manera.az
manera.az

Nizaminin “Xəmsə”si orijinaldan türk dilinə tərcümə olunacaq

Nizaminin “Xəmsə”si orijinaldan türk dilinə tərcümə olunacaq
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliğini həyata keçirmək məqsədilə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşri layihəsinə start verib.

Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan - farscadan türk dilinə tərcüməsi məqsədilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Ərzurum Atatürk Universiteti Fars Dili və Ədəbiyyatı bölümünün müdiri, professor, doktor, tərcüməçi Nimet Yıldırım arasında müqavilə imzalanıb.

Bu barədə MANERA.AZ-a Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

Müqaviləyə əsasən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ilk dəfə olaraq orijinaldan, nəzm formasında, ilkin mənbələr və əlyazmalar əsasında əruz vəzninin tələbləri yerinə yetirilməklə “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərləri akademik səviyyədə türk dilinə tərcümə edilərək nəşr olunacaqdır.

Tərcüməçi Nimet Yıldırım “İskəndərnamə” əsərinin əvvəlki illərdə tərcüməsini həyata keçirib və əsər 2022-ci ildə türkcə nəşr olunub.

Lakin Azərbaycan Mədəniyyət Mərkəzi Nizami Gəncəvi əsərlərinə Türkiyədə türk dilində böyük tələbatın olduğunu nəzərə alaraq, “İskəndərnamə” əsərinin də “Xəmsə”yə daxil edilərək yeni buraxılışda nəşrini planlaşdırır.

Yekunda isə Azərbaycan Mədəniyyət Mərkəzi “Xəmsə”nin toplu halında Türkiyədə xüsusi nəşrini reallaşdırılacaqdır.

İmzalanma mərasimində Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövlətinin daim Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə mühüm önəm verdiyini qeyd edərək, 2021-ci ildə dahi şair və mütəfəkkirin 880 illiyi münasibətilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini vurğulayıb.
Nizaminin “Xəmsə”si orijinaldan türk dilinə tərcümə olunacaq
Tərcüməçi-alim Nimet Yıldırım dahi Azərbaycan şairi, bəşər ədəbiyyatının zirvəsi sayılan Nizami Gəncəvinin “Xəmsə”nə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsinin ona həvalə edildiyi üçün Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O, Türk dünyasının qüruru olan Nizami Gəncəvi əsərlərinin çox az sayda türk dilinə tərcümə edildiyini və bu səbəbdən dünyaşöhrətli şairin qardaş ölkədə geniş tanıdılması və təbliğinə ciddi ehtiyac olduğunu qeyd edib.

Nimet Yıldırım Nizami Gəncəvi əsərlərinin tərcüməsinin həyata keçirməyin olduqca çətin, şərəfli və məsuliyyətli iş olduğunu qeyd edərək, bu təkrarsız layihəyə imza atdığına görə özünü xoşbəxt saydığını bildirib.

Qeyd edək ki, Nizami Gəncəvinin “Xəmsə”si türkiyəli tərcüməçi Yurtseven Şen tərəfindən 2016-cı ildə Azərbaycancadan türkcəyə ixtisarlarla tərcümə edilərək nəşr olunub.

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvinin “Xəmsə”si dünyanın müxtəlif dillərinə tərcüməsi həyata keçirilir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Xalq şairi Camal Kamal “Xəmsə”ni 2015-2020-ci illərdə orijinaldan özbək dilinə tərcümə edib və xüsusi nəşrlə buraxılıb. Bundan başqa, nazirliyin layihəsi ilə 2021-2023-cü illərdə misirli professor Abdelaziz Mostafa Mohamed Bakuşi Nizami Gəncəvinin “Xəmsə”sini ərəb dilinə tərcüməsini həyata keçirib və yaxın günlərdə sözügedən nəşrin də çapı nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31