manera.az
manera.az

"... Şeirin yaşı qədərdir Şairin yaşı..."

"... Şeirin yaşı qədərdir Şairin yaşı..."

Xalq şairləri Fikrət Qocanın və Musa Yaqubun əziz xatirəsinə


Mayın 5-də Fikrət Qoca, ondan iki gün sonra - mayın 7-də Musa Yaqub dünyasını dəyişdi...

Fikrət Qocanın mütəmadi olaraq, ömrünün son günlərinə qədər "Ədəbiyyat qəzeti"ndə, "525-ci qəzet"də həyat dolu yeni şeirləri çap olunurdu. Şeirlərini oxuyandan sonra bəzən ona zəng edirdim, təəssüratlarımı bölüşürdüm. Razılığını bildirirdi. Söhbət əsnasında səhhəti ilə maraqlanırdım. Təbii ki, səhhətində problemlər olmamış deyildi. Amma bir dəfə də olsun, səhhətindən şikayət etdiyini eşitmədim... Musa Yaqub isə neçə illər idi ki, "Parkinson" xəstəliyindən əziyyət çəkirdi... Ölümlərin adiləşdiyi bu itkilər bolluğunda hər iki Xalq şairimizin vəfatı gözlənilməz oldu. Hər iki şairin vəfatı bütün Azərbaycanda böyük hüznlə qarşılandı. Müasir ədəbiyyatımızın iki qızıl səhifəsinə son nöqtə qoyuldu...

Fikrət Qoca şeirlərinin birində:

Şairlər ölmür,
Qara qələm kimi yazılır qurtarır


- deyir.

Hər iki şair uzun, mənalı ömür yaşadı. Əsl şair ömrü, əsl vətəndaş, əsl kişi ömrü... Və 80-i keçən ömürdə, mənə belə gəlir ki, bütün yazmaq istədiklərini yazdılar. Bu, hər şairə nəsib olmur. Fikrət Qocanın dediyi həmin "qara qələm"lə, artıq klassikaya çevrilmiş əsərlərini yaratdılar. Və həmin "qara qələm"ə sədaqətləri, onlara əbədiyyət qazandırdı.

Onların xarakterlərində, yaradıcılıqlarında təbii ki, fərqli cəhətlər var idi. Amma oxşar cəhətləri daha çox idi: Ədəbiyyata sədaqət, insanlara sevgi, vətənə məhəbbət, təbiətə vurğunluq... Hər ikisi təbiətin dilini bilirdi. Musa Yaqub ağacların, yarpaqların... dilini necə bilirdisə, Fikrət Qoca da dənizin, balıqların... dilini elə bilirdi:

Ürəyim darıxanda,
abırlı bir yerə getmək istəyəndə,
abırlı bir söhbət etmək istəyəndə
çıxıram sahilə,
altıma qoyuram daşı,
atıram qarmağı,
Dənizdən yaxşı yer,
Balıqdan yaxşı söhbət yoldaşı?!

Fikrət Qoca

***
Bu payızın dərdi götürüb məni
Çox mətləb üstünə gətirib məni -
Görəsən, bir daha açılmayacaq
Gedəri ağaclar sonuncu kərə
Yarpaq tökümünə necə dözəcək?..
Taleyin hökmünə necə dözəcək?..
İlk yarpaq tökümlü o üryan budaq,
Soyusa havalar necə dözəcək?
Bir daha leyləyi qayıtmayacaq
O tənha yuvalar necə dözəcək? -
Bu payızın dərdi götürüb məni.

Musa Yaqub

...Eyni zamanda, tanıdıqları, yaxud ömürdə bircə dəfə də qarşılaşmadıqları insanların arzularından, istəklərindən, çətinliklərindən, dərdlərindən də xəbərdar idilər. Öz əsərləri ilə onlarin sevinclərinə necə ortaq olurdularsa, dərdlərinə də öz dərdləri kimi şərik çıxırdılar. Cəmiyyətdəki hər hansı neqativ hadisələrə biganə qala bilmirdilər:

Qara kölgəsidir bütün bəşərin,
Adı üstündədir fitnə-fəsadın,
Adı üstündədir şeytanın, şərin-
Şeytan barmağında fırlanğıc olan
Fırfıra adamlar, qıra adamlar.
Bu calaq adamlar yandırır məni.
Bu alaq adamlar, yalaq adamlar
Bu salaq adamlar yandırır məni.

Musa Yaqub

***
Babalarım
Kasıb olub, mərd olub!
Qoçaq olub, mərd olub
Bəy olub, mərd olub
Qaçaq olub, mərd olub
Bəs bu namərdlər hardandı?
Bax bu, mənə dərd olub.

