manera.az
manera.az

O – Türkün xanımıdır, yerdəki cənnət kimidir - Xuraman Muradovanın şeirləri

O – Türkün xanımıdır, yerdəki cənnət kimidir - Xuraman Muradovanın şeirləri
MANERA.AZ Xuraman Muradovanın şeirlərini təqdim edir.

Türkün Xanımı

Türkün xanımı – millətin, xalqın qeyrəti,
Elin məğrur duruşu, hünər, əzəmət kimidir.
Qəlbindəki dualar yüz illik tarixdən gələr,
Səbrində, əməlində – Tanrıdan hikmət kimidir.

O – ləyaqət güzgüsü, həm anadır, həm bacıdır,
Haqqı heç ödənməyən – sonsuz hesabat kimidir.
O – Türkün xanımıdır, igidlər verər vətənə,
Şərəfiylə ucalar, əlçatmaz nemət kimidir.

Həm çiçəkdir, həm polad, həm zərifdir, həm də ki,sərt,
Qanı Türkün qanıdır – gücdür, dəyanət kimidir.
Göz yaşlarında dua, gülüşlərində bahardır,
Sözü – namus sözüdür, xalqa əmanət kimidir.

O – sevgidir, mərhəmətdir, nurdur, bərəkətdir,
Onu Allah göndərib – göylərdən enmiş mələkdir.
O – Türkün anasıdır, yerdəki cənnət kimidir,
O – Türkün xanımıdır, yerdəki cənnət kimidir.

Sübh Dualarım

Sübh namazında – hələ qaranlıqda,
İşıq doğmamış, üfüqlər yanmamış.
Dənizlərin üzərindən süzülən dualarım,
Buludları yara-yara yüksəlir göylərə.

O dualar – qəlbimin sükut çiçəkləridir,
Yaradana boylanan yalvarış səsləridir,
Səmalara toxunur, ulduzlara qarışır,
Mələklər də dil açıb elə məndən danışır.

Sabahın sükutunda eşidilən bir nida,
Ümidimin çırağı, ruhumun yüksəlişi.
Göylərə qalxan o saf yalvarışlar...
Məni Rəbbimə ən yaxın edən anlar.

Şükürlə açılar dua əlləri,
Səmada pıçıldar iman dilləri.
Rəhmətin yağışı ruhuma qonar,
Ümidlə açılar könül gülləri.

O-Allaha bağlılıq o, ruhun pıçıltısı,
O, rəhmət yağışıdır, göydən yerə dönəcək.
Dua acizlik deyil, iman gücünün səsi,
O sevgidən yaranır, Yaradana dönəcək…

Ağ saçlarım

İllər pıçıldadı ki, saçlarının ağı çox.
Dedim, hesabsız olan bircə telim belə yox.
Sevda ilə ödənmiş, ağ saçların hesabı,
Eşqlə möhürlənibdir onların hər kitabı.

Güzgü söylədi mənə, saçlarına yağmış qar...
Dedim, onlar ömrümün çiçəkləri, gülüdür.
Səni dərdə salmasın bu ağların çoxluğu,
Hər telim bir xatirə, bir ömrün mənzilidir.

Saçlarımdakı ağlar həsrətimin izidir,
Qaranlıq gecələrin işıqlı gündüzüdür.
Sevgi ilə yazılmış susqun məktubdu onlar,
Ürəyimdə gizlənən bir sevdanın izidir.

Ağ tellər Yaradanın verdiyi hikmət tacı,
Onlar ömrümün yolu, sevda fəlsəfəsidir.
Ağaran hər bir telim həyatın həqiqəti,
Ömrün ağ çiçəkləri, ürəyimin səsidir.

Saçımdakı ağ tellər bir xatirə, bir dua,
Qocalıq yükü deyil, səbrin nişanəsidir.
Səni dərdə salmasın qoy ağaran saçlarım,
Onlar Allahdan gələn ömrün hədiyyəsidir.
Onlar mənlə yürüyən eşqin pərvanəsidir.

Qaranlıq gecələr

Sükutun qoynunda sönməz ümid tək,
Qaranlıq gecələr mənə bənzəyir.
Gizli xatirələr dualar kimi,
Ömür yollarımı sözlə bəzəyir.

Bir ulduz uzaqdan seyr edir məni,
Bir ümid içimdə dönür diləyə.
Səcdəmdə nur saçan arzularım da,
Dil açır könlümdə, dönüb taleyə.

Sükutun sinəmdə çiçəklənməsi,
Ən qaranlıq anda doğar nur kimi.
Qaranlıq gecələr – dərdimin səsi,
Allaha duadır bir uğur kimi.

Qaranlıq gecələr- imtahanlarım,
Qaranlıq gecələr kədərim oldu.
Bəzən ağır günüm, çətinliklərim,
Yazılmış qismətim, qədərim oldu.

Qaranlıq gecələr acı həsrətim,
Bəzən tənhalıqda sirdaşım oldu.
Qaranlıq gecələr ilham mənbəyim,
Məni ovunduran yaddaşım oldu.

Qaranlıq gecələr ruhumun səsi,
Sükutun ən ağır musiqisidir.
Qaranlıq gecələr gizli qapılar,
Allaha açılan Amin səsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
2930