manera.az
manera.az

Sevgində boğul, qadın! - Nigar İsfəndiyar yazır

Sevgində boğul, qadın! - Nigar İsfəndiyar yazır
Qadın bizi dünyaya gətirəndir.

Əslində hər şey elə buradan başlayır. Gəldiyimiz yerin kiri bulaşır ruhumuza.

Sevgi!

Sevib seçdiyi qadına iyirmi bıçaq vuran kişidə çatmayan tək nəsnədir. Öyrədilmiş şüarlarla mübarizə aparmağa çalışanlar da bunun fərqində deyil. Nifrət qoxuyur cəmiyyət, bədbəxtlik qoxuyur. Qonşudakının müzakirəsi bitmir. Hamı danışır, amma heç kim qulaq asmır.

Qadın ən böyük günahkardır.

Səbəb?

Çünki namusdur. Ən çox ordan qorxur kişi doğulan. Qanmır ki, namus insanın şüurunda, beynində və zatındadır. Bu anlayış aradan qalxsa, mənasını itirsə ölümlər də azalacaq.

Qəbul edə biləcəyikmi?

Namussuzluğu...

Əsla! Qatil olaq, öldürək. Bu daha yaxşıdır. Telini oxşadığımız qadını iyirmi yerindən bıçaqlayaq, balasının gözü qarşısında qanına qəltan eləyək, ömrünü əlindən alaq. Haqdır!

Vicdan?! O hara qeyb oldu? Qanlı pərdə gözünüzdən qalxandan sonra həbsxananın dörd divarı arasında ortaya çıxacaq, narahat olmayın.

Allah?! Siz ki, onu heç vaxt tanımamısınız...

Sevilən qadının başı dik olur, ağalar, kimsəyə əyilmir o. Əyilibsə, kiməsə gözünün ucu ilə baxıbsa, üzünə gülübsə günahı sizdədi. Soyadınıza aldığınız andan etibarən sizə əvvəl Allahın, sonra da ailəsinin əmanətidi bu zə(r)iflər! Canını verir, bədənini verir, ruhunu verir, bətnini verir!

Əmanətə xəyanət kişiliyə sığarmı?!

Ömrünüzdə bir dəfə diz-dizə oturub söhbət etmədiyiniz halda, sədaqət gözləyirsiniz. Vəfa, etibar, hörmət, qayğı... Adam yerinə qoyub nə düşündüyü, nə hiss elədiyi ilə maraqlanmırsınız. Xoş sözlər demək bir yana qalsın, əmrlərinizdən başına çadra salacaqsınız! Örtəcək! Görünməyəcək orası burası! İkidə bir də ananızı misal gətirəcəksiniz, sanki ananıza çox hörmət qoymusunuz...

Tək dərdiniz “abır”dı!

Diqqət istəyir qadın, sevgi istəyir, qayğı istəyir. Dədəsindən, qardaşından gördüyü ya da görmədiyi nə varsa sizdən gözləyir. Bir dünya insan içində seçdiyi, güvəndiyi sizdən! Dilləndirmədən...

Bizim kəndimizin adətidir, Rusiyada gəncliyini qoyanlar gəlib kəndin ən gözəl qızını alar, sonra da dədəsinin anasının yanında qoyub geri qayıdarlar. O gəlinin gözü Rusiya yollarında qalar. Abrına qısılıb boşanmaz da. Ailəsinin “getdiyin yerdən kəfəninlə çıxacaqsan” əmri var, çünki. Nə ailəsi var, nə də geriyə yolu. Boşansa əxlaqsız olacaq. Hissləri, duyğuları heç kimin vecinə deyil. Əsas odur bərk otursun getdiyi yerdə, hamı da desin ki, maşallah filankəsin gəlini başını qaldırıb heç kimə baxmır!

Sizin əydiyiniz o baş bir də yerindən qalxmaz... tənələrinizin, hikkənizin, iyrəncliyinizin ağırlığı çökər çiyinlərinə. Qadın olduğunu unudar. “Ruset”dən beş ildən bir gələn “ər” də işləməkdən qabar bağlamış əllərinə, çatdamış dabanlarına yaxın durmaz. Ütülü şalvarının balağı kirlənər çünki...

Sifətində şillə izi qalan, ürəyində yaşamadan qocalan gəncliyinin məzarı qazılan qadın ən qatı düşməndən betərdi...

İrəli getsə ədəbsiz, geridə qalsa müti olacaq. O da hayıfını böyütdüyü balasından çıxır. Qatil böyüdür. Qadın qatili... Böyüdür ki, ona qismət olmayan sığal başqasına çəkilməsin!

Acizsiniz kişilər! Əgər hələ də gözünün yaşını yolunuza axıdan bir Allah bəndəsi varsa, ömrünüzdə, bu dünyanın ən aciz adamısınız!

Yaşatmaq ƏR adamın işidir, siz öldürməyə davam edin!

Sevgində boğul, qadın! Mərhəmətində boğul, vicdanında boğul! Qısıldığın abrında boğul!

Biz səni sevməyi bacarmadıq...

Nigar İSFƏNDİYARБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930