manera.az
manera.az

Yeni türk şeirinin "gəlini" - Tomris Uyar

Yeni türk şeirinin "gəlini" - Tomris Uyar
Türkiyə ədəbiyyatında qələmiylə, əsərləriylə özünəməxsus yer tutan, kişi həmkarlarından heç də arxada qalmayan bir çox qadın yazarlar var. Yazıçı, tərcüməçi Tomris Uyar isə təkcə əsərləri, tərcümələriylə deyil, həm də şəxsi həyatı ilə Türk ədəbiyyatının haqqında ən çox danışılan qadın ədibidir, deyə bilərik.

Həqiqətən də, hansı qadının bəxtinə düşər dörd böyük şairin sevgisi, ilham pərisi olmaq?!

Tomris Uyar həmin nadir qadınlardandır. Tək baxışıyla insanları özünə çəkən, üç böyük şairi sevgisiylə pərişan edən, onlara misra-misra, vərəq-vərəq şeirlər yazdıran, həmişə ən özəl, ən fərqli olmağı bacaran qadındır o. Həyatı boyunca heç zaman şeir yazmayan, qısa hekayələri və tərcümələriylə ədəbiyyat cameəsində yer tutan xanım yazıçı, həm də Türkiyə poeziyasında önəmli yerə sahibdir, şeirin "İkinci Yeni" adlanan dövrünün "gəlini" kimi, az qala, bu mövzudakı bütün söhbətlərdə adı keçməkdədir.

Tomris Uyar 15 mart 1941-ci ildə İstanbulda dünyaya gəlib. Türk nəsrinə qələmi, Türk poeziyasına isə varlığı ilə xidmət etmiş xanım yazar 4 iyun 2003-cü ildə vəfat edib.

İstanbul Universiteti İqtisadiyyat fakültəsinə bağlı Jurnalistika bölümünü bitirən Tomris "Papirus" dərgisinin qurucularındandır. Həmçinin, "Varlıq", "Soyut" və "Yeni dərgi"də yazıları yayımlanıb. Hekayələri bir çox ədəbiyyat ödüllərinə layiq görülüb. 60-dan çox əsərin tərcüməçisidir. Bu tərcümələr də kitab kimi nəşr olunub.

Türk ədəbiyyatının azad ruhlu qadını Tomris Uyar əsərləriylə yanaşı, eşqləriylə də göz önündə olub. "İkinci Yeni" dövrdə adına yazılan şeirlər Türk ədəbiyyatında önəmli yer tutmaqdadır.

Hüquqçu, amma ədəbiyyat sevdalısı bir ailənin qızıydı o. Özünün də ədəbiyyat sevgisi məhz burdan gəlirdi. Arnavutköy Qız Kollecində oxuyarkən ədəbiyyatla daha da yaxınlaşır. Məktəb qəzetinin baş yazarı olan Tomris ilk hekayələrini də bu dövrdə yazmağa başlamışdı.
Yeni türk şeirinin "gəlini" - Tomris Uyar
İlk həyat yoldaşı şair Ülkü Tamərlə də burada tanış olmuşdu. Kolleci bitirdikdən dərhal sonra evləndilər. Tomris Uyar ilk tərcümə əsəri olan Taqorun "Şəkərdən körpə" əsərini bu illərdə "Tamər" imzası ilə bitirir. Bu evliliyi Tomris Uyarın peşəkar yazıçı olması üçün böyük bir önəm daşıyır. Belə ki, Ülkü Tamər onun üçün təkcə həyat yoldaşı yox, həm də bir müəllim idi. Buna görə də evliliyi müddətində yazıçılıq yolunda önəmli addımlar atmış oldu. Onların evliliyi kənardan hər kəs üçün son dərəcə gözəl və problemsiz kimi görünürdü. Bu evliliyi taclandıran bir də Ekin adlı qızlarının doğulması oldu. Lakin təəssüf ki, körpə hələ iki aylıq ikən ana südü əmərkən boğulub ölür. Bu faciə hər ikisini dərindən sarsıdır, psixoloji travmaya səbəb olur. Beləcə bir-birindən uzaqlaşan cütlük çox keçmir ki, boşanırlar.

Qızının ölümü Tomrisi dərin depressiyaya salmışdı. O, uzun müddət evdən çıxmır. Sonra yazıçı dostlarının təkidi ilə insan içinə çıxmağa başlayır.

Ankaradakı Sənətsevərlər Dərnəyində təsadüfən eyni masa arxasında oturan Cəmal Sürəya və Tomris burada içki içərkən tanış olurlar. Tomris Cəmal Sürəyanın dostu Ülkü Tamərlə evliliyini hələ rəsmi olaraq bitirməmişdi. Cəmal da həmin vaxt Seniha xanımla evli idi.

