Ruhumuzun Çiçəyi - Mübariz Qaragözlü yazır..
Sufilikdə qəbul olunan ümdə məsələlərdən biri bütün insanların qardaş hesab olunması və onların bir-birinə sevgi ilə bağlanmasıdır. Və burada öncə insanın daxili aləmi kəşf olunur, açılır, ilahi gerçəkliyə, haqqa çatmaq niyyəti tutulur.
Həm də insanların şəxsiyyəti, cinsi seçilmir. Məsələ burasındadır ki, o məqama varmaq, çatmaq yükü var. Bax, bu yolda qadın arkadaşlarımız, Çiçəklərimiz var ki, ilahi gerçəkliyin, haqqın hədəfinə, ünvanına yol almışlar və bu yolda çiyinləri yüklü yolçuluqlarındadırlar.
Bu gün Çiçək Mahmudqızının ətrafında başına toplanananların sayında yüzlərlə, minlərlə saz-söz adamları, ziyalılar, el-oba, yurd sadiqləri, şəxsiyyətindən, vəzifəsindən, cinsindən asılı olmayaraq hürriyyət adamları vardır. Arxasında bu qədər kütləni toplaya bilən Çiçək xanım bir lokomotivdir!
O, sazı, sözü gözəl bilir, şairdir, publisistkanı əzbər bilir. Hələ sanballı aparıcılığı, repartyorluğu da bir ayrı. Uşaqlıqdan tanıdığım, izlədiyim birisi kimi şahidəm ki, Çiçək bu yolçuluğa ta uşaqlığından, gəncliyindən, tələbə vaxtlarından başlamışdır.
Çiçək xanımın şərəfinə, şəninə onlarla şeir yazılmışdır. Çoxları bu "çiçəyin" axtarışındadırlar. Amma, onu kəşf etmək, axtarıb tapmaq elə də asan məsələ deyil. Çiçək xanım sıldırım qayalarda, zirvələrdə bitən tütyə, məlhəm, əlçatmaz, ünyetməz çiçəklərdəndir! Qoy elə hələ axtarışda qalsınlar ki, şirinliyi, təravəti, məlhəmi azalmasın. Adamlar hələ də tamarzı yaşasınlar!
Dəfələrlə demişəm, yenə də deyirəm ki, adam birinin, beşinin, on beşinin könlünü qazanırsa, bu özü uğurdu, qazancdı, bəxtəvərlikdi. Adam hamının olmaq, kütləvilik qazanmaq, el-obaya sevilmək, çiçəyin, gülün ruhuna hopmaq hər bəxtə, hər bəxtəvərin taleyinə yazılmaz ha!
Adamlara addamanc olmaq, körpü olmaq, yolçuya yol olmaq Allahın verdiyi lütv, ömürdən əlavə ömür qazancıdır. Bu üzdən Çiçək abla özündən sonrakı dünyanın da möhürünü vurmuş, məncə!
Bu yaxınlarda Çiçək Mahmudqızının yubiley yaşı tamam oldu, yaşadığı ömür-gün mübarəkləndi. Mübarək adamın mübarək günü, yaşı aydın olsun, halal -xoşu olsun!
Və əlavə dördcə söz:
Bir var yalan, bir var güman,
Gəl gerçəyə gedək derəm.
Eşqimizin xatirinə,
Gəl göyçəyə gedək derəm.
Dəyməyinə dəyək, gedək,
Yükümüzü əyək, gedək,
Bir qapı var, döyək, gedək,
Gəl Gəncəyə gedək derəm.
Dönmək varsa bir də dönər,
Hardan gələr, harda dönər,
Ocaq çəkər, yurda dönər,
Gəl İncəyə gedək derəm.
Gerçəklərin bayramıdı,
Göyçəklərin bayramıdı,
Çiçəklərin bayramıdı,
Gəl Çiçəyə gedək derəm!
Hörmətlə, sayğımla
Mübariz Qaragözlü