manera.az
manera.az

Bu şəhid şəhərin adı Vətəndir - ŞEİR

📅 26.02.2025 16:30

Bu şəhid şəhərin adı Vətəndir - ŞEİR
Xocalı soyqırımından 33 il ötür.

MANERA.AZ bu münasibətilə Fərid Muradzadənin “Şəhid şəhər – Xocalı” şeirini təqdim edir.

Sinəsi qırmızı qanla bələnmiş,
Bu şəhid şəhərin adı Vətəndir.
Ağ qarın üstünə qanı ələnmiş,
Məsum körpələrdir, ruhsuz bədəndir.

Qorxudan, şaxtadan əsən balalar,
Qısılıb anaya titrəyir tir-tir,
Fəryad ərşə qalxan, vəhşət tökülən,
Bu şəhər bəlkə də mərhəmət üçün
Yalvarıb, sızlayan sonuncu yerdir…

Əsir düşməməkçün ciyərparasın,
Sıxıb sinəsində öldürən ana,
Hər gün diz çökəcək vicdan önündə,
Qan-yaş axıdacaq hey yana-yana.

O başdan bu başa, bu qədim şəhər,
Başdaşı olmayan məzarlıq oldu.
Şirin balaların şirin arzusu,
Cəllad gülləsinə tuş oldu, öldü.

Dünya görmədimi “balayanları”
erməni xislətin qələmə alan
"Vo imya kresta" kitabın yazan
Şeytan qılığında “xeyriyanları”

O gecə haqq özü batilə döndü,
Qızların dünyaca sevən atalar
Namus ləkəsindən qurtulmaq üçün
Qızların öldürüb qatilə döndü…

O gün yer üzündən başladı məhşər,
Tanrı ki, hər şeyi görüb-biləndir.
Sinəsi qırmızı qanla bələnmiş,
Bu şəhid şəhərin adı Vətəndir.

26.02.2021


Baxış sayı - 383 | Yüklənmə tarixi: 26.02.2025 16:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031