manera.az
manera.az

İbrahim İlyaslı: əvvəlkilərin sonuncusu, sonrakıların birincisi

İbrahim İlyaslı: əvvəlkilərin sonuncusu, sonrakıların birincisi
Adilə NƏZƏROVA
filologiya üzrə fəlsəfə doktoru


İbrahim İlyaslı şəxsiyyəti və yaradıcılığı - şeirləri, publisistik məqalələri, tərcümələri və təbliğ etdiyi dəyərlərin cəmi ilə Azərbaycan ədəbiyyatının milli-mənəvi, dini-ürfani sahələrində müstəsna fəaliyyəti olan ziyalıdır. O, əsərlərində hətta qələm adamları arasında da çoxunun bilmədiyi və ya yanlış bildiyi bilgiləri yenidən, düzgün dəyərləndirən, şüurda, qəlbdə, həyatda, dildə yeniliklər edən şairdir. Zamanı bugünə tətbiq etmək, insanın ideyalarını, arzularını və xəyallarını təkmilləşdirmək, insanlığı dünyanın alt qatından alıb, üst qatına qoymaq, onu həqiqətə hazırlamaq missiyası ilə yaşayır və çalışır.

Hər bir qələm adamı yazdıqları ilə vardır - necə deyərlər, sözü nədirsə, özü də odur. İbrahim İlyaslının şair kimi bir cümlə ilə tərifini vermək gərəkirsə, təxminən bütün yaradıcılığını oxuyan biri kimi belə deyərdim: İbrahim İlyaslı əvvəlkilərin sonuncusu, sonrakıların birincisidir. O mənada ki, şairin əsərləri mahiyyətcə kamil bir insanı təqdim edir. Oxuduqca sanki qarşında "İlk adım Yunus idi, adımı aşık takdım, Terk etdim ud u edeb şöyle haber bırakdım" deyən Yunus Əmrənin xələfini görürsən. Yunus Əmrə deyirdi ki, "adını dəyişməyənlər həqiqət yoluna gəlməyiblər". İbrahim İlyaslı da həqiqət yolunun yolçusudur, o, əvvəl özünü haqq sahibindən soruşur:

Tanrım, görən mən kiməm,
Nəçiyəm bu dünyada? -
Bir payı quru torpaq,
Üç payı su dünyada!

Adım Peyğəmbər adı,
Özüm adi bir adam.
Bir də bu adilikdən
Bezib çıxan fəryadam.


Bu misraları oxuduqca fikirləşirsən ki, görəsən, şairi səsləyən sələfi və ya həqiqət yolunun yolçularından biri, bir qərinə də ötədən Mövlana Cəlaləddin Rumi ola bilərdimi?! Əlbəttə, onlardan biri idi. Məncə, İbrahim İlyaslı ikinci dəfə elə bu səsdən doğulub. Çünki Yunus Əmrə deyirdi ki, "İki dəfə doğulmayanlar əslində ölüdürlər!".

Yenidən doğulan, yeni yola çıxan şair haqq yolu olan şəriət, təriqət, mərifət yolunu keçir və həqiqəti bulur (bilir):

"Yox"dan yola çıxdım, yol məni getdi,
Kəm məni kəsdirdi, bol məni getdi.
Mən sağı getdikcə, sol məni getdi,
Axır ki, sol nədi, sağ nədi, bildim.

İbrahim İlyaslı, budurmu qanmaq? -
İşin-peşən oldu tutuşub yanmaq.
Haqqı buluncaymış fələyi danmaq, -
Bildim nahaq nədi, haqq nədi, bildim.


O, kəmdən-boldan, sağdan-soldan gedərkən, oddan keçib nəhayət ki, iç dünyası ilə tanış olur, özünə üz tutur: "...Divarların bu üzündə,/Qismətim qubardı mənim./Hər yan gözəllikdi, Tanrım, Hər yanım divardı mənim".

Dünyanın halını dünyanın sahibinə al-qana büküb yellərlə göndərmək istədiyi ürəyi ilə təqdim edir. Qafillərin eşitmədiyi bu şəfqətli çağırış sadə olduğu qədər də möhtəşəm bir bədii dil və ifadə ilə elan olunur. Ruhani hisslərin və ehtirasların təzyiqi altında əzilsə də, nəhayət ki, çətin yolları keçən şair yeni adını təqdim edir: "Şəkillənir qələmimdə/Doğulmamış bir adam./Mən şair deyiləm, yavrum,/Mən bir dəli rəssamam".

