manera.az
manera.az

Üfüqlər xəyaldı, sahillər gerçək... - Yeni şeirlər

Üfüqlər xəyaldı, sahillər gerçək... - Yeni şeirlər
MANERA.AZ Əkbər Qoşalının yeni şeirlərini təqdim edir.

* * *
Dəniz üstdən ötür dolmuş buludlar
Kim bilir hirsini hara tökəcək...
Əlim qaşım üstə, fikrim uzaqda,
Üfüqlər xəyaldı, sahillər gerçək...

Sahil dolur-daşır insanla bəzən
Yaşlı qayğılar var, gənc əyləncələr...
Fikri dağıtsa da körpə ləpələr,
Hamı burdan evə yorğun dönəcək...
Üfüqlər xəyaldı, sahillər gerçək...

Sahillər qocalır, sular gəncləşir,
Görərsən yorurmu sahili dəniz?..
Neçə ki sahil var, neçə ki dəniz,
Onların sevdası heç bitməyəcək...

Balıqqulağı var burda bu qədər,
Burda pıçıltı da sirr qala bilməz...
Yerin qulağı var - belə deyiblər -
Yəqin ki buranı görüb deyiblər...
Hamı əvvəl-axır burdan keçəcək.
Üfüqlər xəyaldı, sahillər gerçək...
Nabran, 27.07.2024



* * *
Sahil adam kimi dalıb dənizə,
Arabir qırağa çıxır yosunlar.
Dizini qatlasa sahil bir azca,
Sular bir qıraqda göl-göl balalar...

Hər sahilə gələn sahilmi bilir?..
Hər dənizə girən dənizçi deyil;
Göz torpaqdan doymur, dənizdən bezmir -
Yəqin, Nuhdan qalma bir adət olar...

Kimsə ocaq çatıb - günü ağ olsun,
Bir də ağ çadır var - quran sağ olsun!
Gündüz əlimizdə gur çıraq olsun,
Atalar sözüdür: arayan bular...

Hər su qırağına sahil deyilmir...
Nə dəniz, nə sahil söz bitirməyir...
Odur, könül alır ya könül verir,
Könlün qıt vaxtında
bu,
nə xoş bazar...
Arabir qırağa çıxır yosunlar...
Nabran, 28.07.2024



* * *
Dəniz qovur istini,
Öz istim yetər, deyir –
Nə günəş yox olacaq,
Nə Xəzər itər – deyir.

Sahildə nə hikmət var? –
Fikirlilər axışar
hər axşam-səhər, deyir;
Özüm də darıxıram –
Adamdan betər, deyir…

Hər sahilə gəlişim
Özümdən qaçışımdır;
Dodağımdı dalğalar –
Qara torpaq, ağ alın,
İzn ver, öpüm – deyir…

Dəniz-Torpaq sevgisi
Heç zaman bitən deyil.
Tanrı verib bu hökmü,
Qiyamət günündə də
O hökm keçər – deyir.

Bu da şair alxışı:
Dalğana təpər! – deyir.

O qədər öyrəşmişik –
Mən əl edib gedirəm,
Şahə qalxır dalğalar,
Mənə elə gəlir ki,
uzaqdan “Əkbər!..” deyir…



* * *
Dənizi dinləyirəm,
Nə danışır bilmirəm.
Mən dağ dili bilirəm,
Çöl dilini bilirəm.
Çəməndə gül bilirəm,
Dəniz dili bilmirəm.

Dənizi dinləyirəm,
Nə danışır bilmirəm.
İnsan bilmədiklərin
Öyrənməyə aşina.
Bəlkə, ona görə də
Dəniz öyrədən olub,
Dağlarsa dərd ortağım…

Dağlardan qopan çaylar
Dinləyib dərdimizi.
Yuxumuzu dinləyib,
Nə ki gizlinimiz var,
Sulara danışmışıq…
Dərdimiz yüngülləşib,
Necə dərdlər yüklənib.
Nə yuxular eşidib,
Dənizə qaçıb çaylar.

Bizim bütün çayların
Son ünvanı Xəzərdi...

Dədəmiz-babamız da
Hey axın eləyiblər
Dağlardan dənizlərə.
Yoxsa öz sirlərinin,
yoxsa yuxularının
ardınca at çapıblar.
Atlarının ayağı
dənizə dəyməyincə
dinməyibdi ulular.

Harda dəniz vardısa,
Bir türk at çapıb ora,
Bir çay dərd daşıyıbdır
O dənizə, əminəm.
Yuxumuzun dalınca
gəlmişik dənizlərə.
Qabarırsa dənizlər,
Yuxunu xeyrə yozub,
Sakit ləpələyirsə,
qaramatı itirir.
Dəniz ana kimidir –
Ata Dağlar sussa da,
Ana gah layla çalar,
Gah əsib-coşub susar…

Dənizi dinləyirəm,
Dinləyib öyrənirəm.

Yuxumuzun ardınca
sənə gəlmişik, dəniz!

Urmu gölünün öyküsü

Adıma Urmu derlər,
Suyum göyə çəkilib...
Göllüyüm qeyb olsa da,
Yenə quru göllərin ən gözəli özüməm.
Türküstan talesizi
Aralın bacısıyam;
O daha tez qurudu -
Məhşərə hazırlaşır
atamqızı, elə bil...

Ən uzaq yaddaşımdan süzülüb gələnləri
danışım, qoy qalmasın -
Min illər öncəydi - biz ayrılanda
Aral sağ əlini çəkdi başıma
Başıma gələnə bax -
Min illər sonradı
indi biz ikimiz də quruyuruq,
quruyuruq...
Nə mənim Acıçayım,
nə də bacım Aralın
Ceyhun ilə Seyhunu
su daşımır dağlardan...

Xəzərə də əl çatmır...
Araz boynuburuqdu...

Aralın da mənimtək
gəmiləri pas atır...
Tanrının işinə bax -
Duzlu su çürütməyən gəmilər indi bir-bir
susuzluqdan qəhr olur...
Elə bil dil bilirlər,
Elə bil göl bilirlər...
Göl vardımı bizimtək?..

Siz, ey zalim göllərin ən zalim gəmiləri,
Sirdaşınız kim olsun?..
Kölgənizə yığışıb
əsnək vurur dəvələr.

Balıqlar üzüşərdi böyrünüzdə ilmüdam,
Bəlkə mən bilməyirəm,
Balıqlar dəvə olub?
Bircə onu bilirəm
dəvələr balıq olmaz...

Qanadsızdı dəvələr,
Dəvələr dözümlüdü.
Dözəcəklər, dözəcəklər,
Bizim
son qətrəmiz də quruyan gün -
baxarsız,
Qanad çıxaracaqdır
Kölgədəki dəvələr.
İnanın, düz sözümdü...

Xəzərə əlim çatmır...
24.07.2024


Baxış sayı - 265 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031