manera.az
manera.az

Babamın xalçası - Hekayə

📅 30.08.2022 06:23

Babamın xalçası - Hekayə
Babamın ölümünü yaxşı xatırlayıram. Onda heç məktəbə də getmirdim. Ölüm xəbərini eşidən kimi atam məni də özü ilə kəndə aparmışdı.

Babamın xəstəliyi şiddətlənən vaxtdan anam kəndə gedərək, ona qulluq edirdi. Axı, babamın anamdan başqa övladı yox idi.

Mən də elə babamın bircə nəvəsiydim. Anam məni çox istədiyi kimi, babam da məni çox istəyirdi. Anam babamı da çox sevirdi, ona görə də bir ayağı daim kənddəydi. Artıq bir həftə olardı ki, anamı görmürdüm, onun üçün çox darıxmışdım.

Biz kəndə çatanda babamın həyəti adamla dolu idi. Mən babamın ölümünü atamdan eşitsəm də, bu qədər adamın bura niyə yığıldığını anlamırdım. Maşından düşən kimi həyətdəki adamların arasında anamı axtardım. Amma bu qədər camaatın içində nə anamı, nə də ki nənəmi görmədim. Düzünə qalsa, nənəm üçün heç darıxmamışdım da. Nənəm namaz qılan, ciddi, zabitəli bir arvad idi. Nədənsə mən ondan qorxurdum. Nənəmin məni nə qədər çox istədiyini bilirdim, amma mən babamı daha çox istəyirdim. Mən heç vaxt nənəmin nə ağladığının, nə də güldüyünün şahidi olmamışdım.

Babam isə əksinə - ürəyi yumşaq, çox mehriban və gülərüz insan idi. Saçı-saqqalı ağ, boyu uca, sağlam bədənli bir kişiydi mənim babam. Nənəm isə bəstəboy, arıq qadın idi. O, həmişə xəstə kimi görünürdü, gözümü açıb, ağlım kəsəndən nənəmin "ölürəm a kişi, ölürəm" dediyini eşidirdim. Babamın da ona "yatan ölmür, yetən ölür, sən belə tez ölən deyilsən, ay arvad" deməsini yaxşı xatırlayıram. Bəzən də nənəm:
- Deyəsən mən səndən qabaq öləcəm axı, a kişi, - söyləyəndə, babamın ona "qorxma, ay arvad, ölməzsən, pis adama heç nə olmur, sizin nəsil çox yaşayan nəsildir" deməsini də yaxşı xatırlayıram. Amma babam nənəmi çox istəyirdi.

Mən uşaq olsam da, bunu hiss edirdim. Nənəmin adı Rəhimə idi, amma babam onu “Qaragöz”, bəzən də “Gözəl” deyə çağırırdı. Nə isə …

Yavaş-yavaş evə doğru getdim, qapının kandarında tanımadığım bir arvad məni görcək bərk-bərk qucaqlayaraq üzümü sümürdü. Anamın məni öpməsiylə kənd arvadlarının öpüşlərinin fərqini mən bu cür ayıra bilirdim. Sümürdü - yəni, öpdü. Şəhərdəki evimizdə atam xəstələnən zamanlar anam onun kürəyinə “banka” qoyanda, nədənsə həmişə yadıma kənd arvadlarının məni öpməsi düşürdü.

Hə, həmin qadın anamı axtardığımı anlayıb, məni ağlaşma səsi gələn, babamın dediyi kimi, “qonaq” otağına apardı. Otağa girəndə anam məni görüb, yanına çağırdı. Arvadların hamısı qara geyindiyindən, səsini eşitsəm də, anamın üzünü onların arasında seçə bilmədim. Amma uzununa bükülmüş xalçanın baş tərəfində oturan nənəmi o dəqiqə tanıdım. Nənəm həmişə qara paltar geyinib, qara yaylıq bağladığından onu gözüm tez aldı. Anam key-key ətrafa baxdığımı görüb, mənə əl elədikdən sonra yaxınlaşıb, nənəmlə onun arasında oturdum. Anam səssizcə ağlayırdı, bunu o, məni öpəndə üzümün yaş olmasından bildim. Sonra nənəm də məni sümürdü, amma üzüm yaş olmadı.