Mənalar baxımından bir-birinə çox yaxın olan bu şeirlər təriqətə girən şairin bütün mənəvi dərəcələri tamamlayanadək etdiyi ruhi səyahətlərin bədii təsviridir.

Şair "Minacat divani"sində ruhi səyahətlərilə birgə bizə günahlardan bağışlanma yolunu da göstərir. Allaha tapınıb günahını etiraf edir. Öz xoşu ilə cəza istəməklə bunu bacaracağımızı deyir:

...Halallıqla haqqa varmaq qəsdim oldu dünyada, -
Nəfsim çəkdi imtahana imanımı, - düz deyim.

...Tapındığım Adın oldu, tanıdığım kərəmin,
"La İlahə İlləllah!"dı cövhərində zərrənin.
Günahlardan yan ötmədim, ver cəzamı birə min,
Könlüm evi abad olsun, can evimə döz deyim.


Bu misralar insanı öz könlü ilə tanış edir, nəfsi ilə barışdırır. Burada özündən yıxılanların ayağa qalxması Haqqa və həqiqətə oyanmaqdan keçir. Özünə söykənib qalxmağın da bir yolu olduğunu deyir şair, - o, Haqqın qapısından keçməkdir. Şair yenə də Yunus Əmrə dərsindən yola çıxaraq yol azıb yıxılanların dostu olur. Yolda qalanlara Eşqin, məhəbbətin, abadlığın ünvanını göstərir.

Bunun ardınca "Cazibəndə dövrəkaram, təcəllana mailəm, // Varın, yoxun könlümcədi, şükür Sənə! - qailəm" - deməklə bizə Mövlana fəlsəfəsini xatırladır, əsl dinin sevgi və bilgi, varlığın Haqq və həqiqət olduğunu, şükürün isə könül xəzinəsi olduğunu xəbər verir.

Şairin "Dan üzünün türküsü" şeirini bu fikirlərin davamı olaraq təhlil edərkən onun növbəti ruhi səyahətinin əsrarəngiz təqdimatı ilə tanış oluruq - "Azan"dan öncəki sükut alatoran dünyamıza işıq salır:

Hələ alatorandır, açılmayıb dan üzü
Mübarək bir sükut var şəhərin göylərində.
Allahu Əkbər! - deyib güllənir tər qönçələr,
Tanrı təcəlla edib səhərin göylərində.

Dərin yuxuya dalıb yerdə nə ki canlı var,
Yarpaqlara sərilib yamyaşıl rənglər yatıb.
Açıb qapılarını göylər azan səsinə,
Bir ahəngə köklənib, cümlə ahənglər yatıb.


Sonra "Azan"ın ahəngi səba yeli kimi ruhumuza dolur, ürəyimizi açır, bilmədiyimiz, görmədiyimiz səhərlərdən xəbərlər gətirir. Bu xəbərlərlə eşitməyən qulağımız eşidir, görməyən gözümüz açılır, hüzünlü qəlbimiz şad olur. Bu səs bizə bütün dünyada haqqı həqiqətən sevənlərin bir vaxt bir araya gələcəyi fikrini də öyrədir...

İbrahim İlyaslının könül səmasından şeirlərə enən inancları çağlayan bulaq kimi qəlb odumuzu söndürməkdə davam edir. O şeirlər ki, insanı yaradılışının sirrini öyrənməyə çağırır.

Sanki insanın yaradılış tərkibindəki Torpaq ona torpaq kimi səbrli olmağı; torpağın bitirdiyi gül-çiçək ona gözəl xasiyyəti; hər yaz yenidən dirilməsi Allaha təvəkkül etməyi; barı-bərəkəti səxavəti, lütfü, xalqa təmənnasız yaxşılıq etməyi; dünyasını dəyişənləri qoynuna alması xalqının izzət və namusunu qorumağı və s.; Su isə təmizliyi, paklığı, hirsini sərinlətməyi, günahını yuyub-axıtmağı öyrədir ki, bu sifətlər də İnsan-Allah birliyi görüşüdür. Təbii ki, bir də bu sifətlərin əksi var ki, rüzigarın tərsinə əsdiyi dünya halı - yalan, kin, nifrət, xəsislik, nəfs, təkəbbür, şəhvət, tamah, paxıllıq və s. maddi bədənin və ədəbi ruhun ziddiyyəti kimi insanda birləşib. Torpaq və Su cənnəti təmsil edirsə, Od və Hava (Yel) də cəhənnəmi təmsil edir.

