Bəhram Osmanovun "Son reportaj"ı - MANERA.AZ
![]()
Mingəçevir Dövlət Dram Teatrında tanınmış rejissor Bəhram Osmanovun quruluş verdiyi "Son reportaj" tamaşasının premyerası keçirilib.
MANERA.AZ xəbər verir ki, tamaşaya xeyli sayda tamaşaçı gəlib.
Tamaşadan sonra çıxış edən əməkdar artist Ella Yaqubova başda teatrın direktoru və quruluşçu rejissor olmaqla bütün teatr işçilərini təbrik edib. Daha sonra tamaşanın müəllifi İlqar Fəhminin təbrik məktubunu tamaşaçılara çatdırıb.
Sonra söz tamaşanın quruluşçu rejissoru Bəhram Osmanova verilib. O, bütün yaradıcı heyətə təşəkkür edib, tamaşada əməyi olan hər kəsə minnətdarlığını bildirib. Tamaşanın əsas süjet xəttinin yaradıcı insanların sənətdə üzləşdiyi rəqabətdən bəhs etdiyini vurğulayıb: “Qədim zamanlardan incəsənət bir sənət növü kimi yaranandan sonra bu sənətə meyl edənlər arasında daim rəqabət hökm sürüb. Teatr isə qüvvətli sənət olduğundan bu rəqabət həmişə ön planda olub. Kimlərsə irəli çıxanda o biriləri onun əleyhinə min cür iftiralar yayaraq həmin sənətçini cəmiyyətdə hörmətdən salmağa çalışıblar, yaxud da əksinə. Kimlərsə öz imkanlarından istifadə edərək sənətdə birinci olublar, bu birincilikdən də həmin şəxsin ətrafındakılar yararlanaraq onu vəsf ediblər. Nəticədə isə itirən həqiqi sənət, qazanan isə diletant və difiramb söyləyənlər olub. Beləliklə sənətdə yaxşı adam sayılan ortababat sənətçi ilə pis adam sayılan əsl ustad arasında gizli mübarizə gedib. Yazıçı və ssenarist İlqar Fəhminin qələmə aldığı “Son reportaj” pyesi məhz belə amillərə toxunur, hətta bəzən təkcə mənəvi yox, cismani ölümə də səbəb ola bilən yaxşı və pis sənətin doğurduğu faciələrə cavab tapmağa çalışır. Sevindirici hal budur ki, İlqar Fəhminin bu pyesi ilk dəfə olaraq Mingəçevir Dövlət Dram Teatrında hazırlanmış və bu teatrın yaradıcılarından sayılan, respublikanın əməkdar artisti Akif Mirabov və Şıxı Yaqubovu bir sənət benefisinə çevrilib. İlk baxışdan elə teatrın rəhbərliyi və tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov məhz bu iki sənətkar üçün bu pyesi seçib”.![]()
Təyyar və Seymur rollarını isə teatrın gənc aktyorları Asim Əmirov və Firuz Hacıyev ifa ediblər. Rəssam Yusif İmamverdiyevin maraqlı səhnə tərtibatı, Elnur Rəsulovun musiqi tərtibatı tamaşada ön plana çəkilən fikirlərin təsir gücünü tamaşaçıya çatdırılmasında mühüm rol oynayır.