manera.az
manera.az

Öpüşlərin ən şirini - Yeni hekayə | MANERA.AZ

📅 05.06.2023 13:06

Öpüşlərin ən şirini - Yeni hekayə | MANERA.AZ
MANERA.AZ Rəşid Bərgüşadlının "Öpüşlərin ən şirini" hekayəsini təqdim edir:

İndiki kimi yadımdadı, atam sübhdən geyinib-keçinmişdi. Heç olmayan kimi yatağımdaca yuxulu üzümdən öpüb telimi sığallayanda içim sevincdən atlanmışdı. Anam arxasında durmuşdu, gülümsünürdü. Otaqdan çıxanda: – Hara gedirsən belə, ata? – valideynlərimi belə mehriban görmək çox xoşuma gəlmişdi.

– İndi qayıdıram... – hiss edirdim ki, nəsə “torbada pişik var.” Fərəhlə sərin, ipək üzlü yorğanımı qucaqlayıb ayaqlarımın arasında sıxcaladım: “Bəs niyə hər səhər məni bax beləcə öpüb telimi sığallamır?” – quşum cənnətdə uçurdu... Heç bir saat keçməmiş atam orta yaşlı, daz və kök bir kişiylə qayıtdı. Kişinin əlində balaca nimdaş çemodan vardı. Onların arxasınca atamın dostu Süleyman əmi, sonra anam əlində məcməyi içəri girdi.

Anam təm-təraqla onların qabağına mürəbbəli çay qoydu və eşiyə çıxanda mənə elə rəhmlə baxdı ki, çırtma vursaydın qanı çıxardı, gözünün yaşını axıtmaq üçün himə bənd idi. Dalağım sancdı ki, hər nədirsə, qəziyyə mənim başımdadır. Qarıxmışdım, çişəyə çıxmaq istəyirdim, amma yad kişidən utanırdım ayağa çılpaq durmağa. Çaylarını içib qurtaran kimi qonaq “bismillah” deyib çemodanını açdı, içindən qamış, ülgüc, dərman şüşəsi və pambıq çıxarıb, “Hə, başlayaq!” – deyəndə Süleyman əmi stulun birini yatağımın yanına çəkdi: – Hə, dur görək, cəngavər kirvəm! – üzümə gülsə də, eynimı aça bilmədi.

– Siz neyləmək istəyirsiniz?! – atama baxdım. O isə yenə başımı sığalladı.

– Mən bacarmaram… – dedi və dəvəsi ölmüş ərəb kimi başını sallayıb dinməzcə eşiyə çıxdı. Süleyman əmi yorğanı üstümdən götürüb biləyimdən yapışdı: – Kişilərin cərgəsinə qoşulmaq zamanın yetişdi, müsəlman edəcəyik səni – deyəndə anladım atam niyə iki gündür mənə pülüyümü tez-tez çevirməyimi tapşırırmış... Eyvandan hasar qonşumuz Səltənət xalanın səsi gəlirdi: – A Südabə, o gün olsun böyük toyun görək!.. – anama gözaydınlığı verirdi. Ürəyimə damanı ağlıma sığışdıra bilmirdim və əlimlə qabağımı tutub mat-məəttəl ayağa qalxdım. Bir gözüm qapıdaydı ki, necə aradan çıxım. Dirəndim. Süleyman əmi gördü ki, təkbaşına mənimlə bacarmayacaq, onda Səltənət xalanı köməyə çağırdı.

Arvad içəri girən kimi gülə-gülə: – Hə, Allahqulunun əbrəş danası, indi sənin bəyirtini kəndlə bir edəcəyik! – qıpqırmızı üzümə belə deyəndə bildim ki, məni sünnət edirlər. Nitqim tutuldu, sidiyim kisəmdə yoxa çıxdı, bayaqkı dimdik duduşum qınına girdi. Çabalayıb qolumu məngənədən qoparmaq istədim, amma bununla işi daha da sürətləndirmiş oldum. Süleyman əmi qoltuğumun altından iki biləyimi də qamarlayıb məni havaya qaldırdı. Dəllək tursiyimi bircə anda çəkib əynimdən çıxartdı. Basıb kətilə oturtdular məni. Səltənət xala ərinməz-ərinməz arxamızda yerə sərilib aşağıdan ayaqlarımı qamarladı.

