Ana duası – göylərdən yağan mərhəmət

Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun əziz xatirəsinə
Ana duası – insan ruhunun ən təmiz, ən müqəddəs qaynağıdır. Bu dua bir ananın övladına bəxş etdiyi görünməz, amma hər zaman hiss olunan qüvvədir. O qüvvə ki, insanı qoruyur, ona səbat verir, həyatın ən çətin anlarında yolunu işıqlandırır. Xalqımızda “Ananın naləsi göyləri silkələyər, duası isə mərhəmət yağışı kimi yağar” deyimi təsadüfi deyil. Çünki ana duası göylərdən yağan mərhəmətin özüdür.
Zəfər bayramının beş illik yubileyini qeyd etdiyimiz 8 noyabr 2025-ci il tarixi və bu şanlı tarixə qədər ötən hər gün, hər an şəhid analarının duaları – göylərdən yağan mərhəmət olub qəhrəmanlarımızı yaşadır. II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Vətən oğullarından biri də Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlısı Şahin Allahyarovdur. Onun həyat yoluna, mübarizəsinə və şəhidlik anına diqqət etdikdə görürük ki, bütün bu mərhələlərdə bir qüvvə onu müşayiət edib – Nərgiz ananın duaları.
Bu baxımdan, böyüklərdən dua almaq, valideynlərin xeyir-duası ilə yaşamaq Vətən oğlu Şahinə də ilahinin müjdəsi oldu. Elə bir müjdə ki, şəhidi daim yaşadacaq və adını göylərə ucaldacaq. Dua özündə mənəvi hikmətlər yaşadır. Görünməyən ilahi güc olub insanı qoruyur, şəhidlərimizə isə əbədiyyət ünvanı qazandırır. Vətən müharibəsində zəfərimizi yaxınlaşdıran və onu mübarək edən şəhid analarının duaları təkcə bir övlad üçün deyil, həm də Azərbaycan boyda ulu məmləkəti yaşadan qüvvə idi Vətən müharibəsində. Məhz həmin dualar səngərlərdə düşmənlə mübarizədə ayıq-sayıq olan Şahinlərimizin qələbə əzmini möhkəmləndirdi.
O duaların arasında Nərgiz ananın övladı Şahin və onun silahdaşları üçün etdiyi duaları var. Şəhid anası bu gün də Azərbaycanın ərazi bütövlüyü uğrunda keşik çəkən Vətən övladlarına duaçıdır. Onun dilindən süzülən xoş məram əslində hər birimiz üçün bir motivasiya qaynağı olub, dövlətə xidmət etmək, onu yaşatmaq ruhunu gücləndirir canımızda. Şahinin dediyi kimi hərə öz məsləki ilə xidmət edir Azərbaycana – hərbçilər, müəllimlər, həkimlər, mühəndislər, alimlər, yazarlar və s. sənət sahibləri öz sahəsində fəaliyyət göstərir, şəhidlər isə ali missiyalarını yerinə yetirmiş, Vətənin göylərinə yüksəlmişlər. 
Ana duasından güc alan Şahinin 44 günlük Vətən müharibəsində düşmən üzərinə hücum çəkməsi, onun Qarabağın sıldırım qayaları, dağları üzərindən qanadlanaraq uçuşunu canlandırır gözlərimizin önündə. Beləcə, göylərdən yağan mərhəmət ana duası ilə birləşərək Şahinin pak ruhunu Vətən göylərinə ucaltmış, adını tarixə, həm də Zəfər tarixinə qızıl hərflərlə həkk etmişdir.
Dözümü, təşəbbüskarlığı, dönməz mövqeyi, ruh yüksəkliyi, ixtisasına dərindən yiyələnməsilə Şahin səngərlərdə bir qəhrəmanlıq salnaməsi yaratdı o günlərdə. Müasir Azərbaycan Respublikasının şərəf tarixinə adını yazan şəhidimiz və digər Şahinlərimiz ana duaları ilə anılmağa layiq, nur üzlü qəhrəmanlarımızdır.
