Şair Namiq Hacıheydərli vəfat etdi
Şair-publisist, araşdırmaçı Namiq Hacıheydərli vəfat edib.
MANERA.AZ xəbər verir ki, bir neçə gün öncə komaya düşən Namiq Hacıheydərli bu gün xəstəxanada dünyasını dəyişib.
O, 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub.
AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri olub. Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü idi.
Qeyd edək ki, Namiq Hacıheydərli "Ey türk doğulan", "Səni tapan itirməz", "Muğanın səsi" kitablarının, onlarla elmi-publisistik məqalənin müəllifidir.
Allah rəhmət eləsin!
Şairin bir neçə şeirini oxuculara təqdim edirik.
Doğru
Bilmədim qul, şah eşqi,
Gecə, nə sabah eşqi.
Ürəkdə Allah eşqi,
Gedirəm sona doğru.
Quş kimi söz dənlədim,
Təkcə, Sözdən inlədim.
Övliyalar dinlədim,
Baxmadım şana doğru.
Bu sevgi candan gəlib,
Sümükdən, qandan gəlib..
...Əvvəlim Ondan gəlib,
Dönəcəm Ona doğru.
Sizi
Verin dərdi dərd üstündən,
Gülüb yandıracam sizi.
Qanlı yaşı gözlərimdən,
Silib yandıracam sizi.
Həm savab, həm suçum ilə,
Gedirəm qəm köçüm ilə,
Dərdimi öz içim ilə,
Bölüb yandıracam sizi.
Şər işləri nə danmadız,
Nə pislikdən usanmadız.
Yaşadım, mənə yanmadız,
Ölüb yandıracam sizi.
Olar
Ömrü yellərə vermək
Aqillərə ar olar.
Bir mürşid yanılarsa,
Min-min mürid xar olar.
Könüllərdə qalanlar;
Dünyada iz salanlar.
Var ikən yox olanlar,
Yoxkən necə var olar?!
Ulus, yurd nədi bilməz,
Canda varsa yad nəfəs.
Özgədən süd əmən kəs
Özgələrə yar olar.
Bədbəxt kimdi; yol əyən,
Qazancını yeməyən.
Haqqı görüb deməyən
Kor olar, həm kar olar.
(Söz demə almayana,
Tanrıdan dolmayana).
Könlü tox olmayana
Geniş yer də dar olar.
Yox! – deyib batma yasa,
Var! – söylə – var, hardasa;
Üç-beş yaxşı olmasa,
Yaşamaq çox zor olar.