– Buraxın məni, istəmirəm! Müsəlman olmaq istəmirəm! – gücüm çatan qədər çabaladım.

– Öz xoşunasan?! Ağzın nədir istəməyəsən!? Ölünü özbaşına buraxsan, kəfəni yırtar! İstəyirsən sənə heç kim qız verməsin, ay əbrəş dana!? – Səltənət xala Süleyman əmidən beşqat güclüymüş: – Di başlaginən, canım çıxdı burda! – hıqqıltıyla kətilin altından dəlləyə bağırdı. Elə bil ayaqlarımı kətilə qandallamışdı arvad. Səltənət xala ağızdan bir az latayır arvad idi. Həmişə bizə gələndə padaraf zarafatlarından doymurduq. Anam hər dəfə göz-qaşla yanlarından qovsa da, mən onun şirin qeybətlərinə axıradək qulaq asmaq üçün özümü qanmazlığa vururdum.

Baxırdın ki, biədəbin biridir, amma kənddə onun söz-söhbətindən inciyən, xətrini istəməyən yox idi. Mənə “Allahqulunun əbrəş danası” deyirdi. Kəndçimiz Allahqulu kişinin törəş, qaşqalı herağaş danası düyəyə tullananda dalıqatda yerə sərilib özünü dilə-dişə salmışdı. Səltənət xala da gödək boyuma lağ üçün bu ayamanı qoşmuşdu mənə. Başı ağrıyanda mənə deyirdi: – “Ə, Allahqulunun əbrəş danası, bir əllə görüm başımı. Özün də dua elə, deyirlər Allah uşaqların duasını tez eşidir.” Mən də: “Allah baba, sən Səltənət xalanın başının ağrısını tez kəs” – deyib onun alnını ovuşdurardım. And içirdi ki, əlim düşərlidir...

– Süleyman əmi, qurban olum, burax qollarımı. Söz verirəm, sakitcə dayanacağam. Çişim gəlir, qoyun gedim işiyim, sonra neyləyirsiniz eləyin.

– Keçəl suya getməz!. Ə, danabaş dəllək, sən də kəs qurtar dayna! – Səltənət xalanın hıqqıltısı əsəblərimi oynadırdı. Əlimdə əlacım olsaydı, bu saat onu ülgüclə qıyma-qıyma doğrayardım: – Səni görüm öləsən, Səltənət xala! Bir də başını əlləsəm, Allah məni öldürsün!.. – gücüm ancaq şüvən qoparmağa çatırdı.

– Ya bismillah! – söz dəlləyin ağzından çıxan kimi əl-ayağımı elə bil kətilə mıxladılar, nə qədər qurcuxdumsa ülgücün iti ağzından canımı qurtara bilmədim.

– Ata, kömək elə, yalvarıram, qoyma, axı məni diri-diri doğrayırlar! Mən qorxu-u-uram!.. Yan-dı-ıım, ana!!! – bircə anda elə bil paçamın arasından tutmuş ta boğazıma qədər qaratikan koluna bürədilər məni. Dəllək ülgücü yerə qoyanadək dişlərimi bərk-bərk sıxdım, pülüyümü çevirib yaraya rivanol vuranda ağzımı ayırıb sinədolusu bəyirdim: – Oğraşlar! Sizin ananızı!.. Mən daha sizin balanız olmuram! – eşikdə mənim bağırtıma qulaq asan valideynlərimə idi son ismarışım. Onlar əziz-xələf balalarını bir qansız, iki insafsıza tapşırıb, özləri də qorxaq kimi divar arxasında gizlənmişdilər. Bu anda hər kəsə nifrətimdən bağırırdım. Səsim məhəlləni başına götürmüşdü...

