manera.az
manera.az

Vaqif Aslan - 75: Səndə şair olmamaq da günahdır - Şeirlər

Vaqif Aslan - 75: Səndə şair olmamaq da günahdır - Şeirlər
Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri şair, publisist, tərcüməçi, dramaturq Vaqif Aslanın 75 yaşı tamam olur.

MANERA.AZ bu münasibətilə yubilyarı təbrik edir, onun şeirlərini oxuculara təqdim edir.


Eşq olsun

Haqqın əmriylə yanıb kül olana eşq olsun!
Öz külündən göyərib gül olana eşq olsun!

Sən gülün xatirinə çox gülə can-can demişəm.
Bir ömür bir gülə bülbül olana eşq olsun!

Könlümü könlün ilə oxşayıram, qismətə bax!
Üzü gül, saçları sünbül olana eşq olsun.

Bu gözəl dünya ki var, nazlı- ədalı yaranıb.
Gülüşü, güldüsə, qül-qül olana eşq olsun!

Sən mələklər mələyindən daha safsan, mələyim.
Həyası gül üzünə tül olana eşq olsun.

Bu gözəllik bağının bağbanı kimdir?-Yaradan
Qənşəri yar bağına yol olana eşq olsun!

Vaqif Aslan necə bir gün görəcəkmiş de, görüm!
Bağçası bar, bağı gen-bol olana eşq olsun!
29.05.2024

Küsənim mənim

Səbəbsiz, nədənsiz, niyəsiz yerə
Məndən inciyənim, küsənim mənim.
Sevdalı adama nə bənd, nə bərə?..
Xəyalı göylərdə gəzənim mənim.

Yadından çıxdımı qəsəmin, andın?
Yada-yalanamı yenə inandın?
Mənə zülm elədin, de, nə qazandın
Əlimi əlindən üzənim mənim?

Getsən də, yolunda duran deyiləm.
Kimsənin bürcünü buran deyiləm.
Səninlə ülfəti qıran deyiləm.
Səliqəm, sahmanım, düzənim mənim.

Sən belə deyildin, nə oldu sənə?
Salamı-kəlamı çox gördün mənə.
Baxa da bilmirəm çölə, çəmənə...
Soluxub zanbağım, süsənim mənim.

Yaxşı tanımadın Vaqif Aslanı...
Sənsiz neynəyirəm bu adı, sanı?
Ayağın altına töküldü qanı..
Kəsərkən əlləri əsənim mənim.
06 iyul 2024

Mən səni sevməsəydim

Sənə əlim yetmədi, sözdə nazını çəkdim.
Alnımın yazısıydın, mən səni sevəcəkdim.
Səni danışdırmadım, dindirmədim doyunca.
Saniyələr yaşatdın mənə aylar boyunca.

Kürə-küncə qısnadı doğmalarınmı səni?
Könlündə, gözlərində qorxub gizlətdin məni?
Mən sənin şirin-şəkər dillərindən doymadım.
Titrəyərək tutduğum əllərindən doymadım.

Nəydi bu umu-küsü, nə idi bu mənzərə?
Söylə, yaraşırdımı səntək mələk-mənzərə?
Harda sevgi var isə, o yerdə qol-qanad var.
O sevgiyə çatmağa canatma var, inad var.

Sevgi varsa, sevməli göz də var, gözyaşı da.
Sevilənə halaldır sevənin başdaşı da.
Bizi bəd-bəd nəzərlər, yaman gözlərmi kəsdi?
Yoxsa ki, üstümüzdən qara yellərmi əsdi?

Mən səni sevməsəydim, baş üstə deyərmidim?
Onu da dar macalda, daş üstə deyərmidim?
Mən səni sevməsəydim, üzünə baxmaz idim.
Dalınca köks ötürüb, izinə baxmaz idim.

Mən səni sevməsəydim, durmazdım qabağında.
Yaşımın bu yaşında, çağımın bu çağında
Əyilməzdim sənə mən, sənə alçalmaz idim.
Sən çaldığın laylaya uyub əl çalmaz idim.
Qızıl da xırdalasan, vecimə almaz idim.
Bir saniyə nədir ki, bir an qədər də olsa,
Gecələr xiffət çəkib, yuxusuz qalmaz idim.
Gündüzlər rastlaşanda saya da salmaz idim
Axı, sən kimsən belə?
Nə istəyirsən, elə!

Mən səni sevməsəydim, yel vuran ocaq kimi
Sönüb sovrular idim.
Mən səni sevməsəydim, belə qovrular idim?
Göydən mavi işıqla enən gözəl sən idin.
Ürəyimlə bərabər, könlüm ilə tən idin.

