manera.az
manera.az

Biz dərdi alıb zövq verən şerə çevirdik - Yeni İmza

Biz dərdi alıb zövq verən şerə çevirdik - Yeni İmza
MANERA.AZ "Yeni İmza" layihəsində Mir Kamilin şeirlərini təqdim edir.

***
Getdim neçə yol eşq yolun qanlı dizimlə,
Bu vadidə getmək diləyən gəlsin izimlə.

Bir kimsəyə qeyzim, qəzəbim olmayıb əsla,
Vallahi mənim davam olub ancaq özümlə.

Öz eybimə göz yummamışam mən göz açandan,
Örtülməz həqiqətləri gördükcə gözümlə.

Ey Rəbbim, üzüm qarə, günahım çox, əlim boş,
Neylim, səninəm mən yenə səhvimlə, düzümlə.

Baş açmadım əvvəl dolaşıq badirələrdən,
Dərk eylədim axır səbəbin dərdə dözümlə.

Hər hadisə bir fəsl imiş ömrüm kitabında,
Söz-söz düzülüb hər biri rəbbani düzümlə.

Biz dərdi alıb zövq verən şerə çevirdik,
Dərdin, deyirəm, bəlkə budur dərdi bizimlə?

Arzum bu yaşımdan budu, bir isti ocaqda
Bir ömrü bərabər bölüşüm ruh əkizimlə.

Xoşbəxt olaram hər iki aləmdə, Siraci,
Bir qəlbə işıq bəxş eləsəm bircə sözümlə.


***
Könlündə vətən eşqi dənizlər kimi coşdu,
Bir nər özünü şanlı mücahidlərə qoşdu.

Amalı böyük kəslərə neylərdi ki, mərmi?!
Bizdən ölən olmurdu - mücahid də ölərmi?!

Sübh uyquya dalmış gözükor mərmi ayıldı,
Bir nər qanı mərcan kimi torpağa yayıldı.

Can çıxdı, fəqət, yoxluğa qərq olmadı - aləm,
Mat qaldı, "Şəhadət" sözü dildən ucalan dəm.

Bir yanda ölüm qorxusu, bir yanda şəhidlər,
Bir yanda təlaş atəşi, bir yanda ümidlər.

Düşdükdə o nər torpağa, torpaq dilə gəldi,
"Düşdün, ey igid, torpağa, yurdunsa, dikəldi".

Bir gün də döyüş səngidi, dağlar yasa batdı,
Evlərdə hamı pəncərədən bayraq uzatdı.

Göz yaşına qərq oldu bu matəmdə fələklər,
Məmur idi tabutun aparmaqda mələklər.

Çatmışdı öz amalına səngərdə bir aqil,
Olmuşdu Xuda lütfü o gün Şamilə şamil.

Bir kəndə şəhadət kimi bir fənni gətirdi,
Gün gəldi onun məktəbi Səyyadı yetirdi.


***
Var öylə bir qəmim ki, min qəm onda cəmdi, birdənəm.
Özüm də bilmirəm fəqət bu qəm, nə qəmdi, birdənəm?!

Gözüm səbəbsiz anidən dolur, dilim kilidlənir.
Bu nə fərəh kimi fərəhdi, nə ələmdi, birdənəm.

Məəttələm, mənəmmi şövq ilə yanan bu eşqə, ya
Bu özgə bir bədəndə can tapan Kərəmdi, birdənəm?!

Yadındamı bizim vida, nə cür demişdin əlvida?!
Dilin deyirdi, qalma, get! Gözünsə nəmdi birdənəm...

Mənə könül verəndəmi, gözün düşüb həyatıma?!
Ürək müqabilində bir ömür sələmdi birdənəm.

Ömür qəfil keçibsə də, səsin unutmuşamsa da
Siraci, mən həmin mənəm, o birdənəmdi, birdənəm.


***
Nə uzun çəkdi, İlahi, nə yamandır bu gecə?
Görəsən, fikrimə son mənzil hayandır bu gecə?

Nə qərib hissdi, damıb qəlbimə, yarım gələcək,
Aman Allah, bu nə səsdir, nə gümandır bu gecə?!

Sən ki döydün, gülərüzlüm, sənə həsrət qapımı,
Kədər əfsanədi, qəm-qüssə yalandır bu gecə.

Yanağında o çökək ki, gülüşündən yaranır,
Dilbərim, könlümə ən doğma məkandır bu gecə.

Sənə elan edirəm eşqimi, tut qəlbində,
Hələ bir kimsəyə bildirmə, amandır, bu gecə.

Dizin üstündə başım, başımın üstündə hilal,
Bizə sevmək və sevilmək nə asandır bu gecə.

Ey Siraci, neçə il keçsə də, çıxmaz yaddan,
Yarının hüsnü kimi yadda qalandır bu gecə.


***
Ey aydın üzü yaz səhərindən daha parlaq
Ülkər gözünün adətidir mehr ilə baxmaq

Ay hər necə ki nurun alır göydə günəşdən
Gün də sənin hüsnündən alıb parlayır ancaq

Könlüm açılardı, saçın olsaydı pərişan
Olmuş mənim iqbalıma əngəl sarı sancaq

Tez çək saçına əllərini qoy aralansın
Zülfüntək açılsın ürəyim, ay əli qıvraq

Qəlbim ki sənindir niyə viranə qoyursan?!
Öz səltənətin sultan edərmi özü tapdaq?

Nazəndəliyin könlümü salmış daha əldən
Nazın, elə bil, şıltaq uşaq, könlüm oyuncaq

Getmiş bu Siraci, gözəlim, huşə qapında
Ulduzlu səma yorğanıdır, yastığı torpaq.


***
Gecə yarı oyanasan qəfildən,
Axtarasan ürəyinin istəyin.
Hər saniyə arzulayıb bir şeyi,
Heç birini istəməyə ürəyin.

Soruşasan, ürəyimdən keçirsə,
Niyə ona laqeydəm mən belə?
Sonra nə var hamısını buraxıb,
Tək özünü aparasan sahilə.

Dalğa döyə sahil boyu daşlara,
Yada düşə ürəyindən keçənlər.
Bir kor sual didə sonra beynini:
Böyüyürmü istəyindən keçənlər?

Nə dost-tanış çağırasan yanına,
Nə siqaret yandırasan, çəkəsən,
Nə bir mahnı dinləyəsən, nə də ki,
Unutduran içkilərdən içəsən.

Bilməyəsən, bilməyəsən hardasan,
Yaddan çıxa öz soyadın, öz adın.
Sonra birdən bir ad gələ zehninə,
Ah, deyəsən, məni sevən bir qadın!

Göyə baxıb, gülümsəyib deyəsən,
Yenə niyə güldürürsən üzümü?!
Öz əlimdən alıb bir yol, bu gecə
Verəcəkdim göy sulara özümü.

Razılaşıb, gülümsəyib qalxasan
Qayıdasan evə eyni küçədən.
Addım-addım, fikir-fikir, astaca
Qurtulasan bu "sonuncu" gecədən.

Tural Adışirinin təqdimatında..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30