Gözlərimin nuru qayıdanda gördüm ki, Səltənət xalanın nəvəsi Ayşən eyvanın pəncərəsindən içəridəki həngaməni bayaqdan izləyirmiş. Onu elə vaxt gördüm ki, artıq sidiyimi saxlayacaq gücüm qalmamışdı və doğranmış sinirlərim mənə qulaq asmırdı. Və gözüm Ayşəndə ola-ola özümü buraxdım. Dəllək sinəsini ha çəkməyə çalışsa da, çox gec idi, boyun-boğazını yaxşıca islatdım. Ayşən dəlləyin sidik şırnağımla başıhəşirinə qalmağına irişirdi. Səltənət xala yerdən mırıldandı: – Eybi yoxdur, sidik daha tez sağaldır yaranı, qoy işəsin... Çox ağrıdır, ə, Allahqulunun danası? – deyəsən o da sidiyimdən nəsibini almışdı.

– Allah betərini başına gətirsin! – dəllək yaramı üfürə-üfürə ağrını səngitmişdi, amma hələ də hikkəliydim. Süleyman əmi dəlləyin halına gülürdü, dəllək dayanmadan acışan gözlərini silirdi, bircə Səltənət xala insafa gəlib, ya da yorulub ayaqlarımı buraxdı. Amma nolsun, istəsəm də indi dizlərimi sıxa bilmirdim, ayağa qalxmağa taqətim yox idi, sanki ülgüc məni iki şaqqa bölmüşdü. Yarama nəsə pudra səpib cunayla sarıdıqdan sonra valideynlərim və Ayşən içəri girdi. Anam atamın maykalarından birini əynimə geydirəndən sonra məni təzədən yatağa uzatdılar. Ayşən cib dolusu alma qaxı, bir də iki lalıxlamış pırnıx gətirmişdi mənə. Onun gülərüz sifəti mənə od qoyurdu, elə bilirdim ki, bu saat məni lağa qoyub qəşş eləyəcək. Təhqir olunduğuma, rəzil halıma dayanmadan ağlayırdım. Bir azdan ard-arda gələn qonşuların gətirdiyi konfet-şokolad, danqa manatlıqlar, pay-püşlər də sınıq qeyrətimi dikəldə bilmirdi.

Bir həftə həyət-bacada atamın uzun köynəyində və sancaqlı alt tumanında gəzdim. Bu halımla bostan qoruyan müqəvvaya oxşayırdım. Ayşən də hər dəfə məni genbalaq licimdə görəndə gülürdü. Dünyada abrını itirmiş adamdan dəyərsiz, alçaq adam yoxmuş. O gündən sonra özümdən bir yaş balaca qızın yanında gözükölgəli oldum. O, görməli olmadığı hər şeyimi görmüşdü, yer yarılsaydı, torpağın altına girərdim...

Tez sağaldım. Yay tətili bitirdi. İndi 6-cı sinifə getməyə hazırlaşırdım. Məktəbdə çəkindiyim tək insan Ayşən idi. Onun gülümsər baxışı məni rahat
buraxmırdı. Amma qız comərd tərpəndi, gördükləri barədə məktəbdə kimsəyə bir kəlmə də demədi. Sonra azca sırtıldım: “Görüb, görsün də!” – indi üz-üzə gələndə sakitcə salam verib gözlərimi gizlədirdim, ancaq onunla tək qalmaqdan hələ də çəkinirdim.

