Sevmək də insanı xilas eləmir... - Yeni şeirlər

MANERA.AZ Ruslan Dost Əlinin yeni şeirlərini təqdim edir.
***
görən məni kim ağladar,
görən kim güldürər məni?
bu yağışda anam kimi
kimsə geyindirər məni?
dostlar keçər sağ-solumdan,
hərdən azaram yolumdan:
kim çıxar, tutar qolumdan,
yolumdan döndərər məni?
qəfil, yenə də azmışam,
yenə andımı pozmuşam:
o qıza şeir yazmışam,
bilməsin, öldürər məni…
***
sevgi nə uduzmur, nə mars eləmir,
sevmək də insanı xilas eləmir…
duamız allaha təmas eləmir,
gedir göy üzünə dəyir, qayıdır.
bu bəxt də duymayır nə duyan kimi,
nə yatmır bir körpə uyuyan kimi.
gözləyir, biz evdə olmayan kimi
qaçır qapımızı döyür, qayıdır…
yaxşı bağlamısan ümid allaha,
bu günə kömək et, çıxsın sabaha.
adam dediklərin yaşamır daha,
gəlir bu dünyaya dəyir, qayıdır…
***
bu yağışlı havalarda
adam öz-özünə darıxır.
baxır yerə, köks ötürür,
baxır göy üzünə, darıxır.
adam var, darıxan döyül,
adam var, darıxır, bax, öl.
adam da var elə döyür
dizinə-dizinə, darıxır...
nə görürsən hamısı qara,
hara var ki, gedək hara?
bax bu bədbəxt adamlara,
ömrü hər üzünə darıxır.
***
yenə oyun çıxardırsan,
fırlanırsan başıma.
nə yaxşı arxadan gəldin
və çıxmadın qarşıma...
baxma zəif tərəfimsən,
bu tərəf gücləndirir məni.
inan, səninlə içdiyim
su da kefləndirir məni…
otur, fırlanım başına,
sən də mənim oyunuma bax:
əmr elə, boynum vurulsun,
biraz da dur, boynuma bax...
***
bu gün yenə şəhərdə
gördüm gül satanları,
pıçıldadım yavaşca:
sənin bircə telinə
dəyməz gül dükanları...
məsələ pulda deyil,
gülüm, bil ki, əslində
sənə gül almadım ki,
utanmasın əlində...
düzdü, xoşdu yanımda
çiçəklərin xətri də.
amma inciməsinlər,
lap yüzü yığışsa da
yenə çatmaz ətrinə...
aramızda qalmasın,
bir sirr açım səninçün:
bir dəstə gül əvəzi
buyur, tut əllərimi,
mən gül açım səninçün...
***
bax, yenə küləklər oyun çıxardır,
ağaclar oynayır, toz çıxır yerdən.
yerdən bir gül çıxır Nərgiz adında,
mən elə bilirəm qız çıxır yerdən...
qışın ortasında lalə görmüsən?
qışın ortasında yanıb, yaxılıb
bağrının başına lalə deyən var.
dərdlərin əlindən dəliyə dönüb,
dərdlərin əlindən yuxusu qaçan,
hər gecə özünə layla deyən var…
bu yol hara gedir başın götürüb?
adamlar dayanıb, yol gedir, allah!
desəm, inanmazsan, adam görmüşəm
illərdi düşübdü yolun ağına,
özüylə əl-ələ yol gedir, allah…
525.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.