manera.az
manera.az

“Şəfəq” - ətrafa işıq səpələyən yeni bir çıraq

“Şəfəq” - ətrafa işıq səpələyən yeni bir çıraq
Məmmədhüseyn Əliyev – 100

Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycanın görkəmli yazıçısı, Əməkdar incəsənət xadimi, 1960-cı ildən Azərbaycan Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) üzvü olan Məmmədhüseyn Rüstəm oğlu Əliyev 28 aprel 1925-ci il tarixdə Lerik rayonunun Gürdəsər kəndində ruhani ailəsində anadan olmuşdur. 1940-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Lənkəran Pedaqoji Texnikumunda təşkil etdiyi Müəllimlik Kursuna göndərilmişdir. Kursu başa vurduqdan sonra Lerik rayon Gürdəsər kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Hazırda həmin məktəb Məmmədhüseyn Əliyevin adını daşıyır. Lerik rayonunun mərkəzi küçələrindən birinə də ədibin adı verilmişdir.

O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-fəlsəfə fakültəsini, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya-jurnalistika fakültəsini bitirmişdir. Təyinatla Lerik rayonuna göndərilmiş, Gürdəsər və Şingədulan kəndlərində məktəb direktoru vəzifəsində çalışmışdır. 1960-cı ildən Lənkəran rayonunun Təngivan və Digah kəndlərində məktəb direktoru, Lənkəran Tibb Texnikumunda müəllim, Lənkəran Pedaqoji Texnikumunda direktor müavini işləmişdir. 1959-cu ildən etibarən Lənkəran rayon və şəhər xalq deputatları sovetinə mütəmadi olaraq deputat, Azərbaycan Yazıçılar İttifaqının qurultaylarına nümayəndə seçilmişdir. 1974-1978-ci illərdə Lənkəran rayon yerli radio verilişləri redaksiyasının məsul redaktoru olmuşdur. 1978-ci ildə indiki Azərbaycan Yazıçılar Birliyi Lənkəran Zona Şöbəsinin məsul katibi seçilmiş, ömrünün sonunadək - 6 iyul 1994-cü il tarixədək bu vəzifədə çalışmışdır.

Məmmədhüseyn Əliyev yardıcılığa şeirlə başlasa da, sonralar nəsrə keçmiş, “Dağlar oğlu”, “Dağda bahar”, “Torpağın ətri”, “Döyüşən illər” romanları, bir çox povest və hekayələri ilə geniş oxucu rəğbəti qazanmışdır. Ədibin “Prokuror”, “Ana fəryadı”, “Kölgəli üz” pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. 1991-ci ildə “Şəfəq” jurnalının və eyniadlı ədəbi məclisin əsasını qoymuş, jurnalın redaktoru olmuşdur.

Adı çəkilən ədəbi-bədii toplunun ilk sayı 1991-ci ilin may ayında Lənkəran mətbəəsində çapdan çıxmışdır. “Ön söz”də oxuyuruq: “... Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran rayonlarında işləyən və yaşayan müəlliflərin ədəbi-bədii əsərləri bu məcmuədə çap ediləcəkdir.

İllərlə respublika mərkəzi jurnal və qəzetlərinin redaksiyalarına get-gəl edən yaradıcı ziyalılar məhz “Şəfəq” məcmuəsində istədiklərinə nail olacaq, bədii əsərlərini maneəsiz çap edə biləcəklər. Etiraf edilməlidir ki, bu ərazidə istedadlı müəlliflər çoxdur. Onların bir çoxu çətinliklə də olsa, respublika mətbuatında çap oluna bilir. Amma elələri də var ki, şəraitin çətinliyi, məsafənin uzaqlığı və digər ciddi səbəblərə görə göstərdikləri cəhdlər səmərəsiz olur, əsərlərini çap etdirə bilmir, bezikib ruhdan düşür və ədəbi aləmi tərk etməli olurlar. Beləliklə, onlarla istedad qayğısızlıq ucbatından sıradan çıxır, başqa səmtə yönəlir...”

Bəli, “Şəfəq”in redaktoru Məmmədhüseyn Əliyevin qeyd etdiyi kimi, jurnal ətrafa işıq səpələyən yeni bir çıraq kimi Cənub bölgəsı yazarlarının qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında mayak rolunu oynadı. Manşetdə “Zonamızın ədəbi istedadları, “Şəfəq”in ətrafına birləşin!” çağırışı həqiqətən də şair və yazıçıları bir araya topladı, onların ədəbi-bədii nümunələrinin işıq üzü görməsinə əlverişli şərait yaratdı.