Bütün qadınlar otağın ortasına uzadılmış bükülü xalçanın ətrafında oturmuşdu. Deyəsən, xalçaya bükülən mənim babam idi, axı o, ölmüşdü. Bu xalça evimizdə babam yatan otağın divarından asılmış yeganə xalça idi. Babam bu xalçanı çox sevirdi, çünki ona anasından yadigar qalmışdı.

Az sonra kişilər içəri girdi. Arvadların hamısı ayağa qalxdı. Qabaqda dayanan saqqallı bir kişi cibindən çıxartdığı balaca kitabdan nəsə oxumağa başladı. Mən nə qədər çalışsam da, bu saqqallı kişinin nə oxuduğunu başa düşə bilmədim. Amma nəsə vacib bir şey oxuduğunu anlayırdım, çünki hamı diqqətlə ona qulaq asırdı. Hətta bayaqdan ağlamaqda bir-birinə aman verməyən arvadlar da sakitləşmişdi. Saqqallı adam sözünü qurtarıb, sağ əlini üzünə çəkdi, sonra kitabı öpüb cibinə qoyan kimi 5-6 kişi xalçanı çiyinlərinə qaldırıb, otaqdan çıxdılar.

Arvadlar yenə də, bu dəfə daha bərkdən ağlaşmağa başladı, aləm bir-birinə dəydi. Onlar kişilərin arxasınca həyətə çıxmağa çalışırdılar. Bu basabasda anamı gözdən itirdim və onu həyətdə axtarmaq üçün çölə çıxdım. Xalçanı çiynində daşıyan kişilərdən biri də mənim atam olduğundan, tez ona yaxınlaşıb, şalvarının ətəyindən yapışdım və beləcə düz qəbristanlığa qədər getdik.

Babamı xalçanın arasından çıxartdılar, ağ parçaya bükülmüş halda məzara qoyub, üstünə çoxlu torpaq tökdülər. Sonra atam bir kənarda qalmış xalçanı büküb, cavan oğlanlardan birinə verdi, ona mənimlə birlikdə evə qayıtmasını tapşırdı. Biz həyətə girəndə oğlan xalçanı eyvanın kandarına qoyub getdi. Nənəm xalçanı götürüb evə girmək istəyəndə ondan soruşdum:

- Nənə, bu xalça babamın xalçasıdır, niyə onu evə aparırsan? Babamın üstünə sərərdik də, axı ona soyuq olar.
- Bəs, mən öləndə nəyə bükəcəklər?
- Bu xalçaya bükəcəklər deyə, ölmək istəyirsən? Hara aparırsan xalçanı, nənə?
- Lazımdır!

Nənəm xalçanı eyvanın məhəccərindən asıb, içəri keçdi. Bu vaxt qəbristanlığa gedən kişilər həyətə daxil oldu və təzəcə qurulmuş mağara keçib, çay süfrəsinə oturdular.
5-6 gündən sonra atam şəhərə qayıtdı. Mən anamla nənəmin yanında qaldım. Qonaqlar hələ də gəlib gedirdi. Həftədə bir dəfə arvadlar babamın “qonaq” otağına yığılıb ağlaşırdılar. Həm nənəm, həm də anam həmişə onların arasında olurdu, amma daha xalçanı büküb ortalığa qoymurdular. Xalça yenə öz yerindən - babamın yataq otağında divardan asılmışdı.