Şair bu ziddiyyəti "Müxəmməs"də belə təsvir edir:

Tanrım, necə dünyan varmış? -
Nələr qandım, nələr gördüm!
Bəzənən quru budaqlar,
Doğranan düymələr gördüm.
Savaşlarda qanım axdı,
Toylarında nəmər gördüm.


Bütün bu sifətlərlə yanaşı, Allah insana ağıl və iman da verib. Ağıl Allahın əbədi nurundan, iman isə Allahın hidayətinin nurundandır ki, bu iki meyar insanın qurtuluşudur. Ağılla imanın birləşdiyi qəlb sahibi isə elə bu dünyada ikən hətta "cəhənnəm"də olsa belə öz cənnətini aramağa başlayır - şairin dediyi kimi: "Oxusun dostum-düşmənim,/Eşitsin yaxınım-yadım:/İşıqda zülmət gəzmədim,/Zülmətdə İşıq aradım".

Şeirlərindən də göründüyü kimi, İbrahim İlyaslı sözlərdən abidə inşa edən bir dil memarıdır. O, özü də bunu bildiyi üçün müsahibələrinin birində qeyd edir ki, "Şeirimin qoşa bulaqlarının biri İrfan bulağı, o biri də Ozan bulağıdır". Elə bu fikrə əsaslanaraq deyə bilərik ki, İbrahim İlyaslı eyni zamanda bir saz şairidir. O, şeirlərindəki dərin mənalarla yanaşı, həm də üslubu ilə xalq yaradıcılığına söykənir. Şeirinin verdiyi ilhamla saz dilə gəlir.

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?

...Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?


- deyəndə saz sözlə danışır, göz gözlə görüşür. O ruhani havaya düşənlər özünü unudub, onun dili ilə onun danışdığı ilə danışır. "...Sən qisas yeri deyilsən,/Aralıqda batar qanım./Bu dəfə mənə rəhm elə,/Allahı sevərsən, xanım!" - deyərək könlü Tanrının olduğu qədər də Tanrı bəndəsinin eşqilə təcəlliyə məzhər olmayanlara bu dünyanın mənasız olduğunu, o biri dünyanın ikilik dalğasından xilas olmayanlara - birə qovuşmayanlara çətin olacağını söyləyir.

Demək ki, İrfanın hikməti olduğu kimi ozanın da dili var və dil hikmətin sirat körpüsüdür. İbrahim İlyaslı bədii dili ilə siratı keçib hikmətə varır. Onun şeirləri süzülmüş bal, tortasız yağ kimidir. Bu "bal", "yağ" həm sözlərin bir qəlib kimi yerinə oturması, həm də həqiqətin sirləridir. O sirlər ki, Tanrının pıçıltılarıdır və şair onları könül sazının dili ilə şeirlərinə köçürür.
İbrahim İlyaslı: əvvəlkilərin sonuncusu, sonrakıların birincisi
İbrahim İlyaslı özündən əvvəl gəlib, görüb, bilənlər kimi gəlib, görüb, bilənlərdən oldu. Gəlməyənlər görmədilər, bilmədilər də təbii ki... gəlib, görüb bilməyənlər isə özlərini tanımadan getdilər. Şair məhz o gözlü-qulaqlı kor və karlara müraciət edir:

Matdım-matdım nə baxarsan,
Bu Yer sənin, bu Göy sənin.
Səninkilər sənin deyil,
Bə sənin nəyin var, nəyin?!


