Aşiqin saf diləyi-arzusu, sevdası gözəl - Qəzəllər

MANERA.AZ Hatəm Əsgərovun qəzəllərini təqdim edir:
Aşiqə sevdiyi yarı, güli-rənası gözəl,
Hüsnü min bir can alan dilbəri, zibası gözəl.
Fərhad öz Şirinini sandı canından da şirin,
Çox idi türfə gözəl-Məcnuna Leylası gözəl.
Vüsalın şərbəti sərraflara kövsər əvəzi,
Aşiqin saf diləyi-arzusu, sevdası gözəl.
Adı dillərdə gəzən doğma, sevimli Bakının
Xəzər adlı dənizi, dalğalı dəryası gözəl.
Qarabağda nə qədər abidələr məhv olmuş,
Bu gün hər bir daşının şövq ilə bərpası gözəl.
Gətirər el-obada hamıya hörmət əməli,
İnsanın tutduğu yol-işlərin əlası gözəl.
Qəzəli söz, sənət arifləri, Hatəm, oxuyar-
Eşq odundan yarana, həm ola mənası gözəl.
***
Günəşin nurunu hüsnün ilə nisbətmi deyim?
Qəlbimə hakim olan ecaza qüdrətmi deyim?
Aşiqin ləblərini, istədi öpsün yuxuda,
Dəli sevdasına eşq, sevgi, cəsarətmi deyim?
Qaşların səcdəsinə gəlmişəm, ey şux, yenə də,
Qovuşub arzuma, çatmış sona həsrətmi deyim?
Niyə pərvanə yanır daima şəmin oduna,?
Adına zövqmü, həvəsmi, ya məhəbbətmi deyim?
Dolanıb gündə dəmadəm səri-kuyində sənin
Keçmişəm tuli-siratı, bura cənnətmi deyim?
Yaşayır Hatəmin eşqi yeni əfsanə kimi
Bu məhəbbətlə keçən ömrə rəvayətmi deyim?
***
Od aldı səmalardan alovlandı Çahargah,
Oddan nur alıb nur ilə canlandı Çahargah.
Arifləri məftun eləd-hikməti sonsuz,
Dürr, inci dolu dalğalı ümmandı Çahargah.
Diqqət elə, gör bir nə deyir odlu nidası,
Qəlbin səsi, fəryadıdı, üsyandı Çahargah.
Mahirsən əgər meydana çıx mahiranə sən,
Əhli-hünərə gör necə meydandı Çahargah.
Ahəngini duy, olma "Müxalif"lə müxalif,
Sirdaş ürəyə daima ünvandı Çahargah.
Gəldi sari sim özgə bir avazla "Hasar"da,
Diqqət yetirən kəslərə şayandı Çahargah.
Hatəm səni bənzətsə cana varmı xətası?
Könlüm evinə yox əvəzi-candı Çahargah.
MANERA.AZ