Türkiyə ilə kino sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
İyunun 26-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Manera.az-a bildirilib ki, görüşdə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino İdarəsinin baş direktoru Erkin Yılmaz, Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, həmçinin hər iki ölkənin nazirliklərinin məsul şəxsləri iştirak ediblər.
Görüş zamanı kino sahəsində Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində tarixi Zəfərə və Qarabağa həsr olunan müştərək filmlərin, serialların istehsalı, birgə film festivallarının keçirilməsi, hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Həmçinin, Türkiyə - Azərbaycan müştərək layihəsi olan “Fulya” filmindən söz açılıb və filmin çəkilişlərinə artıq başlanıldığı bildirilib.