Özün de, onda mənim ayrı yolum vardımı?
Tanıyıb, bilib səni sevməmək olardımı?
Tanrı dəftərində də eyni yaşda idik biz.
Eyni qəlb, eyni könül, eyni başda idik biz.

Mən səni sevməsəydim, sən adi qız olardın.
Mən də yalqız olardım, sən də yalqız olardın.
Mən səni sevməsəydim, qurtarardım, bitərdim.
Gedərdim bu dünyadan ilim-ilim itərdim.

Özün yaxşı bilirsən bunları niyə etdim.
Səni könül mülkümə əbədi yiyə etdim.
Ürəyim soyumadı, səndən alıb yazdığım
Şeirlər mənim deyil, sənindir deyə etdim.
07 iyul 2024

Sərhəd pozuntusu

Atamın beli idi
bir zamanlar sərhəddim.
Anamın da boynuna
düşməyə yoxdu həddim.
Məqam yetişdi axır,
Və sair,və ilaxır...

Anamın bətni kəsdi
qabağımı sədd kimi.
Qadağan işarəsi
qoyulmuş sərhəd kimi.
Durub yarımbükülü,
məqam gözlədim yenə.
Süründüm, keçdim ondan
ömrün genişliyinə.
Nəfəs dərdim doyunca,
İməklədim, yeridim
uşaqlığım boyunca.
Gəncliyimlə üzbəüz
durub dayandım bir az.
Onun da sərhəddini
gördüm pozmasam olmaz.
Onu da pozdum axır.
Və sair, və ilaxır...

Qocalığım indidən
qabağımda sanki dağ...
İslanmışın yağışdan
nə qorxusu olacaq?
Sərhəddə çevriləndə
olumumun sonu da
Dağıdıb keçəcəyəm
and olsun ki,onu da.
Ölüm də olsa sərhəd,
dayanmadan onda mən
Şığıyıb işıq kimi
keçəcəyəm ölümdən.
Keçməsəm,öləm gərək.
Ömrün də sərhədləri
dünyanın sərhədditək
Canımıza muzudur.
Yaşamaq deyilən şey
sərhəd pozuntusudur.

Daş

Yuxuda daş gördüm...
Kiminsə əlindəydi,
Atdı, kiməsə dəydi.
Qana bulaşdı daş,
Daşdan səda qopdu,
Nida qopdu:
– Kaş dilim olaydı, kaş!

Yuxuda daş gördüm...
Sürüyüb saldılar yola.
Birisi gəlirdi,
Uçurdu az qala.
Çatıb ilişdi daşa,
Az qaldı ki, qapaşa.
Söydü, tüpürdü, dedi:
– Lənətə gələsən, daş!
Daşdan səda qopdu,
nida qopdu:
– Kaş dilim olaydı, kaş!

Yuxuda daş gördüm...
Tərəzinin gözündəydi.
Bu nəydi?
Hər gələn çəpəki
Baxırdı daşa.
Satıcı coşa-coşa
Deyirdi: – Bu daş haqqı!..
Daşdan səda qopdu,
nida qopdu:
– Boynuma yıxırlar
haqqı, nahaqqı.
Yuxuda daş gördüm,
Daşın da gözündə
yaş gördüm.

Səndə şair olmamaq da günahdır

Qanqalını gözüm üstə qoyaram,
Zərrən üçün gözlərimi oyaram.
Nəfəsini yüz illikdən duyaram,
Eşqin ilə arzum budaq-budaqdır.
Səndə şair olmamaq da günahdır.

Xoş yazına, sərt qışına vuruldum,
Çiskininə, yağışına vuruldum,
Çınqılına, sal daşına vuruldum
Adın mənim yollarıma çıraqdır,
Səndə şair olmamaqda günahdır.

Bu dünyada qərənfil çox, lalə çox,
Amma sənin lalən kimi lalə yox.
Bulağının naləsi tək nalə yox,
Bulaqların nə nəğməkar bulaqdır,
Səndə şair olmamaq da günahdır.

Uşaqlığım belə döydü, ey yuvam,
Sevda məni yaman əydi, ey yuvam.
Cana gəldim, ətrin dəydi, ey yuvam,
Torpaq ki, var övladına dayaqdır,
Səndə şair olmamaqda günahdır

Şair sənsən, şeir deyən dilin – mən,
Sərkərdəsən, qılınc vuran əlin – mən.
Gözəl sənsən, sevgilin – mən, dəlin – mən,
Bilmirsənmi oğlun Kərəmsayaqdır?
Səndə şair olmamaq da günahdır.

Dərdlərimin dərmanıdır yaylağın,
Kolun-kosun, daşın-qumun, çaylağın.
Mən ölmərəm, sinəm üstə torpağın
Gül açacaq zaman-zaman, bu – haqqdır,
Səndə şair olmamaq da günahdır.