Onların şücaətlərlə zəngin döyüş yolunu, qısa lakin şərəfli ömür hekayələrini yazmaqla bitirmək mümkün deyil. Çünki Şahinlərin ana dualarıyla qoşulduqları Vətən mücadiləsi bitməyən, sonu görünməyən bir ümmanı xatırladır və şəhidlər haqqında yazdıqca yazmaq istəyirsən. Ana duasıyla yer üzünə yağan mərhəmətin hər damlasında bir şəhid ruhu yatır. Onların arasında bir qəhrəman kimi Şahinin də adı fəxarətlə çəkilir.
Yüksək fiziki hazırlığı dillərə dastan olan Şahinin gəzərkən belə sürətlə hərəkət etməsi sanki onu mübarizəyə səsləyirdi. Vətən oğlunu tələsdirirdi, düşmənlə mübarizəyə hazır ol deyirdi. Qəlbində Azərbaycan sevgisi, əlində silah ön cəbhədə mübarizə aparan Şahinin qəhrəmanlıq məktəbu bu səbəbdən öyrənilməyə, dəyər verilməyə layiq bir həyat dərsidir. Bu elə bir dərsdir ki, gəncləri cəlb edir, qəhrəman haqqında bilinməyən mühüm məqamları hər kəsə bəyan edir.
İllər ötdü, Vətən müharibəsində Azərbaycan ordusunun parlaq qələbəsindən beş ili beləcə geridə qoyduq. Keçən bu dövr şəhid analarının dualarında, xalqın yaddaşında, torpağın bağrında yaşayan igidlərimizin unudulmadığını, əksinə Azərbaycan dövlətinin daha da qüdrətləndiyini göstərdi. Bu qüdrətin və qələbənin kökündə şəhid analarının duaları – göylərdən yerə göndərilən mərhəmət, səbr və səbat var.
Uşaqlığı, yeniyetməliyi və gəncliyi bir fərqli idi Şahinin. Onu yaşıdlarından, bacı və qardaşlarından fərqləndirən nə idi ki, Vətən oğlu bu qədər ehtiram və izzətə layiq görülür ?! Nahaq yerə deməyiblərki insanı yaşadan onun əməlləridir. Şahin uzun ömür yaşamadı, lakin bir əsr ömür sürən ahıldan daha çox rəhmət qazandı. Bu rəhmət təkcə elin ehtiramı ilə deyil, bütün xalqın Şahinlərə etdiyi dualarla göylərə ucaldı. Bu duaların fövqündə dayanan bir dua var – Nərgiz ananın duaları sanki məlhəm olub şəhidə rahatlıq bəxş edirdi. Göylərdən Şahinin qəbrinə yağan yağış kimi ana duası qəhrəmanı yaşadır, ona təskinlik verirdi.
Şahinin idmana və hərb işinə olan hədsiz marağı onun vətənpərvər gənc kimi yetişməsində mühüm rol oynamışdır. Hünər məktəbinə idmanla başlayan Şahin hələ kiçik yaşlarından, məktəbli ikən yarışlarda qazandığı birinciliklərlə Vətən müharibəsində də birincilər sırasına qoşulmağı bacarmışdır. Qazandığı təltiflər qəhrəmanın döyüş yolunun nə qədər mürəkkəb və şərəfli olduğunu bizlərə öyrətdi. Bu yol sonu görünməz bir şəhadət olub sahibini adını yaşadır. Ana duası kimi göylərdən yağan mərhəmət Şahinin igid adını daim xatırladır.
Vətən Müharibəsi Qəhrəmanının anası qədər atası da övladının şəhadətinə həm kədərlənmiş, həm də qürur duymuşdur. Onun məğrur duruşu, əyilməzliyi və sükutu əslində çox mətləblərdən xəbər vermiş, övlad itkisi ilə barışmağın asan olmadığını göstərmişdir.
Bu səbədən, atası mərhum Hüseynbala kişi də ağlamaqdan gözləri xəfif qızarmış, nəmli gözləri ilə yaddaşlarda qalmışdır. Onunda övladına özəl duaları var idi. Lakin bu həsrət ata qəlbini yandırar, yaxardı. Bir epizodu heç unuda bilmirəm – Quba şəhərində Şahin Allahyarovun adını daşıyan idman-şahmat məktəbinin girişində şəhidin adı və soyadının həkk olunduğu lövhənin açılışı zamanı şəhid atasının təbəssüm saçan baxışları sanki dil açıb danışırdı.