Fikrət Qoca

Əsrarəngiz Buynuz kəndi deyiləndə, ilkin yada düşən Musa Yaqub olur. Təbiət Buynuzdan heç bir gözəlliyini əsirgəməyib. Bu böyük şairimizin doğulduğu, boya-başa çatdığı və yaşadığı Buynuz kəndinin hər hansı məkanından, hansı tərəfə baxsan, gözlərin önündə əsrarəngiz təbiət mənzərəsi canlanır. Amma bu cənnət misallı kəndin ən böyük təbiət hadisəsi Musa Yaqubun özü idi. Mənə həmişə elə gəlirdi ki, bu kəndin nağılvari ecazkarlığının bir səbəbi də Musa Yaqubun bu kənddə yaşamasıdır. Buynuz meşələrindəki qədim qayın ağaclar, Buynuzu qoynuna almış dağlar, öz əzəmətlərini Musa Yaqubdan alırlar.
"... Şeirin yaşı qədərdir Şairin yaşı..."
Ədəbiyyat hər iki böyük şairimizin tale yazısı idi. Fikrət Qoca keçən əsrin 60-cı illərinin ortalarından bütün Azərbaycanda sevilən bir şair idi. Onun şeirləri insanlara ən həzin, ən kövrək, ən şux, ruh oxşayan musiqi təsiri bağışlayırdı. Təsadüfi deyil ki, Azərbaycanın ən məşhur bəstəkarları (Tofiq Quliyev, Arif Məlikov, Emin Sabitoğlu, Polad Bülbüloğlu...) bu böyük şairin şeirlərinə musiqilər bəstələyiblər. Onun şeirlərinə 500-dən çox (!) musiqi bəstələnib və bu mahnıları Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova... kimi azman sənətkarlaımız ifa ediblər. Azərbaycanda (təkcə Azərbaycandamı?) sözlərinə bu qədər musiqi bəstələnən ikinci şair yoxdur. Artıq 50 ilə yaxındır ki, bu mahnılar sevilərək dinlənilir, dinləyicilərinə zövq verir. Babaların zövq aldığı mahnılar, nəvələrin də könlünü oxşayırsa, bu, şairin xoşbəxtliyidir.

Musa Yaquba təbiət şairi deyirlər. Amma bu böyük şairi təkcə təbiət şairi kimi qiyaslandırmaq, ən azı insafsızlıqdır. Onun ictimai məzmunlu şeirləri, nə qədər insana təsəlli yeri, fikir həmdəmi olub. Bir çox insanlar, axtardıqları bir çox müşkül sualların cavabını Musa Yaqubun şeirlərində tapıblar... O, həm də gözəl sevgi şairi idi. 80 yaşında yazdığı sevgi şeirləri, oxucuya şeirdən çox, möcüzə təsiri bağışlayırdı:

Nə yaxşı bilmisən xəstə halımı,
Həqiqət eylədin xoş xəyalımı.
Sənin nəfəsindir, sənin əllərin
Oxşayır ruhumu, ovur alnımı -
Kövrəltdi əlimi isti yaşların...
Var ol bu istəyə, təmasa görə,
Mənimçin Allaha yalvarışların,
Nə deyim bu nəzir-niyaza görə,
Mən indi bildim ki, sən mənimləsən...


Fikrət Qoca da onun kimi. "Qoca" təxəllüsünü çox gənc yaşlarından götürsə də, heç vaxt qocalmadı. Ruhu saf, təmiz, pak insanlar yaş hesabı ilə qocalırlar. Ruhən isə həmişə gənc qalırlar. Əsas olan da ruhdur:

Məni oda tullasalar,
Od olaram, yaşaram.
Məni suya tullasalar,
balıq olub üzərəm.
Məni didərgin salsalar,
dağlar-düzlər aşaram.
Küləklərə qoşularam
bu dünyanı gəzərəm.
Məni yerə basdırsalar,
Cücərərəm lalətək,
Öz rəngimlə bu dünyaya
Boylanaram, gülərəm.


Onların hər ikisi böyük mənəviyyat sahibi idi. Onların əsərlərindəki cəsarət, həqiqət, humanizm də bu mənəviyyatın bəhrəsidir. Onların kitablarını oxuyursan... Bu kitablardakı sətirlərlərdə onların ürəklərinin döyüntüsü eşidilir. Yalnız ürəklərinin onlara hökm etdiklərini yazdılar. Yad fikir, Xalqın arzusundan, istəyindən uzaq olan bir misra belə, onların əsərlərində yer almadı. Buna görə də insanlar tərəfindən bu qədər sevildilər, belə böyük bir nüfuz sahibi oldular.

Onların hər ikisinin poeziyasında insanları nəcibləşdirən xüsusiyyətlər var. Nə qədər böyük nüfuza, şöhrətə sahib olsalar da, bir o qədər də sadə idilər. Onlar yaddaşlarda elə, belə də qalacaqlar: Böyük və Sadə.

Yazımın sonunda onlarla bağlı bir təskinliyimi də qeyd etmək istəyirəm: Nə yaxşı ki, cəmi 44 gün çəkən və sonu zəfərlə bitən möhtəşəm qələbəmizi gördülər onlar. Dünyadan nisgilli getmədilər.

Fikrət Qoca Fəxri Xiyabanda dəfn edildi.

Musa Yaqub da Fəxri Xiyabanda dəfn olunmalı idi. Amma öz vəsiyyətinə görə onu doğulduğu, ruhən bağlı oldugu Buynuzda, öz həyat yoldaşının yanında torpağa tapşırdılar... Bu, bir qanunauyğunluq idi. Heç şübhəsiz ki, bütün yaradıcılığı boyu gözəlliyini vəsf etdiyi ana təbiət özü də belə olmasını istərdi.../525.az/

Etibar ƏBİLOV
Neftçala şəhəri. 9 may 2021
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031