Səltənət xalagilin evlərinə bitişik toyuq hinindən bir az böyük xosmaları vardı. “Yantey” dedikləri bu alçaq damın üstündə həmişə meyvə dilimləri sərib qurudardılar. İstədiyim vaxt qonşuya keçib alça axtası və lavaşı, tut qaxı, ərik, gavalı qaysısı, zoğal muxəşərindən dədə malı kimi yeyərdim. Bir dəfə də nərdivanı divara söykəyib dama qalxanda yanteydən Səltənət xalanın acıqlı səsini eşitdim: – Dinc dur, köpəyin qızı! Dalını çevir görüm!.. – şüşəsi çatlaq pəncərənin tuşuna boyum çatanda xəlvətcə içəri boylandım. Nənəsi Ayşəni dəmir tasda çimizdirirdi. Ayşənin sabunlu saçı, lüt əndamı, ayaqları gözümün qabağındaydı, – Bəri çön! – Səltənət xalanın səsinə əyilib başımı gizlətdim. Balaca pəncərənin şüşəsinə iki dənə iri mismar çaxmışdılar, görünür elə mismarlayan zaman şüşəni çatlatmışdılar və yarıqdan çeçələ barmağım keçərdi. Uslufca dikəlib yarıqdan yenə baxdım. İlk dəfə idi ki, lüt qız görürdüm və qızla oğlan arasındakı fərqə yaxından tamaşa edirdim. Özümü elə unutmuşdum ki, Ayşənin mənə lal-dinməz baxdığını görüb gizlənməyin çox gec olduğunu anladım. Səltənət xala su çömçəsini nəvəsinin başından əndərdi, qız üz-gözünü sığıyıb yenidən gözlərini üzümə zillədi. İndi ikimiz də qımışırdıq.

– Nəyə baxırsan, ay qız!? – Səltənət xala geri qanrılıb məni gördü, – Buy, vurğun təpəndən çalsın səni, bizi pusursan?! Sənin gözlərini çıxarmaq mənə borc olsun, əbrəş dana! Qəysəvələri yeyib qurtarma, qışda aşın altına qoymağa da bir şey saxla! – heç nə olmamış kimi təzədən öz işinə girişdi. Damda yayxanıb şaftalı qaysılarından bir ovuc götürdüm, heyva qurusuyla cibimi doldurdum. Və ilk dəfə elə buradaca düşündüm: “Əgər bu dünyada bir qız qismətimə yazılıbsa, o, Ayşən olmalıdır” – səbəbini bilmirəm, amma bu fikir ağlımdan o gün heç çıxmadı. Artıq içim rahatlanmışdı, – “İndi hünəri varsa, ağzından bir söz çıxarsın, mən də gördüklərimi hamıya car çəkib deyəcəyəm” – heç-heçəydik onunla. Onun hər məni görəndə necə utanacağını düşündükcə fərəhlənirdim. “Özünü gizlətməyə heç cəhd də eləmədi...” – qızın hünərinə mat qalmışdım. Sünnət vaxtı burnumun ucunadək məni qızardan o baxışları indi başqa cür xatırlayırdım...

Bilmirəm, on iki-on üç yaşlı oğlan uşaqları aşiq ola bilirlər, ya yox, amma indi hər gecə Ayşəni düşünürdüm, onun dəmir tasdakı çılpaq, şümal, qönçə bədəni məni sürətlə kişiləşdirirdi. Hətta özümü, həmişə sığalladığı sevimli pişiyinin yerinə qoyub xəlvətcə xumarlanırdım. Düz 8-ci sinfədək Ayşənə qarşı ayıbdan doğan məhrəmlik daşıdım içimdə. Yaşımız çatmasa da, göz və ürəklərimiz bir-birimizə utana-utana nələrisə pıçıldamağa qadir idi...

