəsində “İtburnu” hekayəsi 20-liyə düşüb. 2024-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) “Ulduz” jurnalı ilə əməkdaşlıq çərçivəsində keçirilən “Məişət zorakılığına yox deyək” adlı hekayə müsabiqəsində “Fidan” hekayəsi ilə qaliblərdən biri olub.
Mezozoy erasında yadplanetli
Mən həqiqi uçan boşqabları
insanlar bir-birinə atanda gördüm.
Onda mən yadplanetli idim
insanların dünyasında.
Danışmağın nə mənası var axı
Onsuz da toylarda eyni mahnılara oynanılacaq,
eyni yeməklər yeyiləcək.
Eyni dualar oxunacaq yas mərasimlərində,
eyni sözlər deyiləcək.
Qınamayın məni...
Bilirsiniz, mən həqiqi gözyaşını
heyvanların gözündə gördüm,
Həqiqi ağrını heyvanların üzündə gördüm.
Məsələn, avtoqəzada ayaqları qırılmış at ağrıyırdı,
Balaları uzağa azıdılmış it ağlayırdı...
Başı kəsilmək üçün yıxılan heyvanın gözlərindəki qorxu,
Başı kəsilmiş toyuğun çabalamasındakı acizlik,
Torbaya salınıb suya atılan pişiyin
suyun üzərinə çıxan qabarcıqlardakı son nəfəsi,
Bir də dəvələrin ayaqüstə kəsilməsi...
Danışmağın nə mənası var axı
Onsuz da qardaşını öldürəcək Qabil,
Öləcək insanların yerinə eyni insanlar doğulacaq,
Bir gün bütün bu eyniliklərdən bezib
Onsuz da dünya öz-özünə dağılacaq.
Mən həqiqi dinozavrları
insanlar bir-birini yeyəndə gördüm.
Onda mən mezozoy erasında yaşayırdım -
İnsanların dünyasında.