Ankarada keçirilən film müsabiqəsində azərbaycanlı təmsilçilər mükafatlandırılıb

Türkiyədə keçirilən 14-cü Beynəlxalq Qısametrajlı Film Müsabiqəsinin mükafatları təqdim edilib. Müsabiqədə azərbaycanlı sənətçilər də qaliblər arasında yer alıb.
MANERA.AZ xəbər verir ki, müsabiqə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və HAK-İŞ Konfederasiyasının 50 illik fəaliyyətini əhatə edən mədəni layihə çərçivəsində təşkil olunub. Mükafatlandırma mərasimi Ankaradakı “Hilton” otelində keçirilib.
Tədbirdə dövlət və özəl sektor nümayəndələri, həmkarlar ittifaqları təmsilçiləri, siyasətçilər, QHT rəhbərləri, elm və mədəniyyət xadimləri, həmçinin media nümayəndələri iştirak ediblər. Müsabiqənin əsas məqsədi əməyin mədəniyyət və incəsənət vasitəsilə təqdim olunması, əmək mövzusunda yaradıcı yanaşmaların dəstəklənməsidir.
HAK-İŞ Konfederasiyasının rəhbəri Mahmut Arslan çıxış edib. M. Arslan bildirib ki, mədəniyyət və incəsənət fəaliyyətləri birlik hərəkatına yeni baxış gətirir və qısametrajlı film müsabiqəsi bu yanaşmanın mühüm tərkib hissəsidir.
Mükafatlandırma zamanı müsabiqəyə 118 ölkədən 4106 rejissor və film istehsalçısı müraciət etdiyi, filmlərin Türkiyə, Azərbaycan, İran, Hindistan, Braziliya, Çin, Almaniya, Fransa, İspaniya və Rusiya kimi geniş coğrafiyasını əhatə etdiyi vurğulanıb.
Beynəlxalq kateqoriyada qaliblər aşağıdakılar üzrə müəyyən olunub:
• Birinci mükafat: “Kod Qırmızı” – Mınu Taheri (İran)
• İkinci mükafat: “Yarım Polad” – Cavid Səmədov (Azərbaycan)
• Üçüncü mükafat: “Hədiyyə Sənəti” – Mikael Kutyure (İndoneziya)
Xüsusi mükafat: “Nəcazibədarlar” – Zuhair Necati Çelik (Fransa)[i][/i]
Digər bir nominasiyada Türkiyədə müxtəlif seriallarda uğurla çıxış edən azərbaycanlı aktrisa Məlahət Abbasova “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Mərasim zamanı Azərbaycanın Qarabağ qazisi Polad Rzayevin həyatına həsr olunmuş qısametrajlı film də nümayiş etdirilib. Qarabağ müharibəsində hər iki ayağını itirən, lakin mübariz ruhu və həyat eşqi ilə yenidən hayata bağlanan Polad Rzayev haqqında film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında xalqların dünyada mədəniyyət və incəsənət vasitəsilə tanındığını, müsabiqə çərçivəsində təqdim olunan filmlərin isə yüksək bədii və sosial məzmunu ilə seçildiyini vurğulayıb. Samir Abbasov həmçinin qalibləri təbrik edərək, bu cür layihələrin yeni istedadların üzə çıxmasına və sənətə dəyər verilməsinə mühüm töhfə olduğunu qeyd edib.
"Əməyə hörmət" mövzusunda keçirilən 14-cü Beynəlxalq Qısametrajlı Film Mükafatlandırma Mərasimi iştirakçıların ailə fotosu ilə başa çatıb.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.