* * *

Doqquzuncu sinifdə oxuyanda eşitdik ki, Ayşən möhkəm xəstələnib. Daha məktəbə də getmirdi. O, indi tez yorulurdu, həyət-bacaya çıxmağa taqəti qalmamışdı. “Həftə səkkiz-mən doqquz uşaq qripdir. İştahı kəsilib. Yanından yel ötən kimi düşür yatağa” – Səltənət xalanın üzü qayğılı olmuşdu, daha əvvəlki kimi deyib-gülmürdü, elə bil ürəyinə nəsə pis şey dammışdı. Qızın əl-ayağında ağrılar artanda, dərisi müntəzəm avazıyanda və bədənində göy ləkələr əmələ gələndə hamı əl-ayağa düşdü. Ayşəni həkimə apardılar. O gecə Səltənət xala hıçqıra-hıçqıra bizə gəldi: – “Qız ölüm ayağındaymış, ağ qan qırmızı qanı yeyirmiş. Həkim deyir ki, çox gecikmişik...”

Bu xəbərdən belim qırıldı, burulğan içimdə nələrisə sovurub qorxunc boşluq yaratdı. Ayşənin ölə biləcəyini düşündükcə bədənim gizildəyir, özümə yer tapa bilmirdim: – “Bu yaşda adam ölərmi!?.” Di gəl, onun pərişan halını görmək istəmirdim, gözüm Səltənət xalanın yollarında qalmışdı. Tərs kimi də Ayşən xəstələnəndən bəri arvadın ayağı bizdən kəsilmişdi. Bircə anam tez-tez onlara keçib Ayşəndən xəbər gətirirdi: – “Elə bil ölüm ondan duyuq düşənlərin yolunu kəsmək üçün işini daha tez bitirməyə girişir. Qızın atası, əmi-dayısı nəyəsə qərar verməyə macal tapmamış, yazığın boyun-boğazında xırda düyünlər əmələ gəlib, qızdırması tez-tez qalxıb-düşür, sümüklərində dözülməz ağrılar başlayıb. Zavallıların nə mal-heyvanı vardısa dəyər-dəyməzinə satıblar ki, uşağı Bakıya aparsınlar. Amma yenə də pulları çatmır. Yaman ağır xəstəlikmiş, zəhrimara qalmış...”

Bakıya apardılar Ayşəni. Müayinədən sonra həkim: “İndiyədək sümük iliyi köçürülməliydi. Çox gecdir. Dalaq və qaraciyər şişib. Uşağa artıq əziyyət verməyin” – deyib. O gündən sonra Səltənət xalagilin evinə yas düşdü. Anam deyirdi ki, yazıqlar çarəsiz oturub ürək ağrısıyla Ayşənin dəhşətli sızıltılarına için-için ağlayırlar. Zavallı uşaq bir dəri-bir sümük qalıb. Eyvanda pərdədən ayaqyolu düzəldiblərmiş qıza...

* * *

O gün günəşli, xoş hava vardı. Ayşən nazik xalatda, əllərini qalın şala bürmələyib həyətdəki heyva ağcının dibində tək-tənha oturmuşdu. Onu çoxdan görməmişdim. Ara yolağadan onların məhləsinə keçdim. Məni görcək o məsum gözlər gülsə də, gülüşün rəngindən ağrının şiddətini duydum:

– İlman, niyə heç görünmürsən? – səsi incik idi.
– İndi necəsən?.. – əslində isə görünməməyimin bircə səbəbi vardı – onu ölüm yatağında can çəkən, ağrıların əlində çarəsiz inləyən görmək istəmirdim.
– Ağrılar gah dayanır, gah da güclənir. Çoxdandır havaya çıxmırdım, dedim günəşi son dəfə görüm... – burnunu çəkdi, dərhal doluxsundu. Demək, öləcəyini bilir! Bilmirdim nə təsəlli verim, özümü necə toxtaq tutum.
– Sağalacaqsan... – təsəllimin gerisi gəlmədi, qəhər qırtlağımda ilişib qaldı.
– Üşüdüm. İçəri keçək. Kömək elə... – ağrıdan üz-gözünü turşuda-turşuda ayağa qalxdı. Qoluna girdim, istisini biləyimdə duydum. Bilirəm ki, xətriyaxınam və bircə kövrək kəlmə məni dolmuş bulud kimi yağdıracaqdı. Eyvanın açıq kəllə pəncərəsindən dolan meh “ayaqyolunun” pərdəsini yelləyirdi. Yatağına oturtdum: – Təksən, nənən hardadır bəs? – biləyini şal dolağından çıxaranadək yorğanını açdım, yastığını yumşaldıb dikəltdim.