Atam kəndə qayıdan günün səhəri yenə də həyətimizə çoxlu adam yığılmışdı. Kişilər həyətdə qurulmuş mağarda, arvadlar isə yenə də “qonaq” otağında oturmuşdular. Babamın şəkli həmin xalçanın üstündən asılmışdı. Mağarda oturan kişilər çay içir, evə yığılan arvadlar isə yerdə oturub, ağlaşırdılar. Amma bu dəfə də ortalıqda xalça yox idi.

Bir həftədən sonra atam babamın evinin qapılarını bağladı, hində olan toyuq-cücənin hamısını maşının arxasına yığıb bizimlə birlikdə şəhərə qayıtdı. Şəhərdəki evimiz 12 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən üç otaqdan ibarət idi. Biri qonaq, digər iki otaq isə yataq otağı idi. Birində atamla anam, o birində isə mən yatırdım. Amma indi mənim otağımda nənəmlə birlikdə yatırdıq. Gecələr nənəm mənə nağıl danışır, hərdən də babamla bağlı xatirələrini söyləyirdi.

Bəzən bu əhvalatlar mənə məzəli gəldiyindən gülürdüm, amma nənəm heç vaxt gülməzdi. Mən yavaş-yavaş nənəmə isinişməyə başlamışdım. Bağçaya gedəndə də evə tez qayıtmaq istəyirdim, artıq nənəm üçün darıxdığımı hiss edirdim.

Bir gün gecə nənəmin səsinə yuxudan ayıldım. Nənəm mənim oyandığımı duymamışdı, onun babamın şəklinin qarşısında oturub, xısın-xısın ağladığını gördüm. Əvvəl gözlərimə inanmadım, amma onun ağladığına əmin olduqdan sonra, yorğanı başıma çəkib, yuxlamağa çalışdım. İstəmirdim ki, onun belə sakit-sakit ağladığını mənim gördüyümü nənəm bilsin. Bunun başqa-başqa vaxtlarda da daha bir neçə dəfə şahidi oldum. Həmin gündən sonra mən nənəmi daha çox istəməyə başladım.

Atam o vaxt kənddən gətirdiyi toyuqların beş-altısını kəsdikdən sonra, anamla nənəm onların tüklərini yolub soyuducuya yığdılar. 20-30 toyuq-cücəni isə atam həyətimizdəki boş qaraja salıb, qapısını bağladı. Onların içində bir dənə də xoruz var idi. Nənəm dükanda satılan toyuğu yemədiyindən atam evə daha mağazadan toyuq almırdı. Soyuducuda olan toyuqlardan anam gözəl xörəklər bişirirdi.

Soyuducuda toyuq azaldıqca atam yenə qarajdakılardan bir-neçəsini kəsir, anam da nənəmlə birgə onları yolub soyuducuya yığırdı. Nənəmin bizdə yaşadığı gündən atamın və mənim həmişə ləzzətlə yediyimiz kolbasaların nəinki yeyilməsi, alınıb evə gətirilməsi də artıq qadağan olundu. Atam avtobus sürücüsü olduğundan, hər dəfə rayonlardan evə qayıdan zaman təzə quzu, dana ətiylə yanaşı, diri toyuq da alırdı. Hər dəfə də gətirdiyi diri toyuqları qaraja salar, əti isə evə qaldırardı.

Nənəm də onu qarşılayar, dolu nzənbili əlindən alardı. Əti zənbildən çıxardıb masanın üstünə qoyan zaman o, atamı sual dolu baxışlarla süzürdü. Atam da çayını içə-içə:

- Narahat olma, Rəhimə xala, yanımda üzü qibləyə kəsilib, halal ətdir, - deyib, hər dəfə də babamın goruna and içirdi.

Günlərin bir günü atam nə səbəbdənsə işdən çıxıb, Moskvaya yola düşdü. "10 günə qayıdıram" desə də, artıq getdiyi 5 ay idi. Düzdür, ara-sıra evə pul göndərirdi, amma bu qədər müddətdə geri qayıtmadığına görə anamın narazı olmasını onun deyinməyindən hiss edirdim. Səfərə çıxmamışdan qabaq atamın soyuducuya doldurduğu ət də yavaş-yavaş azalırdı. Artıq anam qarajdakı toyuqları kəsdirməyə başlamışdı.

