manera.az
manera.az

Eşqsənsə, gəl - Aysel Əlizadənin yeni şeirləri

Eşqsənsə, gəl - Aysel Əlizadənin yeni şeirləri
MANERA.AZ Aysel Əlizadənin yeni şeirlərini təqdim edir.

Yaşamağa başladım

Darıxmıram, yaxşıyam,
Bu təkliyi xoşladım.
Sən üzülmə, yaxşımı?
Yaşamağa başladım.

Təzə güllər əkirəm,
Gözləyirəm, cücərsin.
Tutdan şərab çəkirəm,
Yolun düşsə içərsən.

Düzdü, hərdən, gün bitər,
Həsrətin yaxalayar,
Solumdan tutub sıxar,
Ruhumu çalxalayar.

Dartınaram yerimdə,
Elə güclüdü əli.
Olmaz, deyərəm yenə,
Anlamaz ki o dəli.

Əlbəyaxa dalaşıb
Hərdən də yenilirəm.
Həsrətinlə boğuşub
Yuxuya da gedirəm.

Belə yaxşıyam, ama,
Təklik xoşuma gəlir.
Bircə məndən soruşma:
Gecələrin necədir?

Darıxmıram, yaxşıyam,
Bu təkliyi xoşladım.
Sən üzülmə, yaxşımı?
Yaşamağa başladım.

Yaşamaq

Ağrılarıma gülümsədim,
özümdən yüksəldim.
yaxşı adam ola bildim.
Özümə pay olaraq
güzgüdə öpüş göndərdim.
Yaşantılarımı elə sevdim,
unuduldu bütün tiranlar.
Həyatımı basdım bağrıma,
saçını sığalladım illərimin.
Yorğun deyiləm artıq!
Həyatla barışdıq,
yarışdıq arada.
Yan-yana qaçışdıq,
Bir gün önə çıxdım,
səsləndi arxadan: Nə gözəl qaçırsan!
Geri çevrilib göz vurdum ona:
Gözəl günün olsun, Həyat! - dedim.

Qızın həyatı

Bir qız vardı
Üzünü dünyanın boşluğuna tutub,
Atalı-analı yetimliyə yaslanıb,
ən yaxın dostlara qısılıb ağlardı.

Bir qız vardı...
"Məni niyə doğdun?" soruşardı anasından.
Anasının qatili olacağından qorxardım.
Nəyin dərdini çəkdiyini bilməzdim,
yerbəyer etməyə uşağı yox idi,
Qulluq etməyə əri.
Ocaq başında ömrü çürümürdü,
Ancaq nə sirr idisə,
Azadlığının qədrini bilmirdi.
Tanrıya hücum çəkirdi:
Məni niyə yaratdın?

Bir qız vardı,
dualarını anlamazdın,
Bilməzdin istəyini.
Siyasətdən danışsan susar,
xoşbəxtlikdən danışsan qorxar,
dindən danışsan coşar,
insandan danışsan deyinərdi.
Dadını çıxar özgürlüyün, deyərdim,
Razılaşar, etməzdi.

Bir qız vardı,
Yaşamağı bilməzdi.
Tez-tez: "necə yaşayırlar?" soruşardı.
Eyni cavabı verərdim:
Olmayançün üzülüncə, olanı yaşa öncə.
Uzaqlara yol gedincə çatır insan.
Ön cığırı keçməyincə
yenisinə çıxa bilərsənmi?
Susar, bəlkə eşitməzdi.

Bir qız vardı,
Xəyallarda uçdu, uçdu,
Yerə enib yerimədi.

Eşqsənsə, gəl

Eşqsənsə, üzümdəki yuxusuzluqsan,
Gözümdəki qorxusuzluq.
Eşqsənsə, bilərsən, yatmıram.
Gözləyirəm hər saat
Eşqsənsə, gəl çat...
Eşqsənsə,
hər yerimdə döyüntüsən.
Həyatımı ələk-vələk etsən,
yenə təkimsən.
Eşqsənsə, bir ətək yoxluqsan,
Bir qutu məktub,
Hər tütün özləmsən,
Eşqsənsə,
büsbütün gözləmsən.
Eşqsənsə, gecə-gündüz bir adam
səni doğur ürəyində.
Eşqsənsə, söhbətin bu yerində
hönkürtüsən.
Eşqsənsə, ayağım sənə sürünür,
Eşqsənsə, ürəyim sənə döyünür,
Eşqsənsə, əmin ol, nə etsən, üzürlüsən,
Hər xəyanətdə bağışlanırsan,
Eşqsənsə, yastığıma yağışlanırsan.

Qızıma yazılıb

Həyat necə ağrıdır, bir bilsən...
Kaş bilməyəsən.
Bilməyəsən deyə, hər şeyimdən keçərəm.
Təki gözəl üzün, ağıllı ürəyin ağrımasın.
Mən zorla gülməyə də razıyam,
Yaşamaq üçün mənə necə lazımsan.
Əllərinin gülüşünə,
qucduğum o balaca bədənə
necə ehtiyacım var.
Mən sənə baxanda dünya unudulur,
bütün dünya susur mən sənə baxanda.
yalanlar, acgözlüklər itir,
mən sənə baxanda dünyam sevinir.
Gözlərimin sevinci, gerçəyi,
arzularımın gələcəyi,
bir gülüşlə hamıya qalib gələnim,
Sevgiylə yoğrulanım, sevgidə bişənim.
Sənə tapınıram, qızım,
sən mənim dinim, sən Tanrım.

Tapılmayan O

Təkliyi qucaqlamaqla keçdi ömrüm,
heç bilmədim bu dünyanın harasında
itdi-getdi o adam...
İnanırdım, səni duyan kimsə var bu dünyada.
Bəlkə ölüm cavanlaşdı,
ona görə gəlmədi?!
Bəlkə gəlmək istəyirdi,
amma gələ bilmədi...
Arzuları gözləyərək bitirdim.
Hər gün kiminçünsə bəzənib çıxdın evdən.
Yemək bişirdin hərdən,
Gözlədin.
sən bilirdin, hardasa "O" adam vardı.
Yalnız O tapılmadı.


* * *
Sən!
Sevgiyə sayğım.
Sən!
Sayğıya sevgim.
Sən...Savaşım,
Sən - Barış sazişim.
Sən!
Özümə gəlişim,
Sən!
Özümdən gedişim.
Sən!
Ölsəm də, yaşamağım...
Sən -
Səhrada dayanacağım.
Sən -
Yolumu azmışlığım...
Sən - Gücsüzlüyüm,
Sən - Ölçüsüzlüyüm,
Sən -
Tutunacaqsız oluşum.
Sən - Ağrılı gülüşüm.
Sən!
Mənim olanım
Sən -
Mənim olmayanım.
Sən!
Var gücüylə özlənə bilənim.
Sən!
Səhrada sevənim.
Sən...
Özümlə sevişim.
Sən -
Zamandan küsüşüm.
Sən!
Başımdan çıxan ağlım.
Sən -
Gəlmədən gedənim.
Sən -
Özümə dediyim nağılım...
Sən!
Tapıntım, itkim.
Sən!
hardasan, ay itkin?


* * *
Nələr gördük!
İnsan qəlbi təpikləyən adamlar,
Uşaq qəlbi təpikləyən adamlar.
Ürəyinin lap başına kürsü təpənlər,
Dünyayla aramıza hasar hörənlər.
Yaxşıları ruhumuzla öpdük,
Ayağımız yerə dəymədən
ayaq döydük ölüməcən.


Baxış sayı - 291 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031