manera.az
manera.az

Türkiyədə Azərbaycan mədəniyyət günləri olacaq... FOTO

📅 11.10.2024 16:16

Türkiyədə Azərbaycan mədəniyyət günləri olacaq... FOTO

Türkiyənin İzmir və İstanbul şəhərlərində Azərbaycan mədəniyyət günləri keçiriləcək

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, milli mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın və dilimizin Türkiyədə təbliği istiqamətində mühüm işlər görməkdədir. Mərkəz, səfirliyin dəstəyi ilə qardaş Türkiyənin müxtəlif bölgələrində zəngin mədəni irsimizi tanıtmaq və iki ölkə arasında mədəni əlaqələri daha da gücləndirmək məqsədilə ardıcıl olaraq müxtəlif tədbirlər təşkil edir.

Manera.az-a xəbər verir ki, belə tədbirlərdən növbətisi Oktyabr ayının 15-də İzmirdə, 17-də İstanbul şəhərlərində təşkil ediləcək.

“Azərbaycan mədəniyyəti və sənəti günləri” adı altında İzmir şəhərində baş tutacaq tədbirdə, "MÖTBE" ( red.: Meslek Öncesi Temel Bilimler Enstitüsü) Mədəniyyət Mərkəzinin sərgi zalında milli mədəniyyətimiz, suvenirlərimiz, əl işlərimiz və milli geyimlərimizdən ibarət sərgi nümayiş etdiriləcək. Bununla yanaşı, Bakı Milli Geyim Evinin tarixi Azərbaycan geyimləri kolleksiyası da moda sərgisi olaraq təqdim olunacaq. Gənc Türk modelyerlər milli geyimlərimizi podiumda nümayiş etdirəcəklər.

Eyni günün axşamında, Mötbe Mədəniyyət Mərkəzinin konsert sarayında Azərbaycanın incəsənət ustalarının və rəqs kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil ediləcək.

***

17 oktyabr tarixində isə Mədəniyyət günləri İstanbul şəhərində davam edəcək. Atatürk Kültür Mərkəzində Azərbaycan Xalça Muzeyinin kolleksiyasına aid xalçalar, muzeyin mütəxəssisi və Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın əl işləri sərgilənəcəkdir. Həmin xalça sərgisi bir həftə ərzində İstanbullulara açıq olacaq. Eyni məkanda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinin müdiri, dos. Gülzadə Abdulovanın tarixi Azərbaycan qadın geyimlərindən ibarət kolleksiyası da nümayiş etdiriləcək, podiumda Azərbaycan xanımlarının qədim geyimləri və onların özünəməxsus naxışları təqdim olunacaq.

"Atatürk Kültür Mərkəzi"nin geniş konsert zalında isə həm Azərbaycandan, həm də Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə konsert proqramı təşkil ediləcək.

Hər iki şəhərdə keçirilən konsertlərdə milli musiqi alətləri ifaçıları, Azərbaycan Xalq Rəqsləri Ansamblı və digər sənətçilərin iştirakı ilə hazırlanan bədii proqramda milli musiqilərimiz və rəqslərimiz səsləndiriləcək.

Sonda qeyd edək ki, layihə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.

Məhəmməd,
Manera.az


Baxış sayı - 431 | Yüklənmə tarixi: 11.10.2024 16:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031