İlk sayda “Ön söz”dən sonra Xalq yazıçısı Mirzə İbrahimovun və Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təbrik məktubları yer alıb. Mirzə müəllim yazır ki, “Şəfəq” jurnalı buraxmaq təşəbbüsünüz çox gözəldir, olduqca yaxşı təşəbbüsdür. Arzu edirəm “Şəfəq” Lənkəran yazıçılarının mübariz tribunası olsun, onları xalqımızın həyatını, istəklərini real cizgilər ilə əks edən əsərlər yazmağa ruhlandırsın...

Bu sözlər isə Xalq yazıçısı Anarın təbrikindəndir: “Ümid etmək olar ki, “Şəfəq” jurnalı Lənkəran Zona Şöbəsi ətrafında cəmləşən istedadlı ədəbi qüvvələrin yaradıcılığında mühüm rol oynayacaqdır”.

Jurnalın birinci sayı maraqlı tərtibatı ilə diqqəti cəlb edir. Belə ki, Lənkəran, Biləsuvar, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Neftçala, Astara şəhər və rayon partiya komitələrinin birinci katibləri Yaşar Rzayev, S. Xanməmmədov, F.Tağıyev, M.İbadov, H.Qəniyev, X.Əliyev, Ş.Hüseynov və Ə.Məmmədovun təbrik mətnlərindən sonra həmin rayonlarda yaşayan şair və yazıçıların ədəbi nümunələri yer alıb. Lənkəran üzrə Məmmədhüseyn Əliyev, İltifat Saleh, Kazım Kazımov, Gülağa Arıçı, Hacıhüseyn Vüqarlı, Qardaşxan Fərzi, Rəna Kərimova, Ə.Rüstəm və Samir Hüseynovun, Biləsuvar üzrə Muxtar İsmayıloğlu, Mətanət Poladova, Ağacan Ağayev və Firudin Həsənağanın, Yardımlı üzrə Sahib Əliyev, Fikrət Şahbazov, Ələsgər Cəfərov, Ülviyyə və Emil Məmmədin, Lerik üzrə Hacıməmməd, Nəzir Şaban və Balayar Sadiqin, Masallı üzrə Atəş Xanışov, Rəsul Rzayev və Novruz Xoşbəxtin, Cəlilabad üzrə Misir Alarlı və Hacıbala Əmirovun, Neftçala üzrə Soltan Abbas, Müzəffər Məzahim, Rasim İsgəndərov və Zabil Pərvizin, Astara üzrə Şahverən Cavad və Fərman Zöhraboğlunun rübai, şeir, hekayə, povest, resenziya və novellaları işıq üzü görmüşdür.

“Şəfəq” jurnalı ayda 4 dəfə nəşr olunurdu. Dərginin sonrakı saylarında nəsr və poeziya ilə yanaşı, “Dini keçmişimizdən”, “Talış səsi”, “Publisistika”, “Yazıçı və həyat” rubrikaları altında maraqlı, oxunaqlı məqalələr, publisistik yazılar da çap edilmişdir.

Jurnalın 1991-ci il 2-ci sayında Məmmədhüseyn Əliyevin ədəbi təxəllüsü olan Qaili Həqq imzası ilə çıxmış “Mirzə Məhəmmədhüseyn - imam axund kimdir?” sərlövhəli məqalə diqqəti cəlb edir. Müəllif yazır ki, Lənkəran şəhərində doğulub boya-başa çatmış Mirzə Məhəmmədhüseyn Axund uşaqlıqdan dinə və etiqada çox böyük ehtiras və məftunluqla həvəs göstərmiş, ilk təhsilini Lənkəran mədrəsəsində almış, sonralar İranın Ərdəbil və digər şəhərlərində təhsilini təkmilləşdirmiş, Tehran Dini Universitetinin Fiqh-məntiq şöbəsinə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. O, bütün insanları tərbiyəyə, dinə, imana, xeyirxahlığa səsləyirdi və özü də xeyirxahlığın bariz nümunəsi idi. Mirzənin nüfuz dairəsi Lənkəran qəzasını aşmışdı. Onu Azərbaycanın bütün guşələrində, İranda və İraqda da tanıyırdılar. Elm xadimləri, akademiklər, professorlar onunla çox müsahibə və dialoqlar aparırdılar...

