manera.az
manera.az

Qadın doğulmaz, qadın olunar - Sədəf yazır

Qadın doğulmaz, qadın olunar - Sədəf yazır
Mentalitet və müasirlik arasında qalan Azərbaycan qadını

Qadın olmaq tale, yoxsa seçimdir?

Bir düşünün... Əgər bu dünyaya qadın olaraq yox, kişi olaraq gəlsəydiniz, həyatınız necə olardı? Sizə verilən imkanlar, qoyulan qadağalar, üzərinizə yüklənən məsuliyyətlər nə qədər fərqli olardı? Ey qadınlar, əgər indi ayağa qalxıb həyatda nə əldə etdiyinizi düşünürsünüzsə, bir sual verin özünüzə: Öz gücünüzlə bunları qazanmısınız, yoxsa cəmiyyətin sizə icazə verdiyi qədərini əldə etmisiniz?

"Qadın doğulmaz, qadın olunar." Bu fikir, ilk baxışda sadə görünə bilər, lakin əslində bir millətin, bir cəmiyyətin yüzillərlə formalaşmış dəyərlərinə meydan oxuyur. Çünki qadın sadəcə dünyaya gəldiyi üçün "qadın" olmur – o, cəmiyyətin ondan gözlədiyi, ailəsinin ona yüklədiyi vəzifələr və ən əsası, öz içində verdiyi mübarizə ilə qadın olmağa başlayır.

Azərbaycan qadınının özünüaxtarışı

Milli mentalitetimizdə qadın həm müqəddəs, həm də məhdudiyyətlər içində çırpınan bir obrazdır. O eyni zamanda evin xanımı, anası, həyat yoldaşı və cəmiyyətin əsas sütunlarından biridir. Tariximizdə Tomrisdən, Sara Xatundan tutmuş Xurşidbanu Natəvana qədər bir çox nümunələr var ki, onlar həm dövlət idarəçiliyində, həm də sənət və ədəbiyyatda önəmli rol oynayıblar. Amma bir sual həmişə cavab gözləyir: Qadın bu mövqelərə öz iradəsi ilə gəlib, yoxsa onun cəmiyyət qarşısında müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən başqa seçimi olmayıb?

Bu gün Azərbaycan qadını elmə, siyasətə, biznesə, incəsənətə və bir çox uğurlu sahələrə doğru irəliləyir. Amma hələ də bəzi ənənəvi düşüncələr qadının azadlığını məhdudlaşdırır. Cəmiyyətin yazılmamış qaydaları var: Qadın çox danışmaz, qadın çox gülməz, qadın həmişə ailəsini üstün tutar, qadın nə qədər uğur qazansa da, evdə “kişinin sözü keçər.”

Qadın yalnız bunlarmı olmalıdır? O həm ana, həm həyat yoldaşı, həm də cəmiyyətin fəal üzvü ola bilməzmi? Qəribəsi budur ki, cəmiyyət qadından həm güclü, həm itaətkar, həm müasir, həm də ənənələrə sadiq olmasını istəyir. Bu ikili standartlar arasında qadın necə həqiqi mənada "qadın" olur, ya da necə ola bilsin?

Təhsil və iqtisadi azadlıq: Qadının özünü yaratma gücü

Əgər qadının kimliyi cəmiyyət tərəfindən formalaşırsa, onun bu prosesə təsir edə bilməsi üçün əsas alət təhsil və iqtisadi müstəqillikdir.

Azərbaycanda qadınların təhsil səviyyəsi artdıqca onların imkanları da genişlənir. Lakin bu kifayətdirmi? Təhsil almaq azadlıq deyil, azadlıq – insanın qazandığı biliklərlə öz həyatını idarə etməsidir.

Bir çox qız uşaqları universitetə qəbul olur, amma ailələrinin təkidi ilə evləndirilib iş həyatından uzaqlaşdırılır. Bəziləri illərlə oxuyur, amma cəmiyyətin tələb etdikləriylə ayaqlaşmadığı üçün öz biliklərini tətbiq edə bilmir. Əgər qadına verilən təhsil onun özünü yaratmasına kömək etmirsə, o, hələ də azaddırmı?

İqtisadi azadlıq isə başqa bir mübarizə meydanıdır. Maddi asılılıq qadını çox zaman öz arzularından əl çəkməyə məcbur edir. "Kişi evi dolandırar" prinsipi hələ də qadının iş dünyasında tam bərabər mövqedə olmasını əngəlləyir. Halbuki qadının iqtisadi azadlığı həm onun şəxsi xoşbəxtliyinə, həm də cəmiyyətin ümumi inkişafına müsbət təsir edir.

Seçim azadlığı: qadın olmaq nə deməkdir?

Bütün bu məsələlərin fonunda əsas sual qalır: Qadın olmaq – məcburiyyət, yoxsa seçimdir? Qadın evdar olmağı seçə bilər, ana olmağı seçə bilər, karyera qurmağı seçə bilər – amma vacib olan odur ki, bu seçimlər ona məcburən yüklənməsin. Cəmiyyətin gözlədikləri, mentalitetin qoyduğu qaydalar bir qadının öz yolunu müəyyənləşdirməsinə mane olmamalıdır.

Müasir Azərbaycan qadını artıq seçim etmək gücünə sahibdir. Onlar təkcə ailənin dayağı yox, həm də cəmiyyətin intellektual və sosial inkişafına töhfə verən fərdlərdir. Qadınlar öz hekayələrini yazmağa başlayıblar. Amma bu hekayənin tamamilə azad və sərbəst yazılması üçün hələ də görüləsi işlər var.

Sən ona həqiqətən azadlıq vermisənmi?

Beauvoir haqlı idi: Qadın doğulmaz, qadın olunar. Azərbaycan qadını özünü yaratmağa davam edir – hər səhər universitet yollarında, hər axşam ofisdən çıxanda, hər uğur qazandıqda, hər çətinliyə sinə gərdikdə… O bir həyat yoldaşı, bir ana, bir alim, bir rəssam, bir sahibkar, bir müəllim ola bilər. Əsas məsələ onun bütün bu rolları cəmiyyətin məcburiyyəti ilə yox, öz arzusu və seçimi ilə qəbul etməsidir.

Çünki qadın həqiqətən seçim edə bildiyi gün tam olaraq qadın olacaq.

Amma əsas sual budur: Biz cəmiyyət olaraq ona bu seçimi etməyə doğrudan da imkan veririkmi, yoxsa yalnız seçim etdiyini düşünməsi üçün ona gözəgörünməz sərhədlər çəkirik?

Bu suala səmimi cavab verməyə hazırıqmı?

Sədəf






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI