Şəhidlik zirvəsinə ucalan Dəniz Pişiyi
Mirzə Musa oğlu Axundov - Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı idi.
Lənkəranın Gəgiran kəndində 15 mart 1984-cü ildə dünyaya gəlib. Ailədə 5 övlad böyüyüb: 4 qardaş və bir bacı. 1991-2002-ci illərdə Gəkiran tam orta məktəbdə təhsil alıb.
2002-2004-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Xidmətini başa vurandan sonra müddətdən artıq hərbi xidmət üçün müraciət edib.
2004-2016-cı illərdə Azərbaycan Qüvvələrinin Zığ qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib, “dəniz pişikləri”indən biri olub. 2016- cü ildə ön xəttə-Ağdamda “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünə keçib.
Mirzə Axundov hərbi xidmət dövründə narahat olub hər an. Torpaqlarımızın düşmən əlində olması ona bir hərbiçi, bir vətəndaş kimi rahatlıq verməyib. Hərbiçi dostlarının dediyinə görə Mirzə həmişə ön cəbhəyə can atırdı. Müharibə olacağına, qələbəmizə də inanırdı. Savaşda öndə olmağı arzulayırmış Mirzə.
Aprel döyüşlərində də Mirzə Axundov az igidlik göstərməyib, mərdliklə döyüşüb. Öz peşəkarlığı ilə həmişə fərqlənib Mirzə.
2019-cu ildə hərbi xidmət yeri Tərtər rayonuna dəyişdirilib.
Xidmət müddətində “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”(26.06.2008), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”(26.06.2013), “Azərbaycan Ordusunun 100 illiyi”(2018) yubiley medalları, “Qüsursuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medallları ilə təltif olunub.
Ölümündən sonra vətənə qüsursuz xidmət edən Mirzə Axundov “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda” medallarına layiq görülüb.
Hal-hazırda təqaüddə olan XTQ –in baş giziri Valeh Aslanovla Astara şəhidi Ramin Əliyev haqqında yazı yazarkən tanış oldum. Valeh Bəşir oğlu da 44 günlük müharibənin igidlərindəndir. Bütün döyüşçülər, zabitlər, şəhid olanlardan ürəklə, fəxrlə söhbət açır, onların hamısı haqqında danışmaq, onları tanıtmaq istəyir. Tanıdığı, onunla birlikdə olanlar, olmayanlar haqqında yazılmasını arzulayır. Müharibənin hər bir əsgəri onun üçün qəhrəmandı. Haqlıdır Valeh. “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülüb.
Suqovuşan uğrunda döyüşlər gedirdi. Demək olar ki, Suqovuşan azad edilmişdi. Mirzə elə igidliklə döyüşürdü, ifadə etməyə söz tapmıram. Düşmən minamyotları susmurdu. Sığınacağa keçməli olduq. Belə təhlükəli vaxtda da döyüşməkdən çəkinmirdi. O şəraitdə günorta vaxtı bizə yemək gətirdi. Özü yemədi. Dedik sən də otur, oturmadı. “Nəsə sıxılıram, bir az havaya çıxım”- deyib sığınacaqdan çıxdı. Bir dəqiqə otura bilmirdi, bir an belə silahı yerə qoya bilmirdi. O döyüşlərdə də şəhid oldu...
Üç övladı var: Zərifə adlı qızı, Ağamusa və Ağasəlim adlı iki oğlu. Böyük oğlu Ağamusa atası kimi hərbiçi olmağı arzulayır.
Xanımı Sübnazla söhbətləşirəm: Uşaqlıqdan sevmişik bir-birimizi. 9-10 yaşımız vardı. Mirzə həmişə arxamca gəzirdi. Hara getsəm, orda olardı. Məktəbliykən nişanlandıq. O hərbiçi olmaq istədi. Ona görə 2004-cü ildə ailə qurduq. Bizim sevgimiz illərin sınağından çıxdı. O qədər diqqətli, məsuliyyətli, sevgi dolu həyat yoldaşı, ata idi. Hər şeydən öncə mənim ən sadiq dostum idi. Uşaq vaxtından başlayan bu dostluq sonunacan davam etdi. Həmişə şən olardı, gülərüzlü idi, amma hər işində ciddiydi. Mənim, uşaqların ən kiçik bir istəyinə ciddi yanaşar, mütləq yerinə yetirərdi. 4 il idi döyüş bölgəsinə keçmişdi. Tez-tez mənə “evin kişisi” deyərdi. “Elə demə” deyirdim. “Bu evin yükünü sən daha çox daşıyırsan”- cavabı bu olurdu.
Axırıncı dəfə evə gələndə elə bil nəsə demək istəyirdi, mən imkan vermirdim. Bircə bunu dedi ki, Sübhü, sən yaxşı anasan, sənə arxayınam. Bilirəm ki, mənə bir şey olsa, övladlarımızi ləyaqətli böyüdəcəksən. Kövrəldim. ..Müharibə olacağını bilirmiş, sonra anladım. Hərbiçi olduğundan evdə az olurdu, həmişə həsrətini çəkirdik. Ömürlük həsrət qaldım...
Mirzə Axundovun döyüş yoldaşlarını dinləyəndə gözündə bir qəhrəman da ucalır: Qaygıkeş ata, sədaqətli həyat yoldaşı olan əsil vətəndaş, əsil hərbiçi. Torpaqlarımızın azadlığı uğruna canından keçməyə hazır olan daha bir oğul.
Hərbiyə bir məqsədlə getmişdi Mirzə: Torpaqların azadlığı uğrunda mən də savaşmalıyam. Taleyimdə bu yolda şəhid olmaq olsa da.
Belə amalla yaşayan igidlərimiz o qara siyahını tariximizdən silib, öz adlarını yazdılar.
Kəmalə Abıyeva