Milli rejissorluq məktəbimizin parlaq nümayəndəsi - Ağaddin Babayev yazır

MANERA.AZ teatrşünas, yazıçı Ağaddin Babayevin "Adil Zeynalovsuz üç il" yazısını təqdim edir:
Fevralın 20-də tanınmış aktyor və rejissor Adil Zeynalovun doğum günüdür. Yaşasaydı 63 yaşını qeyd edəcəkdi...
Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Adil Ağakərim oğlu Zeynalov yaratmaq eşqi tükənib-bitməyən sənətkarlarımızdan idi. Hazırladığı tamaşaları ilə teatr sənətimizin bugünkü simasını ləyaqətlə təcəssüm etdirən, digər həmkarları ilə çiyin-çiyinə sənət salnaməmizin canlı tarixini yaradan aktyor və eyni zamanda milli rejissorluq məktəbimizin parlaq nümayəndəsi olmuş A.Zeynalov zəmanəmizin qüdrətli sənətkarı, Xalq artisti Yaşar Nurinin yetirməsidir.
Böyük müəllimindən aldığı yaradıcılıq estafetini o, sonralar ləyaqətlə davam etdirməklə özünü geniş, hərtərəfli imkanlara malik əsl sənətçi kimi tanıtdırmaqla, orijinal dəst-xətti ilə Azərbaycanın teatr tarixində bənzərsiz simasını tapmış, sözünü demiş, yerini tutmuş aktyor və rejissor ad çıxarmışdı.
Adil Ağakərim oğlu Zeynalov 1960-cı il fevralın 20-də Lənkəran şəhərində anadan olmuşdur. Hələ orta məktəb illərindən səhnə sənətinə marağı onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) gətirib çıxarmışdır. Amma müsabiqədən keçməməsi Adili heç də həvəsdən salmamış, ilk əmək fəaliyyətinə də məhz 1977-ci ildə hələ uşaqlıq dövründən arzusunda olduğu sənət ocağınada-Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti vəzifəsində başlamışdır. 
Daha bir ildən sonra Adil yenidən bilik və bacarığını sınamağa qərar verərək sənədlərini ADMİU-na təqdim etmiş, xoşbəxtlikdən bu dəfə bəxti gətirmiş, bütün imtahanların öhdəsindən müvəffəqiyyətlə gələrək, musiqili komediya aktyorluğu şöbəsinə qəbul olunmuşdur.
Ali məktəb illərində sənət müəllimi, Xalq artisti Yaşar Nuridən və vokal müəllimi, Əməkdar artist Tatyana Bədirovadan aldığı dərslər bütün fəaliyyəti dövründə onun ömür yolunda çıraq kimi şölə saçmış, hərtərfli bilikli, yetkin fikirli aktyor kimi yetişməsində mühüm rol oynamışdır. Hərdən söz düşərkən, Adil müəllimlərinin xatirəsini dönə-dönə hörmətlə yada salaraq, bir aktyor kimi, xüsusən komik ampulada, formalaşmasında Yaşar Nurinin zəhmətinin hədsiz olduğunu etiraf etmiş, əldə etdiyi bilik və bacarığına görə bütün ömrü boyu bu böyük sənətkara minnətdar olduğunu bildirmişdir.
Ali təhsilini başa vuran Adil həqiqi hərbi xidmətə çağırılmış, iki illik qulluqadan sonra-1983-cü ildə təyinatla yenidən doğma kollektivə - Lənkəran Dövlət Dram Teatrına qayıtmışdır. 
Bu sənət ocağında gənc aktyorun ilk rolu Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasında Lal obrazı olmuşdur. Mahiyyətcə bu rolun səhnədə bircə kəlmə də sözünün və qabarıq imkanlarının olmamasına baxmayaraq, Adil məharətli ifa tərzi ilə ilk səhnələrdən tamaşaçıların nəzər-diqqətini özünə cəlb etmiş, bu oyunla hamı Lənkəran teatrında daha bir istedadlı “ulduz”un parladığı anlamına gəlmişdir. Sonrakı dövrlərdə onun səhnədə yaratdığı Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşasında Hakim, Müəllim və Тələbə, Ə.Nesinin “İntihar”ında Emin Əfəndi, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”inda Hacı Səməd ağa, “Ağa Məhəmməd şah Qacar”da Cəfərqulu xan, M.F.Axundovun “Molla İbrahimхəlil кimyagər” komediyasında Molla İbrahim, Mustay Kərimin “Piyada Mahmud”unda Mahmud, H.Mirələmovun “Pənah xan Cavanşir” dramında Nadir şah, Sofoklun “Şah Edip” faciəsində Korifey və onlarla digər bu kimi rollar Adil Zeynalovun kamil bir aktyor səviyyəsinə qalxmasında tramplin olmuşdur.

