Azərbaycan dilinin, milli mədəniyyətinin Türkiyədə təbliği məsələləri müzakirə edilib

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov və Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankaradakı Qazi Universitetində fəaliyyət göstərən “Azərbaycan Dilinin Tədris Ocağı”nı ziyarət ediblər.
Qonaqlara keçirilən görüşdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dilinin, milli mədəniyyətinin Türkiyədə təbliği məqsədi ilə görülən işlər, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib, Azərbaycan Dillər Universiteti, AMEA-nın Folklor İnstitutu, Atatürk Mərkəzi ilə ortaq layihələr barədə təkliflərlə çıxış edib. 
Azərbaycan Dillər Universiteti ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi arasında Azərbaycan dilinin daha sistemli və genişmiqyaslı tədrisinin təşkili, bu istiqamətdə təcrübə mübadiləsi, dilin öyrənilməsi üçün elmi-metodik vəsaitlərin hazırlanması, ustad dərslərin təşkili, Azərbaycan-Türkiyə arasında terminoloji lüğətlərin hazırlanması, Azərbaycan dili kurslarında fərqlənən tələbələrin Azərbaycan Dillər Universitetinin Yay məktəblərində iştirakı, eləcə də Qazi Universiteti ilə əməkdaşlıq, Türk dünyasının ortaq mədəniyyəti və dəyərlərini əks etdirən layihələrin həyata keçirilməsi müzakirə olunub və əməkdaşlığa dair razılıq əldə olunub. 
Görüşdə Qazi Universitetindən prorektoru Prof. Dr. Selami Candan, Qazi Təhsil Fakültəsinin dekan müavini prof. Dr. Serçin Karataş, Türk mədəniyyətinin Araşdırma Mərkəzinin müdir müavini, prof. Dr. İsmet Çetin, Azərbaycan Türkcəsi Tədris Ocağının müəllimi Dr. Şəhla İbişova da iştirak ediblər. 
Görüşün sonunda Prof. Dr. Kamal Abdulla müəllifi olduğu kitabları Azərbaycan Türkcəsi Tədris Ocağının kitabxanasına təqdim edib.


 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.