Atanın keçirdiyi hissləri, övladının adının əbədiləşdirilməsi yolunda dövlətin ona yaşatdığı həmin qürurlu anı sözlə ifadə etmək çox çətindir. O anı yalnız Hüseynbala kişinin üzündən oxumaq mümkün idi. Yaxud şəhid atasının müsahibələrində Şahinlə bağlı, kədər dolu çıxışları hüzün və fəxarətin bir arada necə göründüyünü ekran qarşısından bizlərə ötürürdü. Şəhid atası bütün ağrı-acısını ürəyinə gömmüş və onunla da bu fani dünyadan əl-ətək çəkərək qəhrəman oğluna qovuşmuşdur.
Şahin Allahyarov sadəcə bir döyüşçü deyildi. O, Vətən uğrunda canından keçməyə hazır olan, ailəsinə, xalqına, dövlətinə sadiq bir Azərbaycan oğlu idi. Uşaqlıqdan dürüst, mərd, qayğıkeş və mehriban xasiyyəti ilə seçilən Şahin hər kəsin sevimlisi idi. O, böyüyəndə də bu saf keyfiyyətlərini qoruyub saxladı, hər zaman Vətənin müdafiəsinə hazır oldu. Bunu onun yaxın ətrafı – ailəsi, uşaqlıq dostları, qohumları, sinif yoldaşları, qrup komandirləri, qazi olmuş əsgər yoldaşları, kənd sakinləri, tanıyan hər kəs böyük məmnuniyyətlə dilə gətirir, Şahinin müsbət keyfiyyətlərindən bəhs edirlər.
Bizim hər birimiz uşaqlıq həyatı yaşamışıq. Böyüklərimiz, hər kəs uşaqlığından tanınar deyiblər. Hər gülün rayihəsi olmadığı kimi, hər uşağın da Şahin kimi Vətən adı çəkiləndə nəbzi yüksələn, qəlbi sinəsindən çıxacaq qədər döyünən bir oğul olamsını gözləmək əbəsdir. Çünki insanlar anadan qəhrəman doğulur. Sonradan bilik və bacarıqlarını artıraraq bir qədər də möhkəmlənirlər. Şahində mövcud ali keyfiyyətlər daha qabarıq şəkildə özünü büruzə verirdi. Çünki o, anadan qəhrəman doğulmuş, Vətən üçün canını fəda etmişdir.
Həmçinin Şahini yaddaşlarda yaşadan digər keyfiyyətləri – mərhəmət hissinin, qorumaq, sahib çıxmaq, yardım etmək kimi keyfiyyətlərinin yüksək olmasında idi. Əl tutmağı, qohumların, dostların işlərinə yardım etməyi çox sevirdi qəhrəmanımız. Yeri gəldikcə maddi yardımlarını da əsirgəməzdi ehtiyacı olanlardan. Dostunu darda qoymazdı, qorxunun üzərinə şığıyardı. Belə mühüm məqamlar Vətən müharibəsində Şahinin əlindən tutdu və ölümü gözündə heçə endirdi ki, Vətən yaşasın. O və silahadaşları, paralel cəbhədə döyüşən dostları, hər kəs bu amal ilə bir yola çıxdı və nəticə öz bəhrəsini verdi – düşmən iti qovan kimi Azərbaycan torpaqlarından birdəfəlik silindi.
Müharibə başlayan gün Şahin tərəddüd etmədən ön cəbhəyə yollandı. Özünün dediyi kimi, arxa cəbhədə gizlənib qala bilərdi. Lakin vicdanı, ana və atasının ona verdiyi yüksək tərbiyə, qeyrəti buna imkan vermədi və Şahin ön sıralarda döyüşdü, Vətənin bir parçasına çevrilərək ana dualarında rahatlıq tapdı.
Döyüşlərdə göstərdiyi şücaət, cəsarət və mərdlik onu silahdaşlarının gözündə əsl qəhrəmana çevirdi. Amma bütün bu hünərin kökündə bir mənbə var idi – Nərgiz ananın duaları. Mayası dua ilə yoğrulan Şahinin şərəfli ömür və döyüş yolu bir duanın müşayiəti ilə onun adını yüksəltdi. Vətən Müharibəsi Qəhrəmanı kimi ali dövlət təltifi igidin adını hər tərəfə qürurla yaydı. Azərbaycanın Şuşa və digər bölgələrinin işğaldan azad edilməsi münasibətilə Şahinin qürurlu ailəsinə təqdim olunan dövlət mükafatları Nərgiz anaın duaları ilə sanki göy üzündən yerə səpələnən mərhəmət yağışı kimi hər damlasında şəhidi yaşatdı.