– Nənə tütün aratlamağa gedib... Qınamıram heç birini, artıq bu evdə bir-iki günlük qonağam. Məndən əllərini üzüblər, İlman. Mən indi onlara lazım olmayan əşya kimi bu evdə yerlərini dar eləyirəm...
– İnsafsız olma, onlar səni çox istəyirlər, belə deyib niyə günaha batırsan?
– Kim dedi ki, çox istəmirlər? Amma hökmüm verilib, dərdimin əlacı yoxdur, ölümə məhkumam mən... Əllərimə bax, gör skeletim necə çıxıb? – həqiqətən əl sümükləri nazik, şəffaf dərinin altından aydınca görünürdü, – Bilirsən necə ağrıyır bu sümüklər? Elə bil ki, iliyimə biz soxub oyurlar. Bumbuzdur əllərim, iyrənmirsənsə bir bax... Bir əlini ovcuma aldım, doğrudan soyuq idi. Ehmalca ovdum dərisini, sonra necə oldusa dodaqlarıma yapışdırıb elə titrək öpdüm ki, gözümdən bir damla yaş öz əlimin üstünə düşdü.

– Mən səni ölməyə qoymaram, amma özün də ölmək arzusundan əl çək. İstəyirənsə, hər gün yanına gəlim, səni darıxmağa qoymayım. Mən sənin bütün azarlarını, ağrılarını öz canıma çəkməyə hazıram... – hıçqırmağa başlamışdım, biləyimlə tez-tez gözümün mütüyünü silirdim. O, əlini başıma çəkdi, yanağımda saxladı. Düz gözlərimin içinə baxdı.
– Sən cənnətdən gəlmiş mələksən. Əvvəldən yanımda olsaydın, mən heç xəstələnməzdim, İlman... – “Bu onun sevgi etirafı deyildimi!?” – bir andaca özümü qayğı dəryasında üzən gördüm. Boynunu sinəmə sıxıb telini qoxladım.
– Ayşən.., bu xəstəlik Allahın məsləhəti ola bilməz. Sən nə ömür sürmüsən, bu dünyada nə görmüsən ki? Yox, sən bütün gücünü toparlayıb ayağa qalxmalısan, sağalmalısan! Sənin xoşbəxt günlərin hələ qabaqdadır...

– Gecdir, İlman. Sən bu ağrıların bircəciyini duya bilsəydin, belə deməzdin. Ölüm qorxusu qanımı qatılaşdırıb, canımın bu əzabdan birdəfəlik qurtarmağını istəyirəm. Bu ağrı sənə tanış olan sünnət ağrısından deyil. O zaman sənin necə ağrıdığını mən öz canımda hiss eləmişdim, amma sən bu acıların dəhşətini bilməzsən. Heç kimə arzulamıram bu ağrı-acını... Hər kəs necə sızladığımı görməmək üçün məndən qaçır. Bilmirəm nə günahın sahibiyəm ki, bəxtim içimi çölümə edam etdirir. Kim bilir, bəlkə də gələcək ağır bəlalardan canımı qurtarmaq istəyir yaradanım, axı qədəri tək bilən odur. Qayğısız yaşda olan bir qızın ölüm ayağında nə qədər arzusu olurmuş, İlahi... Bilmirəm necə anladım sənə... Mən bu dar macalda hər şeyi dadmaq istəyirəm, həm də çox tələsik... Amma ağrılar bütün istəklərimin üstünə elə hücum çəkir ki, bəxtimdən son acığımı da çıxa bilmirəm – onu anlamağa çalışırdım, iradəsi və arzuları qarşısında özümü çox aciz və məhkum hiss edirdim, – Qismətimdə qadın, ana olmaq, xoşbəxtliyin dadını duymaq yox imiş. İstəklərim təzəcə yarandı və özümlə birlikdə qəbrə gedəcək.