Oğuz bəyləri və xatunlarına Vaqif Aslan salamı

Salam, ağ ban evləri qızılı tağlı bəylər!
Qızıl dirəkli bəylər, qızıl otaqlı bəylər!
Toyu ortaqlı bəylər, yası ortaqlı bəylər!
Çoxu ortaqlı bəylər, azı ortaqlı bəylər!
Qışı ortaqlı bəylər, yazı ortaqlı bəylər!
Keçərək neçə qışdan, keçərək neçə yazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Salam, Burla xatunlar, salam, analar, salam!
Nağılları şipşirin noğul nənələr, salam!
Əl çatmayan qadınlar, ürkək sonalar, salam!
Salam, xınalı əllər, bəyaz cunalar, salam!
Ey gəlin otaqları, xoşbəxt binalar, salam!
Ürəyincə kam alıb bu sevgidən, bu nazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Qavaldaşı qavaltək gumbur-gumbur çalanlar,
Çal qaraquşdan betər ovu göydə alanlar,
Sür qara nizəsiylə yadı atdan salanlar,
Nər kimi döyüşənlər, ər kimi ucalanlar,
Bir yerdə ömür sürüb, qarıyıb qocalanlar,
Qara poladüz qılınc təmizləndikcə pasdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Salam, Dəli Domrula canından can verən qız!
Bizlərə nəsil-nəsil qanından qan verən qız!
Qanturalıya qüvvət, Beyrəyə yan verən qız!
Buğanı, nər dəvəni, şiri nişan verən qız!
Bəy doğub, xan yetirib, ulu xaqan verən qız!
Qızımıza pay düşüb saçındakı qotazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Ağca tozlu bərk yayı olan ərlər, ərənlər,
Oxu sancılan yerə gəlib salam verənlər,
Qırmızı qaftan geyib ulu bəylik görənlər,
Apalaca otaqda şirin ömür sürənlər,
Sevincə qucaq açıb, dərdə sinə gərənlər,
Üzünə su çırparaq ana Kürdən, Arazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Ağ üzdə lalə rəngi qar üstə qan yeridir,
Səhər-səhər gün düşüb qızaran dan yeridir.
Üç öpüb bir dişləmək yardan nişan yeridir,
Yanıqlı qalanların lap alışan yeridir.
Qıyımsızlıq olmasın, quzu qurban yeridir,
Gərildikcə sim kimi titrəyib bu avazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Bir içim su içincə sulara baş əyənlər,
Çəmənləri oxşayıb, qayaları öyənlər,
Daşına daş dəyəndə ürəyi göynəyənlər,
Başını qurban deyib, dəmirdən don geyənlər,
Qurdla salamlaşanlar, şir ürəyi yeyənlər,
Lap elə bu səbəbdən, lap elə bu əsasdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Təpəgözün bürcünü haqq özü burdu, axı!
Yalancığın yalanı gözünə durdu, axı!
Çaxdı bir ağ ildırım, başından vurdu, axı!
O vaxtdan kor qalanlar hələ də kordu, axı!
Bəy qarğışı keçəndi, alqışı zordu, axı!
Üstündə xeyir-dua, qorunub natarazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Qaba ağacımızı kəsilməyə qoymadıq,
Axar sularımızı əskilməyə qoymadıq.
Yağılar sərt danışdı, hədəsinə uymadıq.
Yurddan gözəl yer olmaz, doymadıq ki, doymadıq.
Doğrandıq qıyma-qıyma, tikəsini qıymadıq,
Sizə müjdələr verib alınacaq qisasdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Köksü gözəl dağımız ucalıb, yıxılmayıb,
Bar veribdir bağımız, vədəsiz yığılmayıb.
Qazlıq at, ağ-boz ayğır buxovda sıxılmayıb.
Ağ dəvə, qızıl dəvə hesabdan çıxılmayıb,
Kafirin ülgücüylə başımız qırxılmayıb.
Sağ-salamat çıxmışıq çox şaxta, çox ayazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Salam, böyük bayraqlı öndərlər, bəylər, xanlar!
Damarında imisti oğuz qanı axanlar.
Salam, Salur Qazanlar – Tanrıya düz baxanlar!
Elalmış, Tərsuzamış – şimşək kimi çaxanlar.
Dağlara çən gələndə yerindən dik qalxanlar.
Söz açıb Qaragünə, Düyər, Dəli Dondazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Bəxt açılan saatda, ruhun gülən günündə
Adı görklü ərlərin toyunda, düyünündə,
Dədəm Qorqud nidası, Dədəm Qorqud ünündə
Məhəmməd Mustafanın üzü suyu yönündə
Amin! Səcdəyə gəldim ağ alnınız önündə!
Göy-qara bağlayanlar çıxsınlar daha yasdan, –
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan!

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 624 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031