Anam toyuqları adətən qaraj qonşumuz olan Eynulla kişiyə kəsdirirdi. Bizdən fərqli olaraq, Eynulla kişi qarajında toyuq yox, göyərçin saxlayırdı. Eynulla kişinin hər səhər gün çıxandan axşam gün batana qədər işi-gücü göyərçinləri uçurtmaq olurdu. Eyvandan baxanda onun hərəkətləri mənə gülməli gəlirdi. Quşların hamısını qarajdan çölə çıxardan Eynulla kişi qəfildən onları hürküdüb göyə qaldırır, sonradan uzaqlara uçan göyərçinlər üçün dən səpir və fit çala-çala onları yerə səsləyirdi.

Saatlarla boynu yuxarı halda qalan Eynulla kişi nə vaxt yeyir, nə vaxt içir, bax bu, mənə sirr olaraq qalırdı. Eynulla kişinin qonşuluğundakı qaraj isə Pyotr dayının idi. Onun adı Pyotr olsa da, hamı onu Petya dayı deyə çağırırdı. O, öz qarajından emalatxana kimi istifadə edirdi. Nəinki qonşuların elektrik əşyalarını, hətta kənardan gələnlərin də məişət avadanlıqlarını təmir edir, bütün günü qarajda oturub, işlə məşğul olurdu.

Petya dayı Bakıda doğulmuş, məktəbi burda oxumuş və bu həyətdən də əsgərliyə getmişdi. Əsgərlikdən qayıdanda isə özü ilə Valya xalanı gətirmişdi. Valya xaladan fərqli olaraq Petya dayı hamı ilə Azərbaycan dilində danışırdı, özü də təmiz Bakı ləhcəsi ilə. O, təkcə arvadı Valya xala ilə rusca danışırdı. Onların balaca oğlu ilə mən dostluq edirdim. Ruslan mənim yaşıdım idi, azərbaycanca da təmiz bilirdi.

O, atası ilə bizim dildə danışsa da, amma anası eyvandan səsləyəndə nədənsə ona rusca cavab verirdi. Onun iki dildə danışmasına heyranlıqla baxırdım və buna görə də mənim dostum olan Ruslanı özümdən ağıllı sayırdım. Amma bir gün baş verən hadisədən sonra onun heç də məndən ağıllı olmadığına əmin oldum. Deməli, məsələ belə oldu…

Bir gün bazar günü olduğundan baxçaya getməyəcəyimi bilib, yatağımdan qalxmaq istəmirdim. Amma çox keçmədi ki, nənəm məni mətbəxdən səslədi. Anam da evdə yox idi, onun bu gün tezdən yarmarkaya gedib bazarlıq edəcəyini hələ axşamdan bilirdim. Mətbəxə gələndə nənəm qarajın açarını mənə uzadıb dedi:

- Nənə qurban, get qarajın qapısını aç, orda bir xoruzumuz var, onu tut, ver Eynulla kişi kəssin, gətir. Al, bu ləyən, bu da bıçaq.

Mən nənəmin tapşırığını yerinə yetirmək üçün liftlə həyətə endim. Qarajın qapısını açdım, xoruzu tutub, çölə çıxaraq, qapını bağladım. Amma birdən Eynulla kişinin qarajını bağlı görüb, yerimdə donub qaldım. Bu vaxt atasının qarajından çıxan Ruslan, məni görüb yaxınlaşdı. Eynulla kişiyə xoruzu kəsdirmək istədiyimi bildikdə:

- Dyadya Eynulla getdi, arvadını balnitsaya apardı, - deyib, üzümə baxdı.
Mənim pərt olduğumu görən Ruslan əlimdə tutduğum xoruza işarə edərək, dedi:
- Davay, gəl bura. Mənim atam ki burdadır, o kəsər, davay poşli.

