manera.az
manera.az

Atam qəhrəman olub - Uşaq şeirləri

Atam qəhrəman olub - Uşaq şeirləri
MANERA.AZ Coşqun Xəliloğlunun uşaq şeirlərini təqdim edir.

QƏHRƏMAN ATAM

Şəhid balasının dilindən

Atam şəhid olubdur
Qarabağ savaşında.
Cənnətə qovuşubdur,
Otuz altı yaşında.
Başlarkən müharibə
Dedi, getməliyəm mən.
Qarabağı düşməndən
Azad etməliyəm mən.

Gülümsünüb, diqqətlə
Baxdı mənim üzümə:
- Maşallah, böyümüsən,
Diqqət elə, sözümə.
Bu torpaq babalardan
Bizə bir əmanətdir,
Torpağı yada vermək
Günahdır, xəyanətdir.

Torpağımız kafirin
Əlində qala bilməz.
Qarabağsız bu diyar
Yurd, vətən ola bilməz.
Məhv eyləyib düşməni
Qayıdarıq, inşallah.
Anam dedi, qorusun,
Sizləri, qadir Allah!

Döyüşlərə atıldı
Atam bir aslan kimi.
Düşmənlərlə vuruşdu
Əsil qəhrəman kimi.
Əlində avtomatı
Daim irəli keçdi.
Düşməni milçək kimi
Məhv etdi, qırdı, biçdi.

Atam qəhrəman olub,
Dostları da şahiddir.
Gecə yuxuma gəlir,
Gül üzlü bir şəhiddir.
Fəxr edirəm atamla
O, qələbə çalıbdır.
Qarabağı düşməndən
Öz qanıyla alıbdır.

MURAD ƏSGƏR OLACAQ

Murad əsgər paltarın
Geyinibdi əyninə,
Oyuncaq avtomatın
Keçiribdi çiyninə.

Bax papağına onun,
Bir gör necə yaraşır,
Əsgər tək yeriyəndə
Böyüyür, məğrurlaşır.

Öyrənib “Əsgər marşı”n
Bilir nə qədər şeir,
“Dünyada ən yenilməz
bizim əsgərdi”, - deyir.

Murad çox istəyir ki,
Böyüyüb əsgər olsun,
Vətənə xidmət edib
Yurdumuzu qorusun.

QARPIZ-YEMİŞ

Atam bostanımızda
Qarpız-yemiş əkibdi,
Ləkləri suvarmağa
Kiçik kanal çəkibdi.

Yemiş, qarpız adını
Çox vaxt qoşa çəkirlər,
Bostanda da onları
Yaxın-yaxın əkirlər.

Bir bəzəkdir bostana
Yaşıl qarpız tağları,
Necə gözəl görünür
Qarpızın zolaqları.

Yemişin çiçəkləri
Bir-birindən qəşəngdir,
Elə bil yarpaq üstə
Sapsarı kəpənəkdir.

Yay gələndə yetişir
Bostanda qarpız, yemiş,
Kal olanda yeyilməz,
Olsun gərək yetişmiş.

Məst olursan qovunun,
Yemişin qoxusundan,
Şamamalar sallanır
Tağların yaxasından.

Yemiş, qarpız yeməyin
Nə qədər faydası var,
Çox yesən ziyanlıdır,
Yeməyin qaydası var.

Bərəkətli torpağım
Min cür nemət bitirir.
Barıyla, bəhəriylə
Bizə sevinc gətirir.

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI