"Yanımdan keçən həyat" kitabı haqqında təəssüratlarım - Arif Ərşad yazır

MANERA.AZ yazıçı Təranə Musayevanın “Yanımdan keçən həyat” kitabı haqında Arif Ərşadın yazısını təqdim edir.
Bu günlərdə qələm dostum, Azərbaycan Yazıçılar Birliyinin və eləcə də “İLESAM”-ın üzvü, “Əfsun” dərgisinin təsisçisi və redaktoru, Prezident mükafatçısı, yazıçı, şair Təranə Musayevanın “Elm və Təhsil” nəşriyyatı tərəfindən yüksək zövq və nəfis şəkildə yenicə çapdan çıxan “Yanımdan keçən həyat” kitabının dənizkənarı bulvardakı çay evlərinin birində keçirilən təqdim etmə tədbirinə mən də dəvət olunmuşdum.
Çay süfrəsi ətrafına toplanmış qələm adamlarının, Təranə xanımın yaxınları və dostlarının tədbirə məmnuniyyət hissi ilə qatılmaları adi gözlə də müşahidə olunurdu. Ən çox sevinənlər isə onun 10 il bir məktəbdə oxuduğu sinif yoldaşları idi, axı bu gün onların hər biri haqqında yazılan kitabın təqdimatı keçirilirdi. Müəllif onların hər birinə kitab təqdim etdikcə, siz onların bir-birini necə təbrik etmələrini kaş özünüz görərdiniz. Təranə xanım bu kitabı yazmaqla sanki onları yenidən məktəb illərinə qaytarmış, həmin qayğısız və sevincli günləri onlara yenidən yaşatmışdı. Gözəl görüntülər idi. Elə bu baxımdan da tədbirin sonunda qələm dostum Təranə xanıma yaxınlaşıb kitabı yaxın günlərdə oxuyacağıma və təəssuratlarımı sosial şəbəkədə oxucularla bölüşəcəyimə söz verdim.
...Və beləliklə ilk olaraq onu vurğulayım ki, “Bir damla söz”, “O qadın” və İstanbul şəhərində Türkiyə türkcəsində çap olunan “Gizli kapılar” kitabından sonra “Yanımdan keçən həyat” kitabı müəllifin oxucularla sayca dördüncü görüşüdür. Bu kitab Təranə xanımın həyat yoluna, uşaqlıq və gənclik xatirələrinə, eləcə də zamanın yaddaşında qalan insanlara həsr olunmuş səmimi yazılarından ibarətdir. Əsərdə oxucu həm müəllifin şəxsi həyat hekayəsini izləyir, həm də bir nəsil və bir mühitin tarixi, psixoloji mənzərəsini görür.
Kitabın əsas xətti müəllifin məktəb illərindən başlayır və ardıcıl olaraq birinci sinifə qədəm qoyduğu günün həyəcanı, ilk müəllimi olmuş Niyazi müəllimlə bağlı duyğuları, sinif yoldaşlarının xarakterləri və onların illərlə yaddaşda qalan təsvirləri geniş şəkildə təqdim olunur. Yazıçı dostum yalnız faktları deyil, həmin hadisələrin doğurduğu emosiyaları, uşaqlıq dünyasının saf duyğularını da oxucuya ötürürməyi bacarır.
Əsərin dəyərli tərəfi ondan ibarətdir ki, yazıçı Təranə xanım təkcə şəxsi xatirələrlə kifayətlənmir, həm də ailə bağlarını, nənə-baba xatirələrini, qonşuluq münasibətlərini və bütövlükdə bir dövrün sosial-mədəni həyat tərzini canlandırır. Beləliklə, “Yanımdan keçən həyat” oxucuya həm fərdi, həm də ictimai-mədəni bir yolçuluq təklif edir.