Bu, heç mənim ağlıma gəlməmişdi, sevincək onun arxasınca düşüb, Petya dayının qarajına girdim. Ruslan atasına məsələnin nə yerdə olduğunu anlatdı. Petya dayı gülümsündü və Bakı ləhcəsi ilə:

- Problem yoxdur, petuxu vər bura, - deyib, elə qarajın içindəcə xoruzun başını kəsib, ləyənə qoydu.
Mən də bıçağı və içində kəsilmiş xoruz olan ləyəni götürüb, sevincək blokumuza tərəf qaçdım. Axı ilk dəfə idi ki nənəmin tapşırığını yerinə yetirmişdim. Liftlə yuxarı qalxdığım anlarda özümü kişi kimi hiss edirdim. Mən evə girdikdə artıq anam da bazardan qayıtmışdı.

Anam əlimdən ləyəni alıb:
- Ay mənim kişi balam, ay mənim kişmiş balam, - deyib, mətbəxə apardı. Sonra bazardan mənim üçün aldığı köynəyi verib, üzümdən öpdü:
- Doğum günün mübarək olsun, kişi balam!
Nənəm:
- Hə, böyük kişi ol, nənənin balası! Mən də onda balama döşəmə-plov bişirəcəm, - deyib, qollarını çirmələdi.

Nəsə gətirmək üçün eyvana çıxan nənəm tez əliboş da geri qayıtdı. O, mənə başı ilə anamın ütdüyü xoruzu göstərib soruşdu:
- Eynulla kişinin qarajı bağlıdır, xoruzu kimə kəsdirdin?
Mən də özümü nənəmə rus dili bilən kimi göstərmək üçün dedim:
- O, xoruz deyil ey, petuxdur. Nənə, Eynulla kişi yox idi, Ruslanın atası kəsdi.
Nənəm əsəbi halda soruşdu:
- Ruslanın atası kimdir? O urus kişisi?
- Hə də, Petya dayı, - deyə nənəmə "fəxrlə" cavab verdim.
Nənəm anamın yolduğu xoruzu onun əlindən alıb, zibil torbasına ataraq:

- O Petya müsəlman deyil, - dedi, sonra soyuducudan ət çıxardıb, doğramaq üçün anamın qabağına qoydu. Mənim çaşqınlığımı, təəccübümü görən nənəm mehribancasına başımı sığalladı və göz vuraraq şən halda dedi:

- Mənim xoruzuma petux deyənə bir bax, petux onun özüdür!
Nənəmin bu sözünə anam qəh-qəhə çəkib gülməyə başladı, mən də ona qoşuldum. Nənəm də gülən anamı dümsükləyərək, ona qoşulub gülümsündü:
- Kiri, ay qız, kiri, bəsdi güldün. Yaxşı ki gördüm ey, yesəydim, ölərdim.

...Yay təzəcə girəndə atam Moskvadan evə qayıtdı. Sentyabr ayında məktəbə gedəcəkdim deyə, mənə paltar, dəftər, qələm və çanta almışdı. Bir həftədən sonra nənəmlə ikimiz kəndə yola düşdük.

Artıq bir ay idi ki kənddə babamın çarpayısında yatırdım. Hər dəfə göydən asılan, babamın büküldüyü xalçanı görəndə pis olurdum. Bir gün nənəmdən xalçanı divardan çıxartmasını xahiş etdim. Nənəm dedi ki:
- A bala, çıxartsam, əl-ayaq altında qalıb kirlənər axı, bəs öləndə nəyə bükəcəklər məni? Bunu göydə elə o günüm üçün saxlayıram da.