“Şəfəq”in 1991-1994-cü illərdə Məmmədhüseyn Əliyevin redakrorluğu ilə nəşr olunmuş saylarını vərəqlədikcə Cənub bölgəsindən olan yaradıcı adamların - Aqil Yaqub, Tarif Əsgər (Astara), Hüccətulla Məmmədov, Sərraf Talıb, Ağamir Cavad, Oqtay Zəka, Məmməd Həbib, Əhməd Haqsevər (Lənkəran), Təyyar Mehraboğlu, Zöhrab Zevinli (Yardımlı), Rövşən İmanov (Lerik) və başqalarının imzaları ilə yanaşı, “Cənubdan səslər” rubrikası altında güney Azərbaycanda yaşayıb-yaradan soydaşlarımız Əlirza Bəndəlizadə, Mənuçehr Cavanşir, Nemət Həqiqi, Mənsur Bəniməcidi, Yusif Memar və Behruz Nemətullahinin də şeirlərinə rast gəlirik.

Jurnalın redaktor müavini Hacıməmməd Quluzadə, məsul katibi İltifat Saleh, sonralar Hüccətulla Məmmədov, rəssamı Məmmədsadıq Axundov olmuşdur. Allah hər birinə rəhmət eləsin!

Təəssüf ki, Məmmədhüseyn müəllim 1994-cü ildə dünyasını dəyişdikdən sonra jurnalın nəşri müvəqqəti olaraq dayandırılmışdır. Bu barədə məlumat verən “Lerik” qəzetinin ictimai müxbiri Xalıq Əbutalıboğlu bildirir ki, yalnız 3 ildən sonra, 1997-ci ilin iyun ayında jurnal yenidən qeydiyyatdan keçmiş və fəaliyyətinə davam etməyə başlamışdır. Bu mərhələdə 56 səhifəlik dərginin baş redaktoru jazıçı-jurnalist Hacıməmməd Quluzadə, məsul katibi isə jurnalist İdris Şükürlü olmuşdur.

Hacıməmməd müəllimin vəfatından sonra da jurnal uzun müddət çapdan çıxmamışdır. Yalnız yazıçı-dramaturq Qafar Cəfərli 2020-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinə sədr təyin ediləndən sonra “Şəfəq”in fəaliyyəti yenidən bərpa olunmuşdur. Jurnalın baş redaktoru Qafar Cəfərli, redaktor müavini Ağamir Cavad, məsul katibi Xatirə Xatundur. Bu ədəbi-bədii toplu ildə 4 dəfə, rəngli və nəfis tərtibatda, yüksək poliqrafik üsulla, daxili imkanlar hesabına işıq üzü görür. Maraqlıdır ki, “Şəfəq” AYB-nin 22 bölməsi arasında yeganə mətbu orqanı kimi Cənub bölgəsinin ədəbi-mədəni həyatında mühüm rol oynayır.

“Lerik” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İdris Şükürlü yazır: “Şəfəq” adlı məcmuə təkcə bir jurnal deyildi, o, eyni zamanda, Cənub ədəbi mühitinin günəşi idi, istedadlı qələm sahiblərinin səsinə çevrilmişdi. O “Şəfəq” ki, illərin sükutundan sonra yenidən doğuldu, yenidən parlaqlığını qazandı. Məmmədhüseyn Əliyevin sözü bu gün də oxucuların qəlbində şəfəq kimi doğur, parlayır”.

Ədibin böyük oğlu, həkim Ənvər Rüstəmov söhbət zamanı bildirdi:

- Bu il atamın 100 illik yubileyi təntənə ilə qeyd edilir. Tədbirlərə ilk dəfə Lerik rayonunda start verildi. Sonra Lənkəran Dövlət Dram Teatrında yazıçının “Kölgəli üz” pyesinin premyerası oldu, tamaşa anşlaqla keçdi. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda əlamətdar yubiley münasibətilə maraqlı tədbir düzənləndi. AMEA Lənkəran Regional Elmi Mərkəzində elmi seminarın, Masallı şəhərində isə yekun tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur. Yeri gəlmişkən, qeyd edim ki, Lənkəran şəhərində Məmmədhüseyn Əliyevin adının əbədiləşdirilməsi məqsədilə şəhər İcra hakimiyyətinə yazılı şəkildə müraciət etmişəm. Bu istiqamətdə müvafiq addımlar atılır. Lap bu yaxınlarda isə atamın arxivini araşdırarkən bir povestinin, xeyli hekayəsinin və “Bəyaz qadın” adlı pyesinin əlyazmalarını tapmışam. Onları səliqə-sahmana saldıqdan sonra çapına çalışacağam.

... Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, hamının DAĞLAR OĞLU kimi səciyyələndirdiyi Məmmədhüseyn Əliyev yüz illər keçsə də, əzəməti, müdrikliyi, cəsarəti, mübarizliyi, mətinliyi, humanizmi, ağayana yerişi, duruşu ... ilə qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq!..

25 noyabr 2025

İltifat ƏHMƏDOV,
AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.


Baxış sayı - 263 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031