Sənə nə olursa o qızdan olur - Yeni şeirlər

MANERA.AZ Elşən Mehdinin yeni şeirlərini təqdim edir.
* * *
Əzbərçi savadımı susqunluq əvəzlədi,
Əvvəl deyirdim, sonra bildim, Allah kərimdi,
İndi bildim, qocalar dərdin niyə gizlədir,
Həyat yaşadığımdan başa düşdüklərimdi…
Sahillər uzandıqca sakinlər tox yatırlar,
Dənizə tor atırlar, balıq oldu-olmadı.
Həqiqət bir yoldursa, dayananlar çatırlar –
Qismət göydən düşən yox, yerdən bitən almadı.
Sözü sehr bilmirəm, hardasa dörd-beş ildi,
Bint bağlayan yaşımdı gözü bağlı yarama,
Üç nöqtələr azaldı, suallar dəyişildi:
“Necə ağlayıram?”dan “Niyə ağlayıram?”a…
* * *
Poçtalyon xoş xəbərçün qapıları döyürdü,
Saçı ağaranların çoxu namaz qılırdı,
Uşaqlar ağaclarda hər fəsil böyüyürdü,
Pul necəsə olurdu, hardansa tapılırdı…
Sonra necə oldusa, insan evdə darıxdı,
Səmasında şəhərin qara bayquş göründü,
Adını bilmədiyim qonşular üzə çıxdı,
Xəbərlərə inanan sonuncu nənə öldü…
Yaşlı kişi görürəm, yuxudur elə bil ki,
Nə rahibdi kilsədə, nə məsciddə nasehdi;
Üç-dörd saat danışır, axırda da deyir ki,
Bağışlayın, cənablar, coğrafiya taledi…
Nə dünya dəyişəcək, nə güldüyüm adamlar,
Mən bu hekayələri hardansa tanıyıram,
Talesiz ölkələrin yorğun aydınlarına
Göyərçin qanadında yuxu arzulayıram…
* * *
Əbil əmi yaxşı hasar hörürdü,
Əlləri də elə bil ki, daşıydı.
Nə versələr, nə iş olsa görürdü,
Oturanda yuxuluyan yaşıydı.
Qartopuydu uşaqlıqda sevinci,
Cavanlığı elə bil ki yuxuydu.
Dindirməsən, danışmazdı birinci,
Salamdan da başqa sözü yoxuydu.
Nə kiməsə turşudurdu üzünü,
Nə canının qayğısına qalırdı.
Günəşdən də qorumurdu özünü,
Boz pencəyi qırmızıya çalırdı.
Xəbər düşdü Əbil əmi keçinib,
Qonşuları ehsanını yedilər.
Boz pencəyin bir qolunu geyinib,
Çay süzürmüş öz yasında dedilər.
* * *
Gözlərin qapıya dəysə, qayıtsa,
Əllərin kitabın içində yatsa.
Dostun evinizin yolun unutsa,
Payızdı deməli, payızdan olur.
Od vursa zibilçi quru xəzələ,
Görsən ayrılanlar gəzir əl-ələ.
Qəfil inansan ki, sevirsən hələ,
Payızdı deməli, payızdan olur.
Qonşu çörək qırıb dama tökürsə,
Yemək soyuq gəlir, çay gecikirsə.
Siqaret kofedən uzun çəkirsə,
Payızdı deməli, payızdan olur.
Sən də yazıq dostum, dərdin qurtarmır,
Heçnə bu həsrəti yuyub aparmır,
Yağışdan adamın gözü qızarmır,
Sənə nə olursa o qızdan olur.
O qıza nə olsa payızdan olur.
* * *
Mənə deyirdilər yaxşı olacaq,
Yaxşı olanacan, yaxşı ol ancaq.
Bir zikr var idi, onu deyirdim,
Mən inam sözünü hiss eləyirdim,
Mən Allah deyəndə əlim əsirdi.
Yaşadım gəncliyi bitirən yaşı,
Arzuyla yanaşı, işlə yanaşı,
Yaşadım dərdimi axıra qədər,
Dərd də elə bil ki, tərəzi daşı,
Tullasam deyərlər adam aldadır.
Yola çıxdıqlarım itib-batdılar,
Şükür, qalanları salamatdılar,
Məni yad adamlar oda atdılar,
Dostlarım olsaydı bağışlayardım.
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.