Şeir kimidir gözəl qadın - Süleyman Abdullanın şeirləri

Eləməz
Bütün ağrıların bətnində bir sən,
Başqa əvəzliyi əvəz eləməz.
Ölüb-dirilməkdi gündə yüz dəfə,
İt də bu həyata həvəs eləməz.
Bir qara sevdanın düşdük pəsinə,
Aldandıq ürəyin sevinc səsinə.
Sıxıb qollarını öz sinəsinə,
Adam öz canını qəfəs eləməz.
Başı ağrıyana dünya dardısa,
Sevib unudana bəxti yardısa.
Səadət gətirən o eşq vardısa,
Bir udum havanı nəfəs eləməz.
Alın yazısında kim bilir nə var,
Kimdi bu dünyada külli-ixtiyar...
Nə vaxt qismətinə nə artıq çıxar,
Nə zaman harada nə bəs eləməz.
Adam hər oyunda tutmaz zər, amma,
Bir üzü xeyirdir, biri şər, amma.
Çox edər, az edər, düz edər, amma,
Tanrı etdiyini əbəs eləməz.
Qırxı çıxmayan il
Daha yasxana da heçdi yanımda,
İçimdə ağlaşma qurur toyxana.
Hər gün ürəyimdə bir matəm düşür,
Hər gün ürəyimi qırır toyxana.
Nə aman anlayır, nə and, nə tövbə,
İlahi sən özün gəl çək ağrımı.
Gör necə zalımdır bəndə bəndəyə,
Gəl, sənə tanıdım ürək ağrımı.
Adama toy tutan bəndələr artıb,
Sünnətdir ömrümüz axşam şərində.
Baxma ürəyimin sınan yerinə,
Gözlərin qanayar çiliklərində.
Verilib savabın ehsanı çoxdan,
Nə qiymət bilinir, nə qədir indi.
İllərdi verdiyim qırxı çıxmayan,
Mərasim evləri dəbdədir indi.
Unudulmuş
Payızdan düşdüyümdü ağrıların cənginə,
üzü qışa sürünür gözlərimin dumanı.
Sən necə tanıyasan bir kirpik qırpımında
öz baxışı tanımaz gözlərini yumanı.
Sənə gülüş göndərdim göz dolu qəm üstündən,
Sevinc idi daddığım dərdimin kəm üstündən,
Eh, nə qədər ağrılar keçdi sinəm üstündən,
bir də mənə tanıtma təsəllini, gümanı.
Olanlar oldu keçdi, olmayanlar olmadı,
Birinin özü qaldı, başqa birinin adı.
Hər dəqiqə çalışma yada salım bir yadı,
Unutmuşam, ürəyim, məndən ürək umanı.
Şeir qadına
Şərab kimidir gözəl qadınlar,
damla damla süzülər ruhunun qədəhinə,
kirpiklərində bir atəş,
gözlərində ilahi bir sərxoşluq...
Əvvəl baxışlarından dolar,
sonra səsindən daşar,
sonra təbəssümündən axar...
Lap sonra hopar
ruhunun hər hüceyrəsinə qətrə-qətrə...
Bir də baxarsan ki,
əlin-ayağın üzülmüş yerdən,
almış səni qanadlarına eşq pərisi...
Piano dilləri kimi
şirmayı dişlərinin arasından
bir həzin nəğmə alıb varlığını ağuşuna.
Not-not,
səs-səs uçarsan göylərə...
Ah, bu qəhqəhələr,
ritmi elə şux ki, gülüşlərinin...
Qərq olmaq istərsən şırıltısında uf demədən.
Əllərin toxunar dümağ buludlara,
saçları dalğa-dalğa səpilər üstünə.
Qulaqlarında su şırıltısı...
Yanğılı ürəyinin tək bir istəyi
çiyələk dadan bir cüt dodaq susuzluğu...
Sonra damla səsi...
batarsan çiçək yağışına
gah isinərsən yaxınlığında nəfəsinin,
gah üşüyərsən əllərinin uzaqlığında...
Sayıqlamaq sevgi xəstəliyindəndi,
yoluxdunsa heç...
batdın, demək!
Yuxunun ən şirin yerində oyadarlar adamı,
gözlərinin acısı qoymaz uyumağa sonra da...
...və bir də anlayarsan ki,
eşqdən ölən olmasa,
sağalan da olmayıb hələlik...
Şeir kimidir gözəl qadın
heca-heca,
misra-misra,
bənd-bənd...
yazıb qurtara bilməzsən bir ömür...
Mürəkkəb kimi hopar varlığına!
...Qurtulmaq istərsən, heyhat...
mümkünmü?!
Süleyman Abdulla
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.