“Əsli və Kərəm” operası yeni Əsli ilə - Fotolar

Opera studiyasında Azərbaycan musiqi mədəniyyətinin nadir incilərindən olan “Əsli və Kərəm” operası tamaşaçılara təqdim edilib.
MANERA.AZ xəbər verir ki, budəfəki səhnələşdirmədə Əsli rolunu Opera və Balet Teatrının gənc solisti Gülzar Fərəcova, Kərəm rolunu isə Əməkdar artist Elnur Zeynalov ifa edib. Digər rollarda Taleh Yahyayev (Keşiş), Əməkdar artist İlkin Əhmədov (Şah), Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx), Pərviz Verdiyev (Paşa) və Əməkdar artist Elxan Mansurov (Solo tarda) çıxış ediblər. Solistləri tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xoreoqrafı isə Xalq artisti Mədinə Əliyevadır.
Operanın Azərbaycan xalq dastanının motivləri əsasında yazılmış librettosunun müəllifi də Üzeyir Hacıbəylidir. Hazırda teatrın repertuarında nümayiş olunan opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2011-ci ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən səhnələşdirilib.
Xatırladaq ki, bu günədək Əsli rolunu Zeynəb Xanlarova, Gülxar Həsənova, Qəndab Quliyeva, Rəsmiyyə Sadıqova, Səkimə İsmayılova, Vüsalə Musayeva, Rəvanə Əmiraslanlı, Arzu Əliyeva, Sədəf Budaqova, Kərəm rolunu isə Arif Babayev, Qulu Əsgərov, Canəli Əkbərov, Baba Mahmudoğlu, İlkin Əhmədov, Elnur Zeynalov, Səbuhi İbayev, Məhəbbət Səfərov və digər sevilən ifaçılarımız canlandırıb.
Qeyd edək ki, “Əsli və Kərəm” operasının ilk rejissoru Hüseyn Ərəblinski, drijoru isə Üzeyir Hacıbəyli özü olub. İlk Əsli Əhməd Ağdamski, Kərəm isə Hüseynqulu Sarabski idi. 1912-ci il mayın 18-dəki ilk təqdimatından 113 il keçsə də, “Əsli və Kərəm” bu gün də böyük tamaşaçı rəğbəti ilə qarşılanır və uzun, maraqlı səhnə ömrü olan əsərlər sırasındadır. Üzeyir Hacıbəyli operanın mövzusunu Azərbaycan xalq dastanlarından və aşıq musiqisindən ilhamlanaraq yaradıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.