İnan ki, Allah məni təzədən diriltsəydi, nə geyim-kecim, nə yemək-içmək, nə də var-dövlət dərdi çəkərdim, sadəcə çox yaşamaq üçün ağrı-acısız quruca nəfəs istərdim. Bu da mümkün deyil artıq... Ancaq ən böyük arzularımdan birini sən həyata keçirə bilərsən... – həyəcanla onun gözlərinin içinə baxdım. Biləyilə burnunun qəhərini sildi, – Öp məni... Səndən bircə öpüş də olsa özümlə axirətə yadigar aparmaq istəyirəm, bircə mənə bunu çox görmə – səsi titrəyirdi bunu deyəndə. Yanaqlarını əlimə alıb alnından, boyun-boğazından, nəmli gözlərindən, sonra isə dodaqlarından öpdüm, onu sinəmə sıxıb hıçqırdım, – Sən ölsən, mən yetim qalaram, Ayşən. Mən səni çox istəyirəm, tanıdığım hər kəsdən çox...

Nənəsi gələnədək onun yanında qaldım. Onu bağrıma basmaqdan, öpməkdən doymurdum və o ağrılarını qismən də olsa unudurdu. Hətta, “Eşqlə çox oynama, vurularsan...” – deyib mənim dəlisovluğuma güldü...

Həmin gecə halı tamam xarablaşdı. Yanında çox adam olduğundan ürək edib gedə bilmədim. Amma bilirdim ki, indi onun ağrılarını səngidəcək tək çarə mənəm, onun əllərindən tutmağımı, bağrıma basmağımı çox istəyir. Gecəyarısı otağımda əlacsız vurnuxurdum ki, Səltənət xalanın tükürpədən qıyyasına tüklərim biz-biz oldu. Onlara götürüldüm. Amma gec idi. Ayşən keçinmişdi...

* * *

Ayşənin ölümündən düz on dörd il ötsə də, o qara matəmi ömrümün cırılıb oğurlanmış səhifəsi kimi heç vaxt unuda bilmirəm. Səltənət xalanın nəvəsinə dediyi ağıya gizlincə səs verərək hönkürməyim hələ də içimdəki boşluğu dəlməkdədır. Bu boşluğu heç nə ilə doldurmaq mümkün deyil. Ayşənimi dar məzara qoyanda onun dodaqlarında, yanağında axirətə apardığı öpüşlərimi son dəfə görmək üçün adamları yarıb məzarın düz qırağınadək gəlmişdim. Ağappaq kəfənə bükülmüş gözəlimin ağrıdan azad olmuş üzünü görüb təsəlli tapmaq istəyirdim. O da nəsib olmadı... “Allahsızlar, heç olmazsa üzünü azca açıq qoyun, bir az hava ala bilsin...” – onun üstünü torpaqlayanda zarıyıb daldaya çəkilmişdim.

Bir ara valideynlərim məcbur elədilər ki, evlənim, ailə-uşaq sahibi olum. Ancaq içimdəki boşluqla heç kimi bədbəxt etməyə razı olmaram. Bu qəlbin sahibi onu elə möhürləyib və açarını axirətdə elə gizləyib ki, fələk də gəlsə, tapa bilməz. Yaşamaq üçün sadəcə nəfəs almaq mənə yetər. Ölüm qaşla göz arasındadır, sevdiyimə qovuşmağa nə qalıb ki...


Baxış sayı - 602 | Yüklənmə tarixi: 05.06.2023 13:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031