manera.az
manera.az

Könül şeirləri - Sahib İbrahimli İlham İnamdan yazır..

📅 11.07.2025 22:18

Könül şeirləri - Sahib İbrahimli İlham İnamdan yazır..
İlham İnam - 50

Bu günlərdə “Elm və Təhsil” nəşriyyatı istedadlı şair İlham İnamın “Şeir də könül işidir” adlı sayca 9-cu şeirlər kitabını çapdan buraxmışdır. Kitaba müəllifin yeni şeirləri daxil edilmişdir.

Bu poetik nümunələri oxuduqca bir daha görürük ki, şeir hər bir şairin könlündən süzülüb gələn mərhəm və səmimi duyğuların məhsuludur. Başqa qələm adamları kimi, məlum ifadə ilə desək, İ.İnam da könülsüz şeir yazmır. O, yalnız öz könlünün səsi və diktəsi ilə yazıb yaradır.Elə buna görə də hər bir şeirində şairin könül çırpıntı və döyüntüləri aydın hiss olunur.

İ.İnam şeirdən şeirə öz yaradıcılıq ustalığını artıran, poetik üslub və deyim tərzini təkmilləşdirən, məzmun və forma axtarışlarını uğurla davam etdirən şairlərimizdəndir.

Ənənəvi mövzulardan yazanda da o, daim yeniliyə can atır, fikir və düşüncələrini özünəməxsus, orijinal poetik biçimdə ifadə edir. Buna görə də müəllifin şeirləri bədii cəhətdən müsbət təsir bağışlayır və oxucular tərəfindən rəğbətlə qarşılanır.

İ.İnamın qəlbi həmişə Vətən, doğma el-oba sevgisi ilə döyünür.Vətən şairin ən böyük qürur və ilham mənbəyi, yaradıcılıq istedadına təkan verən, həyatını gözəlləşdirən ilahi bir nurdur. Elə bu səbəbdəndir ki, torpaqlarımız işğal olunanda şair qələmi süngüyə şevirdi, düşmənə nifrətini, kin və qəzəbini ifadə edən çoxlu sayda şeirlər yazdı.

Onu da qeyd edək ki, şairin Vətən sevgisi türkçülük, turançılıq məfkurəsi ilə birləşəndə daha mənalı və daha möhtəşəm olur. “Ey mənim ulu türküm” adlı şeirində oxuyuruq:

Göyçə, Dərbənd, Borçalı, Sivas, Urmu sənindi,
Bu torpaq, bu dağ, meşə, bu dəniz, su sənindi.
Min-min istək sənindi, milyon arzu sənindi,
Sənindir Mərənd, Təbriz, sənindir Bolu, türküm,
Ey mənim ulu türküm.

(“Ey mənim ulu türküm”)

Bu cür misalların sayını artırmaq da olar. İstər klassik ədəbiyyatımızda, istərsə aşıq şeirində müşahidə edilən dünyadan narazılıq motivi bu günki poeziyamızda yeni bir əhval-ruhiyyə ilə davam etməkdədir.Çağdaş şeirimizdə dünyadan narazılıq 2 səbəbdən qaynaqlanır .

Bu səbəblərdən birinci cəmiyyətdə nəzərə çarpan icimai eyib və nöqsanlarla, ikinci səbəb isə hər bir müəllifin şəxsi həyatında baş verən xoşagəlməz hadisələrlə bağlıdır. İlham İnamın şeirlərində qeyd etdiyimiz səbəblərin hər ikisi, yəni həm ictimai, həm də fərdi narazılıq ovqatı qabarıq şəkildə özünü göstərir.

Heç kimə sirr deyil ki, yaşadığımız dünya təzadlarla doludur. Yaxşı ilə yaman, ağla qara, gecə ilə gündüz, xeyirlə şər qoşa yaşayır.Bu təzadlar şair təxəyyülündə yeni mənalar kəsb edir, onu çeşidli düşüncələr burulğanına atır. Bir qələm adamı kimi nədir İ.İnamı narahat edən? Haqq və ədalətin bəzən öz yerini ala bilməməsi, xeyirxah əməllərə lazımı dəyər verilməməsi, rüşvətxorluq, özbaşınalıq, tamahkarlıq, talançılıq, insanların taleyinə biganəlik və s. bu kimi xoşagəlməz hallarla üzləşən şair mənən sarsılır, öz etiraz və giley-güzarnı qorxub çəkinmədən sərt bir şəkildə dilə gətirir:

Doğrun örkən kimi yalandan keçir,
Mələyin işi də şeytandan keçir.
Dağıt varlığımı, talandan keçir,
Fikrində tutubsan yağmalıq, dünya.

