manera.az
manera.az

Məni mən eyləyən bu kədər gözəl - Yeni şeirlər

Məni mən eyləyən bu kədər gözəl - Yeni şeirlər
Rüstəm Behrudi - 65

Tövbə

Nəğmə oxuyuram, söz ilmə-ilmə
Tale toxuyuram ilməsi köz-köz.
Elə toxuyuram dərdimi, Allah,
Bu cür hörümçək də toxuya bilməz.
İlahi, sən mənə bir az səbr ver,
Hisslərin əlindən qopar, çək məni.
Yoxsa ki, tezliklə dəlisov ürək
Bir qəfil ölümə çəkəcək məni.

Məni gözləyən var min ildi bəlkə,
Gözləyə-gözləyə alışır goru.
Döyüş gərəkdisə, qoy varım-gedim
Məni gecikməyin şərindən qoru.
Kim məni qurtarar görən özümdən,
Dərdi-dərdim oldu nədən özgənin.
Mənim bədənimdə kimin ruhudu,
Bəlkə ruh mənimdi, bədən özgənin?

Bəlkə ruh mənimdi-bədən özgənin,
İlahi, ruhuma, boyuma bir bax,
Bu ruhu günahsız dolandırmağa
Div boyda bir bədən gərəkdir ancaq.

Əvvəlin sonu yox, sonun əvvəli,
Bu canım ruhuma qənimdir, nədən?
Bu əllər, bu saçlar, bu göz mənimmi?
Yoxsa özgə ruhu gəzdirir bədən?

Günah içindəyəm ruhum didərgin,
Günahın həmişə - son ucu tövbə
Sözümdən boylanan bu tənhalığım
Ruhumun önündə sonuncu tövbə.

İlahi, sən mənə bir az səbr ver,
Hisslərin əlindən qopar, çək məni.
Yoxsa ki, tezliklə dəlisov ürək
Bir qəfil ölümə çəkəcək məni.

Mən qəm yolçusuyam...

Mən qəm yolçusuyam, qəm mənə neylər?!
Allah, fikrimdə də yalquzaq kimi...
Məni anlayan yox, məni duyan yox
Başını itirmiş bu yer üzündə.
Bu cür təkliyimdə, tənhalığımda
Mənəm bu dünyanın sonu, əvvəli
Nə axır bilinir, nə də ki əzəl
Oturub bir qərib çölün düzündə.
Elə bu təkliyə, bu tənhalığa
Ürəkdən qurd kimi ulamaq gözəl...
Ulaya-ulaya varıb bir dağa
Ordan da özünü sonsuzluqlara
Dərin bir dərəyə tullamaq gözəl...

Ruhumu günahkar canın əlindən
Birtəhər qurtarıb ulu göylərə
Günahsız tərtəmiz yollamaq gözəl.
Gözəl, vüsallardan ayrılıq gözəl
Gözəl, yaxınlardan uzaqlar gözəl.
Bayraqlı parçalar dursun bir yana
Güllə yarasından çiçəyi açmış
Köynəklik parçadan bayraqlar gözəl.
Sevinci qəm olan ağrısı nəşə
Məni mən eyləyən bu kədər gözəl.

Boylanıb dərdimin pəncərəsindən
Bircə yol adam tək özümə baxdım
İlahi, içimdə gizlənən MƏN-im
Görünən mənimdən nə qədər gözəl.

...Mən qəm yolçusuyam, qəm mənə neylər?!
Könül, yol yoldaşı de yazaq kimi?
Məni anlayan yox, məni duyan yox,
Allah, fikrimdə də yalquzaq kimi...


* * *
Başımdan dumanlı fikirlər keçir,
Görəsən xoşbəxtmi yazdığım yazı?!
Görəsən ,aldatmır bu fikir məni,
Ki, “quzu” sözündə yazıqlıq yatır,
Ya “yazıq” sözündə yaşayır quzu?!

Hara ki, yetmədi əlimiz bizim?
O yerə həmişə biz uzaq dedik.
Meydanda tək qoyub qurdu,sonra da ,
Qayıdıb namərd tək “yalquzaq” dedik…

Başımdan dumanlı fikirlər keç
Fikrə,düşüncəyə nə qorxu,hədə?!
Fikirdə yaşayır azadlıq,ancaq,
“Azadlıq” deməkdir fikir bəlkə də.

Bu gün uzaqlar uzaqlığından bezib,
Düşüncəm ,fikrim də azadlığından…
Quzular yazıqlığından bezib,
Qurdlar da ,qurdlar da yalqızlığından,
Mən niyə özümdən bezmirəm,allah?!

Uzaqlar…
Bu fikrim…
Bu quzu,bu qurd…
Bir də ki,sevdası başımdan heç vaxt
Çəkilməyən yurd…
Bir də ki,sinəmdə daş əridən ah…
Mən niyə özümdən bezmirəm allah?!

Mən fağır bir dərvişəm

Tanrı dağına yol gedir,
Bu yol hər yannan keçəcək;
Tanrımız qurban istəyir,
Kim görək cannan keçəcək?

Tanrı mənə gör neylədi,
Yol verib yoldan əylədi,
Bir fağır dərviş eylədi,
Bu yol ki, qannan keçəcək!

Mən fağır bir dərvişəm,
Tanrı dağından gəlmişəm,
Ora dəvətdir iş-peşəm
Haqq yolu onnan keçəıcək.

Ey Tanrım,qəlblərə gəl dol,
Qəlblərə dol,and yeri ol,
Kim səni görsə bircə yol,
İmannan,dinnən keçəcək.

Gözləmişəm,nə haqq gəlib,
Nə haqq gəlib,nə baxt gəlib,
Zaman görən nə vaxt gəlib,
Haqq adlı annan keçəcək!?

Nə yapsam günah,səhv ilə,
Getdiyim yola əhf elə,
Üzü Altaya dəfn elə,
Son yolun mənnən keçəcək.

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31