Avqust ayının ortalarında anam atamla birlikdə kəndə gəldi. Axşamüstü anamla atam həyətdəki tut ağacının altında çay içir, söhbət edirdilər. Nənəm isə təndirdə çörək yapırdı. Mən onlara yaxınlaşıb xalça barədə nənəmlə olan söhbəti danışdım. Və sonda da söylədim ki, bu xalçadan zəhləm gedir. Atam mənim uşaq ağlıma güldü, anam isə üzümdən öpüb, nənəmə kömək etmək üçün təndirə yaxınlaşdı.

Bir həftədən sonra nənəm qəfildən xəstələndi, qonşu arvadar nənəmin çarpayısının başına yığıldılar. Onun istəyi ilə axşam məni nənəmin yatdığı otağa apardılar. Nənəmin rəngi ağarmışdı, danışmağa taqəti yox idi. Amma məni görüb, gülümsədi və güclə hiss olunacaq səslə:

- Nənə sənə qurban! - deyib, üzümdən öpdü. Amma bu dəfə sümürmədi. Anam məni qonşuya yatmağa göndərdi və bu, nənəmi gördüyüm sonuncu gecə oldu.
Səhər tezdən ağlaşma səsinə yuxudan oyandım.

Paltarımı geyinib nənəmgilə getmək üçün qonşunun evindən çıxdım. Yenə də babamın öldüyü gündə olduğu kimi həyətimiz adamla dolu idi. Ac olduğumdan anamı axtardım, onun babamın “qonaq” otağında olduğunu isə artıq bilirdim. Yenə otağın ortasında babamın xalçasını uzununa büküb yerə uzatmışdılar, anam da xalçanın baş tərəfində oturmuşdu. Bu dəfə nənəmi onun yanında görmədim.

Mən ağlaşan arvadların arasından keçib anama yaxınlaşdım və onun yanında oturdum. Anam qəfildən məni qucaqlayıb, hönkürtü ilə ağlamağa başladı. Amma nədənsə bu dəfə məni öpmədi. Mən sakitcə onun qolları arasından bükülmüş xalçaya baxırdım. Özü də babamın, nənəmin ölümünə səbəb olan bu xalçaya nifrətlə baxırdım. Əgər bu xalça olmasaydı, onların ölməyib hələ də yaşayacaqlarına inanırdım. Yenə babam öləndə olduğu kimi, eyni qaydada saqqallı kişi otağa girdi, nəsə oxudu, sonra nənəmi aparıb basdırdılar və yenə də atam bir cavan oğlana xalçanı evə aparmağı tapşırdı.

Mənim isə bu dəfə oğlanla evə getməyimi nədənsə demədi. Mən özüm oğlanın yanına düşüb, həyətimizə gəldim. Oğlan xalçanı həyətdəki kötüyün üstünə qoyub getdi. Anam və arvadlar içəridə ağlaşırdılar. Həyətdəki kişilərin isə başı mağar qurmağa qarışmışdı... Evimizin arxasında yanan xalçadan isə heç kimin xəbəri yox idi. Tüstünü görüb, ilk özünü yetirən də atam oldu. O, bir kənarda durub, yanan xalçaya tamaşa etdiyimi gördükdə heç bir şey olmamış kimi mənə yaxınlaşıb yanımda oturdu.

Atam məni qucaqladı, bu vaxt anam özünü yetirdi. O, təşviş içində bizə baxdı və nəsə yadına düşübmüş kimi gülümsədi. Sonra bizə yaxınlaşıb, mənim yanımda əyləşdi.

Biz üçümüz bir yerdə yanan xalçanı seyr edirdik, həyətə yığılan adamlar isə heç nə başa düşməyərək, çiyinlərini çəkib, bizə baxırdılar. Mən çox sevinirdim, gələcəkdə atamı, anamı əlimdən ala biləcək bu xalçanın yanmasına…çox sevinirdim.
Arif Ərşad
24-02-2016


Baxış sayı - 467 | Yüklənmə tarixi: 30.08.2022 06:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031