(“Dünya”)

Əlbəttə, burada şairlə həmfikir olmamaq mümkün deyil. Əslində ədəbiyyatın da başlıca vəzifəsi həyatda və cəmiyyətdə müşahidə olunan ictimai eyib və nöqsanlara öz etirazını bildirməkdən ibarətdir. İ.İnam da bu ənənəvi missiyanın daşıyıcılarından biri olaraq belə məqamlarda qətiyyətli mövqe tutmağı, bədii sözdən islahedici silah kimi istifadə etməyi bacarır.

İ.İnam dünyanın ağrılı problemlərini, məhrumiyyət və mənəvi əzablarını öz şəxsi taleyində də yaşayır və elə buna görə də onun şeirlərində dünyanın bədii obrazı daha çox tünd boyalarla rəsm olunur. Şəxsi müstəvidə şairin dünyadan inciklik və narazılığı daha çox ata-ana itkisi ilə əlaqədardır.

Şair öz valedeynlərinin itkisi ilə barışa bilmir və məruz qaldığı bu açılara görə dünyanı tənbeh edir.Bu mövzuda yazdığı şeirlərdə diqqəti çəkən ən ümdə məziyyət müəllifin öz ata-anasına olan sonsuz sevgisidir. Şair doğmalarının yoxluğuna üzülür və bir övlad kimi keçirdiyi ruhi sarsıntıları ürək ağrısı və təsirli bir dillə qələmə alır, bizi öz kədərinə şərik edir:

Verdin tabutuna çiyinlərimi,
Ağladım, içimdən göynədim, dünya.
Aldın əllərimdən əzizlərimi,
Atamı, anamı neylədin, dünya?!.

(“Dünya”)

İ.İnam ata-anasının itkisi ilə bağlı silsilə şeirlər yazmışdır ki, bu şeirlərin də hər biri qəmli notlara kökləndiyindən oxucuların qəlbində kövrək duyğular oyadır. Eyni mövzuda yazılmasına baxmayaraq həmin poetik nümunələr bədii və emosianal təsir gücü ilə bir-birindən fərqlənir, maraqla oxunur və yadda qalır. Bu dünyanın müxtəlif xarakterlərə malik olan, fərqli həyat tərzi və davranışları ilə seçilən insanları da şairin diqqətini cəlb edir və o, bu insanlarla bağlı müşahidələrini real bədii boyalarla ifadə edir. Müəllifin insan və dünya münasibətlətinə dair son qənaəti maraqlıdır:

Bir qarpız yol gedir bəlkə yüz əldə,
Haqqa rişxənd edir fitnə də, fel də.
Bəlkə bu dünyanı gəlib düzəldə,
Uçan boşqablarda fəza adamlar.

(“Adamlar”)

Əslində isə bu bir zarafatdır. Müəllif dünyanın və insan cəmiyyətinin gələcəyi barədə nikbin təsəvvürdədir. O, yer üzündə gec-tez əbədi səadətin bərqərar olacağına ürəkdən inanır və belə bir inamla yaşadığını şeirlərində də yeri gəldikcə hiss etdirir.

İ.İnam həm də məhəbbət mövzusunda yazılmış çoxlu sayda şeirlərin müəllifidir. Bu kitabda həmin qələm məhsullarından bir neçəsi yer almışdır.Sevən bir qəlbin hiss və həyəcanları müəllifin qələmində dolğun və inandığıcı şəkildə öz bədii əksini tapmışdır. İ.İnam məhəbbəti mənəvi paklıq və ucalığın ali göstəricisi kimi mənalandırır.

Şairə görə, sevmək insanı saflaşdırır, gözəlləşdirir, həyata daha möhkəm tellərlə bağlayır. Əlbəttə, məhəbbətin tərənnümündə yeni poetik təsvir və ifadə vasitələri axtarıb tapmaq çətindir. İ.İnam bu çətinliyin öhdəsindən məharətlə gəlmiş, oz fikir və düşüncələrini bədii cəhətdən yeni, orijinal bir tərzdə ifadə etməyi bacarmışdır. Bir nümunə:

Bax gör ürəyinə orda varammı,
Sevməklə sevilmək bizə harammı?
Səni sevdiyimçün günahkarammı,
Məndən sevgi istə qəlbimi verim.
Xumar gözlərində bir eşq gizlənib,
Elə bil bu sevgi çox əzizlənib.
Duyğu saflaşıbdı, ruh təmizlənib,
Məndən sevgi istə qəlbimi verim.

(“Məndən sevgi istə...”)

İ.İnamın şeirlərinin mövzu dairəsi geniş və rəngarəngdir. O, nədən yazır yazsın bədii söz sənətinin tələb və prinsiplərinə yüksək səviyyədə əməl edir, yaradıcılıq axtarışlarını uğurla davam etdirir.

Mən əziz qələm dostumu yeni kitabının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni yaradıcılıq uğurları arzulayıram.

Sahib İbrahimli
Əməkdar mədəniyyət işçisi,
filologiya üzrə fəlsəfə doktoru.


Baxış sayı - 371 | Yüklənmə tarixi: 11.07.2025 22:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031