“Anamın Kitabı – 2015″in qalibləri - MANERA.AZ
Gənc Tamaşaçılar Teatrında “Anamın Kitabı” Ədəbi Mükafatının “Pyes Müsabiqəsi-2015” qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Tədbirdə ilk olaraq mükafatın keçənilki qalibinin “Arzu və Murad” pyesi əsasında səhnələşdirilən tamaşanın premyerası nümayiş olunub.
Daha sonra baş tutan mükafatlandırmada teatrın rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Bəhram Osmanov tamaşaçılara və qonaqlara “Anamın Kitabı” Ədəbi Mükafatı haqqında məlumat verib. Layihənin ideya müəllifi f.ü.f.d., dos Şəmil Sadiqə söz alaraq, müsabiqənin ideyasının yaranması zərurətindən bəhs edərək, tarixçəni iştirakçılarla bölüşüb: “İlk dəfə belə bir ideya yarananda hörmətli akademikimiz İsa Həbibəyli ilə bu barədə məsləhətləşdim. O, da bu fikri çox bəyəndiyini bildirdi və layihənin keçirilməsi üçün bizə dəstək oldu. Müsabiqə zamanı müəlliflərə belə bir şərt qoymuşduq ki, göndərdikləri əsərlər milli dövlətçilik ideyalarına xidmət etməlidir. Təəssüf ki, bu il müsabiqənin qalibi olmadı. Ona görə də qərara aldıq ki, bundan sonra mükafatlandırma mərasimi iki ildən bir keçirilsin”.
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Məmməd Əliyev də öz növbəsində tədbirin yüksək təşkil olunduğunu bildirdi.
AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli çıxışında dram əsərlərinin azlığına diqqət çəkdi: “Bildiyiniz kimi dram əsər yazan müəlliflərin sayı elə də çox deyil. “Anamın Kitabı” Ədəbi Mükafatı da məhz gəncləri bu sahədə həvəsləndirmək məqsədi ilə təsis olunub. Müsabiqəyə göndərilən əsərləri oxudum. Gəldiyim qənaətə görə yazarlarımız teatrı görmədən, onun səhnə imkanlarını bilmədən dram əsərləri yazırlar. Buna görə də onlara məsləhət görərdim ki, teatrlarımızda tez-tez olsunlar”.
Daha sonra qaliblərin mükafatlandırma mərasimi baş tutub. Xəbər verdiyimiz kimi, Münsiflər Heyətinin qərarı ilə müsabiqənin I yeri verilməmişdi. II yer ¬ “Qar gözləyərkən” pyesi ilə Elnur Rzayev, III yer “Erməni lavaşı” pyesi ilə Ülviyyə Mustafayeva və IV yer “Yurd itkisi” əsəri ilə Zaur Vedili layiq görülüb.
Müsabiqənin Fəxri Fərmanı ilə təltif edilənlər sırasında “Qızıl heraldika” əsərinə görə Xəyalə Murad yer alıb.
Həmçinin uğurlu iştirakına görə Orxan İsmayıl diplomla təltif edilib.
Qeyd edək ki, “Anamın Kitabı” Ədəbi Mükafatı milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə Hədəf Nəşrlərinin tərəfindən təsis edilib və keçənilki qalibi Sevinc Elsevər olub.