Yadımdadır, 1990-92-ci illərdə respublikanın digər sənət ocaqları kimi Lənkəran teatrı da ölkədəki sosial-iqtisadi və siyasi sistemin bərbad vəziyyətə düşməsi səbəbindən az qala dağılmaq təhlükəsi qarşısında qalmışdı. Teatrın baş rejissoru və aktyorların əksəriyyət doğma iş yerini tərk edib getsələr də, Adil Zeynalov az sayda həmkarları ilə birlikdə bütün mövcud çətinliklərə sinə gərərək, teatrın fəaliyyətinin dayanmasına imkan vermədilər. Ailələrini dolandırmaq naminə hətta fəhləlik etməkdən belə çəkinməyən Adil və məsləkdaşları doğma teatrın yaşaması üçün bütün bilik və bacarıqlarından, istedadlarından maksimum istifadə edərək son nəticədə teatrın böhrandan çıxmasına nail oldular.
Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, insəcənət, o cümlədən teatr sahəsində də inqilabi dəyişikliklər baş vermişdi. Teatrların maddi-rexniki bazasının gücləndirilməsinə dövlət qayğısı qat-qat artırılmışdı.
Bu dövrdə aktyor Adil Zeynalov həm də rejissor kimi çalışmağa başlamışdı. Onun quruluş verdiyi tamaşalar təkcə sənətsevərlərin deyil, eləcə də teatr mütəxəssislərinin diqqətini özünə çəkmişdi. Çox keçmədi ki, teatrın rəhbərliyi Adil Zeynalovun quruluşçu rejissor vəzifəsinə götürülməsini Mədəniyyət Nazirliyindən xahiş etdi. Teatrın xahişi nazirlik tərəfindən müsbət qarşılandı və A.Zeynalov quruluşçu rejissor ştatına daxil edildi.
Tamaşalarda oynamaqla yanaşı, o, həm də müxtəlif səpkili əsərlərin quruluşunu verirdi. Ayrı-ayrılıqda H.Cavidin "Ana", Y.Əzimzadənin "Nəsrəddin", L.Korsinskinin "Kələkbaz", Ə.Səmədlinin "Dəyirman əhvalatı", "Toyda Çelentano oхuyur", V.Nuşiçin "Nazirin хanımı", M.İbrahimbəyovun "Kərgədan buynuzu", Elçinin "Dəliхanadan dəli qaçıb", V.Səmədoğlunun "Mamay kişinin yuхuları", İ.Əfəndiyevin “Qəribə oğlan”, Ş.Başbəyovun “Dəmir qadın”, Elçinin "Cəhənnəm yuxuları", A.Şaiqin “Qoç Polad”, Əli Əmirlinin "Köhnə ev", Hafiz Mirzənin “Moskvalı gəlin”, ümumilikdə isə 50-dək pyes A.Zeynalovun rejissor süzgəcindən keçmiş, uğurlu səhnə həyatı qazanmışdır. 
Adil Zeynalovun kinoda yaratdığı rolları da saymaqla qurtarmaz. Aktyor "Qətl günü", "Bığ əhvalatı", "İyirmi ildən sonra", "Durnalar qayıtdı", "Qırxıncı qapı", “Susmuş vicdan” və digər bədii filmlərdə, teleseriallarda bir-birindən maraqlı obrazlar yaratmışdır. “Qətl günü” və “Durnalar qayıtdı” filmlərində yaratdığı Lal və Bağı rolları ona Gürcüstan Kino Akademiyasının keçirdiyi festivalda “Ən yaxşı kişi” rolunun ifaçısı mükafatını qazandırmışdı.
A. Zeynalov Lənkəran teatrının kollektivi arasında da böyük hörmətə malik idi. O, teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri, Bədii Şuranın və həmkarlar təşkilatının idarə heyətinin üzvü kimi də ictimai fəaliyyəti ilə böyük nüfuz qazanmışdı.
Prezident İlham Əliyevin 9 may 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə A.Zeynalov “Əməkdar artist” fəxri adına layiq görülmüşdü.
Səmimi olduğu qədər də həssas, təmkinli insan olan Adil Zeynalov öz davranışı ilə ətrafdakılara hər zaman inam və qətiyyət, məhəbbət və hörmət hissləri aşılayırdı. O, həm də təpədən dırnağa qədər vətənpərvər bir insan idi.
Təəssüf ki, 12 mart 2020-ci ildə amansız ölüm istedadlı sənətçini ailəsinin, sənət dostlarının, pərəstişkarlarının əlindən aldı. Bu gün o, cismən onların yanında olmasa da, ruhən, mənən onlarladır və şübhə yoxdur ki, dünya durduqca yaşayacaq, xatırlanacaqdır.
Ağaddin BABAYEV,
Lənkəran 
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.