Sonrakı qarşılaşmalarında cütlük arasında böyük bir eşqin təməli qoyulur. Hər ikisi həyat yoldaşlarından ayrılıb birgə yaşamağa başlayırlar. Üç il boyunca Tomrislə coşğulu və dərin bir eşq yaşayan Cemal Sürəya ən tutqulu, ən erotik şeirlərini də məhz bu dövrdə, Tomris üçün qələmə aldı. Artıq onun üçün varsa-yoxsa Tomrisdi, bütün həyatını bu qadına görə qurmuşdu. Məsələn, hər axşam işdən çıxıb birbaşa evə gələn Cemala bir gün Tomris "gəz, dolan, dostlarınla vaxt keçir" - deyir. Səhəri gün Cemal evə gec gəlir. Sonrakı gün də... Beləcə, gecikmələri başlayır. Bir axşam Tomris süfrəni silkəmələk üçün pəncərəni açanda Cemalın aşağıda oturduğunu görür. Sən demə, o, yenə də hər axşam işdən çıxıb evə gəlir, amma aşağıda oturaraq "gecikirmiş". Tomris bu vəziyyəti "şəxsiyyət gecikməsi" adlandırır.

"Daha nəyin olum, qürursuzunam sənin" - deyəcək qədər aşiqdi Tomrisə böyük şair. Tomris isə onu bu cür tanıdırdı: "Tanıdığı neçə adam varsa, o qədər Cəmal Sürəya var. Hamısı fərqli. Bəlkə təməl xüsusiyyətləri eyni qalır, siyasətə, ədəbiyyata, yumora bağlılığı, zəhmətkeşliyi, dürüstlüyü kimi. Amma çox dəyişkəndir. Ona görə də mən bir dənə Sürəya bioqrafiyası haqqında düşünmürəm. 3 dənə yazmaq olar. 3 ayrı".

Lakin bu möhtəşəm eşq də bir gün sona çatdı. Cəmal Süreya Tomrisə heç zaman tamamilə sahib ola bilməyəcəyini anladığı üçün böyük sevgisini tərk etməli olur. Tomrislə keçirdiyi 3 ili heç zaman yazmayacağını və danışmayacağını deyir və həqiqətən də ölənə kimi bir kəlmə də nə yazır, nə danışır...

Bu sevgidən geriyə isə Cemalın Tomrisə həsr etdiyi gözəl şeirlər, misralar qalır. Aşiqlər sevgilərini itirib, dost qalsalar da, Türk poeziyası və musiqisi (Sezen Aksunun bəstəsiylə) belə bir gözəl şeir qazanır:

"Ay ışığında oturduk
Bileğinden öptüm seni
Sonra ayakta öptüm
Dudağından öptüm seni
Kapı aralığında öptüm
Soluğundan öptüm seni
Bahçede çocuklar vardı
Çocuğundan öptüm seni..."


Cemal Süreya ilə sevgisi bitmişdi, amma Tomris türk şairlərinə ilham pərisi olmağa davam edirdi. Növbəti ilham pərisi olacağı şair isə Turqut Uyar idi. Turqut Uyar onun ikinci həyat yoldaşı, ən uzun münasibətdə olduğu adam olaraq həyatında yer alır. Tomris onunla tanışlığını belə xatırlayır: "1966-cı ildə mən artıq Cemal Süreya ilə ayrılmaq üzrə idim. O da həyat yoldaşından ayrılmış, uşaqları ilə birlikdə İstanbula gəlmişdi. Burada tanış olduq. Əsl tanışlığımız yəqin ki, odur, çünki o zaman daha yaxından oturub söhbət etmək fürsətimiz oldu və məktublaşmağa başladıq. Bu məktublar əvvəlcə yalnız şeir məktubları idi.

Hələ də məndədir. Ümumiyyətlə, onun poeziya haqqında düşüncələri, mənim onun şeirlərilə bağlı fikirlərim... Anladığım qədəriylə çox qarışıq bir dövr keçirirdi. Yəni bir müddət ailə həyatında yaşadığı narahatlıq və ahəngsizlik onun poeziyasına da təsir etdi, yeddi il idi şeir yazmırdı. Bunu bir ilhamverici kimi ifadə etmək istəmirəm, amma yəqin ki, çox danışdığım, ondan yazmağı çox xahiş etdiyim üçün tədricən şeir yazmaq həvəsi yenidən yarandı".

Ankarada tanış olan cütlüyün münasibəti şeirlə başlayıb sevgiyə çevrildi. Tomris 7 il şeir yazmayan Turqutun ilham pərisi olur. 1969-cu ildə ailə həyatı qururlar və bu evlilikdən Hayri Turqut adlı övladları dünyaya gəlir. Tomris Turqut Uyarın ona itirmək qorxusu və narahatlığı ilə olan sevgisini belə xatırlayır: “Turqut hər an itirəcəkmiş kimi gərəksiz bir narahatlıqla yorulacaq, mən də heç bir rəqabətin olmadığı bir sahədə həmişə birinci seçilməkdən usanacaqdım".

