Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Teatrlar Baş İdarəsi Azərbaycan dramaturqlarının bir sıra əsərlərinin Türkiyə səhnələrində nümayişi ilə bağlı yeni qərar qəbul edib. Bu çərçivədə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Ankarada görüş keçirilib.Manera.az xəbər verir ki, Azərbaycan dramaturgiyasının Türkiyə teatr mühitinə inteqrasiyasını nəzərdə tutan yeni əməkdaşlıq razılaşması Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov və
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Teatrlar Baş İdarəsinin rəhbəri Tamer Karadağlı arasında keçirilən görüşdə əldə edilib.
Görüş zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türkiyə türkcəsinə tərcümə edilən
“Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri”, “Cəfər Cabbarlının teatr əsərləri” və Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc (Göytürklər)” pyesi Türkiyə teatrlarının Ədəbiyyat Qurumuna təqdim olunub.
Teatrlar Baş İdarəsi, eyni zamanda,
Hüseyn Cavidin “İblis”, Elçin Əfəndiyevin “Qatil” və “Arılar arasında” əsərlərinin də Nazirliyin Ədəbiyyat Qurumu tərəfindən təsdiqlənərək ölkənin müxtəlif teatrlarında səhnələşdirilməsi üçün tövsiyə olunduğunu açıqlayıb.
Tərəflər görüşdə teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin hazırlanması və iki ölkə arasında mədəni əlaqələrin səhnə sənəti vasitəsilə daha da gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıblar.
Baxış sayı - 249 |
Yüklənmə tarixi: 25.11.2025 09:56