Atam, anam, bir də mən - Uşaq şeirləri
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
MANERA.AZ bu münasibətlə Coşqun Xəliloğlunun uşaq şeirlərini təqdim edir.
GOPÇU SƏMƏD
Balaca Səməd
Yaman gopçudur.
Özünü öyür,
Guya ovçudur.
Deyir, “Alıram
Mən elə nişan,
Tərpənə bilmir
Yerindən dovşan.
O gün meşəyə
Getmişdim yenə,
Gördüm ki, pələng
Cumacaq mənə.
Tətiyi çəkdim,
Açıldı tüfəng,
Yerə sərildi
O anda pələng.”
Göründü Toplan
Elə bu zaman,
Səmədin rəngi
Ağardı yaman.
Dedi, işim var,
Tələsim gərək,
...Səməd qaçsa da
Qalmışdı tüfəng.
BAĞÇAMIZ
Atam, anam, bir də mən
Kiçik bağça salmışıq,
Bu bağçanın dörd yanın
Biz hasara almışıq.
Bağçamızda əkmişik
Alma, heyva, şaftalı,
Gilas, ərik gül açıb,
Böyüyür nar, albalı.
İşləyirik axşamlar
Bağçada gülə-gülə,
Biz qulluq eyləyirik
Hərağaca, hərgülə.
Payız gələr, bağçadan
Dadlı meyvə dərərik,
Qəhrəman əsgərlərə
Sovqat, pay göndərərik.
NƏNƏM MƏNƏ NAĞIL DEMİR
Nənəm mənə nağıl demir nə vaxtdır,
Axı, köçüb gəlmişik biz şəhərə.
Kəndimizdə mən bəxtəvər uşaqdım,
Mindirərdi babam məni Kəhərə.
Kür çayında əllərimi yuyardım,
Nə gözəlmiş çölün otu, ağacı.
Mən özümü necə xoşbəxt sanardım,
Diksindirib uçuranda turacı.
Oynayardım, bulaşardı üst-başım,
Yorğunluğum ayaq üstə çıxardı.
Çox olardı tay-tuşumla savaşım,
Qalib kimi taxta medal taxardım.
İndi Kəhər hanı, onu səyirdim,
Heç samovar çayı da yox, içəm mən.
Dünən axşam mən anama deyirdim,
Böyüyəndə gərək kəndə köçəm mən.
NƏNƏMİN SOVQATI
Nənəm bizə yenə sovqat göndərib,
Bağlamada nələr yoxdu, de, nələr,
Öz əliylə nübar şamama dərib,
Bir- birindən ləzzətlidir meyvələr.
Evimiz dolubdur kəndin ətriylə,
Qatıq-qaymaq ləzzət verir adama,
Nənəm məktub göndərib öz xəttiylə.
Nəvazişlə gileylənir atama.
Yazır: - Bala, götür, gəl uşaqları,
Meyvələrdən qoy doyunca yesinlər,
Gəzib- dolaşsınlar bağça- bağları,
“Necə gözəl kəndimiz var,” - desinlər.
Ot biçirlər indi cavanlar çöldə,
Dənə dolub, göz oxşayır zəmilər.
Bir hərəkət, bir bərəkət var eldə,
Zəhmət şəkib tər tökürlər əmilər.
Nəvələrim qoy görsünlər bunları,
Bum-buz, duru daş suyundan içsinlər.
Özün öyrət sən, üzməyə onları,
Kür çayını üzə-üzə keçsinlər.
Gəlməsəniz inciyərəm, ay bala,
Yolunuzu gözləyirəm qərarsız.
Qurban olum, yay qurtarır tay, bala...
Heç olmazsa bir ay kənddə qalarsız...
MANERA.AZ