Tomrisin ən uzun münasibəti Turqut Uyarın 1985-ci ildə vəfatıyla beləcə bitir. Bu sevgidən də geriyə duyğu dolu şeirlər qaldı. Onlardan ən çox bilinəni Turqut Uyarın Tomrisə ithaf etdiyi "Bozuk saat" şeiridir.

"Herkes seni sen zanneder.
Senin sen olmadığını bile bilmeden,
Sen bile..
Seni ben geçerken,
Derim ki,
Saati sorduklarında;
Onu "O" geçiyordur..."

Türk ədəbiyyatının daha bir məşhur şairi Edip Cansevər haqqında "həddindən artıq şeirdən öldü" deyirlər. Bəli, bəlkə də bu, belədir. Amma Edip həm də qarşılıqsız məhəbbətindən öldü. "Tomris içkini çox sevərdi, mənsə onu..." yazmışdı bir salfet kağızına Tomrislə oturduqları masada.

Bu şairlərin hər biri dost idi. Tomris isə hamısıyla dostluq münasibətində idi. Edip isə onun ən yaxşı dostlarından, yaradıcılığına təsir edən şairlərdən biri idi. Amma həmçinin, bu şairlərin ən şanssızı da o idi. Çünki Tomris onun sevgisinə heç zaman qarşılıq vermədi, onu dostdan artıq görmədi. Cansevər isə hər 15 martda - Tomrisin ad günündə yeni bir şeir yazıb, ona olan sevgisini təkrar-təkrar dilə gətirirdi:

"bir adın vardı senin, Tomris Uyar'dı
adını yenile bu yıl,
ama bak Tomris uyar olsun gene
ben bu kış öyle üşüdüm ki sorma
oysa güneş pek batmadı senin evinde..."


Tomris Edip Cansevər haqqında bunları deyirdi: "Sevgililik, ya da eşq zamanla yara alır, adiləşir, bitir. Bitməyən tək eşqin gerçək və lirik dostluq olduğunu Edip Cansevər öyrətdi mənə".

"Həyat hekayəmin yazılmasını istəmərəm. Özüm haqqında düşünməyi bu qədər önəmli saymıram" - deyən Tomris Uyarın həyatı, əslində, hekayələrə, romanlara, kitablara mövzu olacaq qədər zəngin və önəmlidir. Üç böyük şairə ilham pərisi olan, onların şeirlərinin qəhrəmanına çevrilən qadın haqqında yazılmazmı?

Tomris isə həyatının sonuna kimi bu fikirdə deyilmiş. Belə ki, o, ölümündən bir il öncə verdiyi müsahibəsində bu mövzulara çox toxunmasa da, onu sevən şairlər və onun haqqında yazılan şeirlər haqqında bu fikirləri səsləndirir: "Özümü bir ilham pərisi adlandıracaq qədər gülməli insan deyiləm, əlbəttə. Özümü o qədər də bəyənmirəm. Ancaq belə bir şey var: düşünən və sorğulayan insanam. Haqqında danışdığınız bu insanlar da etdikləri hər şeyi sorğulayan, düşünən, müzakirəni sevən insanlardır. Yəqin ki, əsl cazibəm bu idi mənim. Mübahisə edərdim. Bir də çox açıq danışmağımın da təsiri olub, zənnimcə. Mövzunu anlamağım və intizamlı olmağım...

Münasibətlərimdə həmişə özümə toxunulmazlıq sahəsi tapmışam. Bu, həqiqətən sevildiyim və qiymətləndirildiyim halda çoxlu mübahisələrə səbəb olan xüsusiyyətimdir. Mən başqalarına verdiyim yaratmaq, tək düşünmək, tək olmaq azadlığının mənə də verilməyini istəyirəm.

Şeirlərin mənim üçün yazılmaqları önəmli deyil. Yaxşı şeirdirmi deyə baxıram. Çox heyif ki, belə bir xüsusiyyətim var. Gözəl şeirdirlər. Bəziləri daha yaxşı ola bilərdi, əgər mənim adım olmasaydı. Mənə bir şey yazılmağını, ithaf edilməyini sevmirəm. Amma gözəl bir şeirdirsə, məmnun olaram. Məni anlatan deyil, mənim inandığım şeylərə yer verən bir şeirdirsə, çox sevərəm".

Fikrimcə, Türk ədəbiyyatının əvəzedilməz adı olan Tomrisi ən gözəl ifadə edən isə Cansevərin bu misrasıdır: "Bir adın vardı senin, peşinde de üç büyük şair..."

525.az
Şahanə MüşfiqБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728