manera.az
manera.az

Türkiyədə tələbələrin Azərbaycan dili bacarıqları qiymətləndirildi - İlk buraxılış

📅 24.09.2025 15:33

Türkiyədə tələbələrin Azərbaycan dili bacarıqları qiymətləndirildi - İlk buraxılış
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankaradakı Qazi Universitetində yaradılmış Azərbaycan dilinin Tədrisi Ocağında təşkil edilmiş Azərbaycan dili kurslarının iştirakçılarının yekun qiymətləndirilməsi həyata keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, qardaş Türkiyədə Azərbaycan dilinin təbliği məqsədi ilə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr haqqında məlumat verib.

O, kursların əhəmiyyətini vurğulayaraq, ona marağın böyük olduğunu qeyd edərək, onun gələcəkdə təkmilləşdirilərək, başlanğıc səviyyə ilə yanaşı, digər səviyyələrdə təşkil olunacağını qeyd edib. S.Abbasov kurs iştirakçılarının bütün əyani vasitələrlə təmin edildiyini, Ocaqda Azərbaycan ədəbiyyatı ilə bağlı kitabxananın yaradıldığını bildirib.

Daha sonra Qazi Universitetinin Türk dünyası Araşdırmalar və Uyğulama Mərkəzinin müdiri, Prof. Bülent Aksoy Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətləri haqqında danışaraq, Türkiyədə ilk dəfə olaraq yüksək səviyyədə təşkil edilən, Azərbaycan dilinin sistemli öyrədilməsi üzrə Ocağın fəaliyyətini yüksək qiymətləndirib.
O, dil kurslarının Türk dünyasının zəngin mədəniyyəti, ədəbiyyatı ilə seçilən qardaş Azərbaycanın daha dərindən öyrənilməsinə imkan yaratdığını qeyd edərək Azərbaycan dövlətinə təşəkkür edib.

Azərbaycan dili kurslarını həyata keçirən pedaqoq Dr. Şəhla İbişova başlanğıc olaraq altı ay müddətinə nəzərdə tutulmuş kurslara marağın böyük olduğunu, ümumilikdə 32 nəfərin Azərbaycan dili kurslarını uğurla tamamladığını qeyd edib. O, həmçinin gələcəkdə müxtəlif səviyyələr üzrə kursların təşkilinin nəzərdə tutulduğunu qeyd edib.

Qeyd edək ki, kurs iştirakçıları dərslərdə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyət sahəsi haqqında dolğun məlumatları əldə edirlər. Həmçinin, dərslərdə informasiya texnologiyalarından istifadə edilir, dialoqlar və filmlərlə baxış və müzakirəsi təşkil olunur.

Çıxışlardan sonra Azərbaycan dili kurslarının iştirakçılarının yekun qiymətləndirilməsi həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ana dilimizin təbliği istiqamətində layihələr həyata keçirirlər.








Baxış sayı - 268 | Yüklənmə tarixi: 24.09.2025 15:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031