Müəllifin dil üslubu sadə olduğundan o, xatirələrini nağılvari, rəvayət tonunda təqdim edir, lakin eyni zamanda hadisələrə bu günün təcrübəsi ilə baxaraq onların mənasını açır. Bu, oxucuda həm nostalji, həm də real düşüncə doğuran bir təəssürat yaradır.
Təranə Musayevanın “Yanımdan keçən həyat” kitabı janr etibarilə xatirə ədəbiyyatına daxil olsa da, onun məzmunu sadəcə müəllifin şəxsi həyat hadisələri ilə məhdudlaşmır.
Əsərdə müəllifin fərdi xatirələri bir nəslin, bir mühitin və bütöv bir dövrün həyat tərzini canlandırır. Bu baxımdan kitab həm avtobioqrafik xarakter daşıyır, həm də sosial-mədəni yaddaş nümunəsidir. Əsərdə müəllifin uşaqlıqdan gəncliyə qədərki həyat yolunun fraqmentləri oxucuya təqdim olunur.
Sinif yoldaşlarının, qohumlarının, əzizlərinin, nənə və babaların ailə həyatındakı rolu kitabın əsas süjet xəttini təşkil edir. Bu xatirələr vasitəsilə oxucuya “keçmişin dəyəri”, “insan yaddaşının gücü” və “insanlar arasındakı mənəvi bağların əhəmiyyəti” ideyaları çatdırılır.
Təranə xanım həyatda xarakter baxımından mehriban, səbirli olduğu qədər də çılğındır. Emosionallığı onun yazılarına da sirayət edir. O, yazılarında hadisələri danışarkən bədii təsvirlərdən geniş istifadə edir: uşaqlığın saf duyğularını, müəllimlərinə və doğmalarına olan minnətdarlığını oxucuya canlı şəkildə ötürür. Onun bu üslubu oxucu ilə müəllif arasında yaxınlıq yaradır və əsəri daha təsirli edir.
Əsərin güclü tərəfi onun səmimiyyətindədir. Müəllif xatirələrini idealizə etmir, əksinə, uşaqlıq dünyasının saf və bəzən də acı təəssüratlarını olduğu kimi təqdim edir. Burada həm nostalji, həm də realizm var. Eyni zamanda müəllifin ailə üzvləri, qohumları, qonşuları və müəllimləri ilə bağlı xatirələrdə milli-mədəni dəyərlərin qorunub saxlanması xüsusi vurğulanır.
Kitab oxucunu yalnız müəllifin keçmişinə aparmır, həm də onun öz uşaqlığını, öz məktəb illərini, unudulmuş doğmalarını yada salmağa vadar edir. Bu baxımdan əsərin təsir gücü şəxsi duyğuları oyatmaqla yanaşı, oxucuda dərin nostalji və mənəvi bağ hissi yaradır.
“Yanımdan keçən həyat” sadəcə bir müəllifin bioqrafik xatirələri deyil, həm də bir dövrün mənzərəsini əks etdirən dəyərli əsərdir. Kitabın ən böyük uğuru oxucuya doğmalıq hissini ötürməsindədir. Əsər həm ədəbi cəhətdən zövqverici, həm də tarixi-ictimai cəhətdən faydalıdır. Bu baxımdan da kitabın redaktorları olan Mənsurə Qaçayqızının və Cəbrail Həşimovun əməyini qeyd etməmək insafsızlıq olar. Kitabın oxunaqlı olması həm də onların bir redaktor kimi öz işlərini sevərək yerinə yetirmələrinin nəticəsidir.
Yazıçı Təranə xanımın digər kitabları kimi bu kitabının da oxucular tərəfindən maraqla qarşılanacağına inanıram.
Kitabın işıq üzü görməsi münasibəti ilə qələm dostum yazıçı Təranə xanımı bir daha təbrik edirəm. Ona can sağlığı və bundan sonrakı yaradıcılığında uğurların bol olmasını arzulayıram.
Arif Ərşad
yazıçı-publisist