Şair özü isə bu məsələni çoxdan çözüb. "Seyrangah"larda öyrəndiklərini dərlərib-toplayıb dürləndirir. Hamını öz ruhunu tanımağa çağırır. Səsini duymayanlara, yolda qalanlara baxıb başını bulayır. "Düyün vurulmaz ilməknən,/YAZI pozulmaz silməknən./Sənin azarın bilməknən,/Mənimki bilməməknəndi". Bu misraları oxuyarkən Sokratın məşhur deyimi yada düşür. "Bircə onu bilirəm ki, heç nə bilmirəm". (Əslində bu fikrin orijinal tərcüməsi belədir: "Mən onu bilirəm ki, heç nə bilmirəm. Başqaları isə, bunu da bilmirlər").

İbrahim İlyaslının "Sarı çiçək" şeirini Yunus Əmrənin "Sordum sarı çiçeğe" şeiri ilə müqayisə etsək, görərik ki, hər ikisi ağrı-acılardan, bəlalardan bal şirinliyində çiçəklər toplayıb könül gözəlliyilə misralarına düzmüşlər.

Sordum sarı çiçeğe,
Benzin neden sarıdır?
Çiçek der ki; ey derviş,
Ahım dağlar eritir.

...Yine sordum çiçeğe,
Gözün niçin yaşlıdır?
Çiçek der ki; ey derviş,
Bağırcığım başlıdır.

...Yine sordum çiçeğe,
Sizde ölüm var mıdır?
Çiçek der ki; ey derviş,
Ölümsüz yer var mıdır?

(Y.Əmrə)


***
İncədə bir gözəl ağlar, -
Sarı çiçək, sarıma, çiçək!..
Axşam ağlar, səhər ağlar,-
Sarı çiçək, sarıma, çiçək!..

O gözəli sevdiyindən
Ayırıb atarlar oda.
Gözlərindən enər dünya,
Dillərindən qopar nida: -
Sarı çiçək, sarıma, çiçək!..

Dili dönməz qarğımağa
Düşmən olan doğmasını.
Sarı güllərə qarğıyar,
Öldürüb, saxlar yasını, -
Sarı çiçək, sarıma, çiçək!..

(İ.İlyaslı)

Hansı zamanda, hansı məkanda, hansı adla deməsindən asılı olmayaraq, dünyanın bu iki "halal adamı", həqiqət yolçusu bildirmək istəyir ki, insanı xilas edən ancaq onun ədalət, şəfqət, yaxşılıq, gözəllik və sevgi adlı sifətləridir. İnsanlıq hissini, mənəvi dəyərləri qoruyub saxlamadan, xoşbəxtliyi duymaq səadətinə nail olmaq olmaz.

Haşiyə. Nəql olunur ki, bir gün, sonradan müəllimi olacaq Tapduk Emre Yunus Əmrəyə deyir ki, təvazökar olmaq istəyirsənsə "bilməm" zikrini et, bir müddət günlük duan bu olsun. Yunus da o qədər "bilməm" deyir ki, sonunda hər şeyi unudur. Ondan sonra kim nə soruşursa "bilməm" deyir. Axırda Yunusa biət verib Təkkəyə qəbul edir. Tapduk əfəndi Yunusa meşədən odun gətirməyi tapşırır. Yunus odunları düz, səliqəli doğrayıb gətirir. Müəllimi deyir, nə gözəl, düz odunlar gətirmisən. Yunus cavab verir: "Əfəndimin ocağına əyri sığmaz!".

İbrahim İlyaslı bütün yaradıcılığı ilə Mövlana, Yunus Əmrə mürididir. Əfəndilərinin ocağına əyri (onlara layiq olmayan) əsərlərlə girməz. Şairə görə poeziyada da irfanda olduğu kimi həqiqət həqiqəti aşdıqda həqiqətdir. O, çağdaş Azərbaycan ədəbiyyatında ədəb-ərkan, üsul-ərkan münasibətlərilə, sevgi və hikməti təlqin edən xüsusiyyətləri ilə seçilir.

Ömrünün 60-cı ilinə doğru gedən bu müqəddəs yolda şairi öz sözü ilə, Salamı-Haqqı, adil taxtı, mənəvi vaxtı ilə salamlayırıq.

Külli-aləm bir ola,
Bir anı əylədəmməz.
Vaxt bir Allah görküdü,
Vaxta Salam-Əleyküm!


"Ədəbiyyat qəzeti"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031