manera.az
manera.az

Böyükdən uşağa - Mina Rəşid / Uşaq şeirləri

Böyükdən uşağa - Mina Rəşid / Uşaq şeirləri
Manera.az Mina Rəşidin yeni uşaq şeirlərini təqdim edir:

AİLƏ ALBOMU

Bizim də evimizdə
Ailə albomu var.
Ona baxanda sanki
Hamı yanımda olar.

Bax, bu mənim babamdı,
Bu da sevimli nənəm.
Nənəm nağıl deyəndə
Ən çox sevinən mənəm.

Bu əmim, bu bibimdi,
Bu da xalamla dayım.
Mən kənddə keçirəcəm
Dayımla gələn yayı...

Doğum günüm gəlirmiş-
Anam dedi, üzülmə.
Albomdan çıxıb hər kəs
Sabah gələcək bizə.

GÜLƏN

Məktəbə hazırlaşır,
Siyahı tutub Gülən.
Gonbul, rəngli karandaş,
Kağız, qayçı və qələm.

Nəsə düşür yadına,
Hey uzanır siyahı.
O bir yaş da böyüyüb,
Çox şey lazımdı axı...

ŞƏHƏRDƏN GƏLİB XƏZRİ

Xəzri şəhərdən gəlib
Əlinə çubuq alıb.
Vurur gülə, ağaca,
Elə bil ki, od olub.

Birdən elə qışqırır,
Qorxudan rəngi solur.
Bilmirdi ana toyuq
Bu qədər hirsli olur.

ÇOX SEVİRƏM BABAMI

Yusif deyir, hamıdan
Çox sevirəm babamı.
Bilirsinizmi, mənim
Babam qoyub adımı?

İstəyirəm həmişə
Babam olsun yanımda.
Nənəm olsun yanımda,
Anam olsun yanımda,
Atam olsun yanımda.

İLHAMIN BEŞ YAŞI VAR

İlhamın beş yaşı var,
Hazırlığa gedəcək.
O, məktəbə gedəndə
Nənə nələr edəcək...

“İstiqanlı baladı”,
Nənəsi hey söyləyir.
İlham da nə vaxt baxsan,
Nənəni tərifləyir.

Nənəsi pay gətirib
Heyva, fındıq, almadan.
İlham deyir ki, nənəm
Qayğıkeşdi hamıdan...

NƏNƏM BƏHMƏZ BİŞİRİB

Nənəm bəhməz bişirib,
Dadlı, qara şirədi.
Deyirəm ki, ay nənə,
Axı tutlar ağ idi...

MƏKTƏB HƏSRƏTİ

Kamil birinci sinfi
Çox həvəslə bitirdi.
Sonra bu yay tətili
Bir üzüntü gətirdi.

Çantasını oxşayıb,
Ciblərini yoxladı.
Özünə gərək olan
Kitabları topladı.

Tez bir nağıl öyrənib
Anasına danışdı.
“Məktəb nə vaxt açılır?”
Həyəcanla soruşdu...

On gün keçdi, Kamilin
Məktəb həsrəti bitdi.
İkinci sinfə Kamil
Böyük sevinclə getdi.

SEHRLİ QUTU

Cizgi filmi göstərir,
Hərdən nağıl danışır.
Unuduram dərsimi,
Başım ona qarışır.

Görürəm ki, uşaqlar
Sevinirlər, gülürlər.
Gah nəğmə oxuyurlar,
Gah şeir söyləyirlər...

– Bayaqdan seyr etməkdən,
Oğlum, daha doymadın?
Söndür televizoru!
– Səsi gəlir anamın.

Bu sehrli qutudan
Gözüm niyə doymayır?
Oyy... dərslərim qaldı ki!
Anam məni çağırır...

OYNAYAN MAŞIN

Qara maşın oynayır
Ata, bir bax sən ona.
İçi dolu nəğmədi
Maşına bax, maşına.

Maşın elə oynayır
Küçəmizə sığmayır.
Nəğmə yüksəlir göyə,
Uşaqlar da oynayır.

Atılıb düşə-düşə
Bir anda gözdən itdi.
Ata, görən, maşında
O nəğmə hara getdi?

QARANQUŞ

Dayımın daxalında
Yuva qurub qaranquş.
Heç bir kəsdən qorxmayan,
Mənimlə dost olan quş.

Toxunmuram evinə,
Axı mənə güvənir.
Balaları yuvada
Yemək dalınca gedir.

O, məni görüb uçmur,
Balasını yedirdir.
Anam deyir, qaranquş
Bizə etibar edir...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829