Nə qədər yaxınsan, o qədər uzaq - Xəlil Mirzənin şeirləri
MANERA.AZ Xəlil Mirzənin şeirlərini təqdim edir.
Qoşa yaşadırıq bir dərdimizi
Nə qədər yaxınsan, o qədər uzaq,
Mənsə xəyallarda azmış yalquzaq.
Qapını döyməyə cəsarətim yox,
Mənə pəncərənə baxmaq qalacaq.
Bir zaman kəsiyi ayırır bizi,
Tapıb itirmişik bir-birimizi.
Elə bir sədd vardır aramızda ki,
Nə mən dağ adlaram, nə sən dənizi.
Sənin öz həyatın, öz qayğıların,
Mənim öz taleyim, öz duyğularım.
Nə sən bu qismətə dönən deyilsən,
Nə mən ola bilməm bəxtin açarı.
Belə yaşayırıq öz ömrümüzü,
Nə bir kimsə anır, nə duyur bizi.
Bu da bir yazıdır, bu da bir düzüm,
Qoşa yaşadırırq bir dərdimizi.
20.08.25
Qarışdım ayrılığa
Hər gün kədər, iztirab...
Sevda hara, mən hara.
Həmdəmim qəmli şərab-
Girişdim ayrılığa.
Uzaqlaşdım dəmbə-dəm,
Xülyadan, əngillikdən.
O sənli sənsizlikdən
Sürüşdüm ayrılığa.
Ən ümdə arzu kimi
Axdım dərdə su kimi.
Yoxa tamarzı kimi
Yaraşdım ayrılığa.
Ömür bitənə qədər,
Nə vaxt bildim, nə qədər.
Ağlım itənə qədər
Öyrəşdim ayrılığa.
Taleyə "gülə-gülə"
Əridim gilə-gilə.
Nə gülşənə, nə gülə-
Qarışdım ayrılığa...
08.04.25
Eşqimizə
Bu son görüş oldu, qərar verən sən,
Bu gündən qoydun sən son eşqimizə.
Parladı Gün kimi, soldu gül kimi,
Can, min kərə can, can eşqimizə.
Bu gündən həsrətin nökəri olduq,
Acı xatirələr şakəri olduq.
Bu gün belimizin bükəri oldu,
Buludlar yağdırdı qan eşqimizə.
Həsədlə baxardı bizə sevənlər,
Bəlkə gətirdilər gözə sevənlər?!
Daha söyləməzlər üzə sevənlər
“Fidan” eşqimizə, “şan” eşqimizə.
Bitdi macəralar, bitdi nağıllar,
O nazlı, o məsum, isti nağıllar.
Sevdalı günlərlə itdi nağıllar,
Ha sızla, ha odlan, yan eşqimizə...
11.07.25
Həsrət yağışı
Bu, həsrət yağışı, bu, qəm yağışı,
Bu, əzab yağışı, sitəm yağışı.
Çəkib ürəyimə son damlayatək
Elə gözlərində tutam yağışı.
Təki taleyinə yağmasın sənin,
Təki qəhər olub boğmasın səni.
Təki gözlərini sağmasın sənin-
Özüm dəryasında batam yağışın.
Yolun aşıq olsun, bəxtin bəxtəvər,
Daha çəkməyəsən qüssə, qəm, kədər.
Sənə dua edib ölənə qədər
Ölüb, gözlərində itəm yağışın.
08.07.25
Çıxdım yollara...
...Yenə xəyallanıb çıxdım yollara,
Axıb xatirələr gölünə düşdüm.
Zindan ağırlığım məndən boşalıb,
Yenə kəndimizin yoluna düşdü.
Yenə də bu yolda düşdüm izimə,
Məni neçə kərə kəndə yetirib.
Neçə pərvazlanan arzu daşıyıb,
Ümidə, ünvana, bəndə yetirib.
Çılğın arzuların ilk ünvanıdır,
Qoynunda min sevgi yaşadır kəndim.
Çiyninin qayğısı ulduz sanıdır,
Ülvi adətlərin yaşıdır kəndim.
Kəndimin min şəhər sevgisi vardır,
Şəhərin bir kəndlik sevgisi yoxdur.
Hər kəndin şəhərdə güzgüsü vardır,
Şəhərdə bir sevgi güzgüsü yoxdur.
Şəhərin kəndimə can borcu, qucaq-
Taleyin ən gerçək oyunu budur.
Şəhərin dərdlərin kəndim udacaq,
Şəhər yaranandan pis oyunçudur.
...Yenə xəyallanıb çıxdım yollara,
Ruhum hara uçur, səfərim ora...
03.05.25
MANERA.AZ