Şahin döyüşlərdən birində Nərgiz anaya ünvanladığı sözlərdə bu hissi belə ifadə etmişdi: “Ana can mənim üçün dua elə, haqqını halal elə... Məni necə görmüsünüzsə, elə xatırlayın. Can anam, qurban olum, haqqını halal elə də ölüm ayaqlarının altında...”. Bu sözlər bir oğulun həm Vətənə, həm də anasına olan sevgisinin, sədaqətinin ən təsirli ifadəsidir. Şahin bu dünyadan köçəcəyini hiss edirdi, amma qorxmurdu. Çünki bilirdi ki, ana duası onunla birlikdədir. O dua onu əbədiyyətə qovuşduracaq, ruhunu nur kimi göylərə qaldıracaq.
Bizi yaşadan dualar analarımızın laylaları kimi qəlbimizə məlhəm olub əlimizdən tutur. Bu duaların mənəvi gücü bütün fiziki güclərin fövqündə dayanan ilahi mərhəmətin təcəssümüdür. Onu şəhidlərimiz əməlləri ilə bir daha Vətən müharibəsində bütün xalqa bəyan etmiş oldular. İgidlərimizin sırasında yer alan Şahin Allahyarovun bu şəhadət yolunda öz qəhrəmanlıq salnaməsi var. Həmin hünər, şücaət yolu zəfərimizin beşinci ilində gün işığı kimi aydın görünür və Şahin kimi oğullarımızın qəhrəmanlıq irsinin, mərdliyinin hələ uzun illər, bəlkə də əsrlər boyu araşdırılacağından xəbər verir.
Bu səbəbdən, Ana duası göylərdən yağan mərhəmət kimidir – görünməz, amma hər şeyi dəyişdirən bir qüvvədir. Şahinin anasının da oğlu və dostları üçün etdiyi dualar göylərə qalxmış, şəhidlik məqamına yüksələn ruhunun yolunu nurlandırmışdır. Döyüş meydanında üzərinə mərmilər yağsa da, onun üzündə bir arxayınlıq var idi – ana duasının arxayınlığı. Ölümün gözünə dik baxan Şahin Nərgiz ananın dualarıyla yenidən doğuldu və əbədiyyət ünvanı qazandı.
Bu gün Şahin Allahyarovun adı Azərbaycanın qəhrəman oğulları sırasında böyük ehtiramla çəkilir. Onun həyat yolu gənclər üçün örnək, şəhidlik zirvəsi isə bir vətənpərvərlik məktəbidir. O, ömrünü xalqı, torpağı, bayrağı üçün fəda etdi. Lakin Şahinin bu fədakarlığında bir ana duasının izləri var idi – şəfqət dolu, göz yaşına qarışmış, amma qürurla səslənmiş dualar.
Ana duası – ilahi mərhəmətin insan qəlbinə toxunuşudur. Hər bir şəhid anasının duası, sanki göylərdən yağış kimi enib Vətən torpağını bərəkətləndirir. Şəhid analarının duaları bu torpağa dirilik verir, millətə ruh, dövlətə güc bəxş edir. Şahin Allahyarovun anası Nərgiz ananın duaları da bu torpağın yaddaşına həkk olundu. O dua, indi də Şahinlərimizin qəlbində yaşayır. Onun şəhadəti bir oğulun anasına, Vətəninə və Allaha olan sədaqətinin zirvəsidir.
Bəli, ana duası göylərdən yağan mərhəmətdir. Şahin Allahyarovun ömür yolu, şəhidliyi və ruhunun ucalığı bu mərhəmətin ən parlaq təzahürüdür. O, anasının duaları ilə ucaldı, Vətən torpağı ilə əbədiləşdi.
Nur içində yat, igid Şahin! Ana duası sənin ruhunun üzərində göylərdən yağan mərhəmət kimi əsla dayanmayacaq.
Aqil P. ƏHMƏDOV,
tarix üzrə fəlsəfə doktoru, dosent