Məmməd Tahirin yeni kitabı çap olunub
Bu günlərdə Məmməd Tahirin yeni şeir və poemalardan ibarət "Könül verdiyim dünya" adlı kitabı işıq üzü görüb.
MANERA.AZ xəbər verir ki, tanınmış şairin kitabı "Qanun" nəşriyyatında çapdan çıxıb.
Kitabda "Gəlib çatdıq payıza", "Bir günün şeiri", "Çıxdım çiyninə dağların", "Yeni bir aləm", "Bu səhər çağı", "İçimdəki səslə", "Başdan yarat", "Mənim iş otağım", "Təbriz qalxıb ayağa", "Daha yağış yağmaz ayaq izinə", "Orda, uzaqlarda bir kənd", "Sevda rüzgar kimi", "Bu şəhərin işıqları", "İki şəhid dastanı", "Ölümü gözə alan", "Ləyaqət", "Çərçivə", "Meşə yolu, dağ yolu", "Bir qarış torpaq bəsdi", "Palıd", "Tarix", "Qləm", "Yaxşı bir dost" kimi dərin məzmunlu şeirlər yer alıb.
Torpaq sevgisi, yurda sonsuz məhəbbət hissi şairin ictimai ruhlu şeirlərinin əsas məğzini təşkil edir. Şair Tofiq Nurəlinin dediyi kimi, Məmməd Tahirin yaradıcılığı üçün xas olan incə poetik deyim və fəlsəfi tutum özünü bu şeirlərdə də göstərir.
Kitabda şairin sevgi şeirləri də yer alıb. "İlahi, o gözlər", "Sənə gözəl demirəm", "Bir yay günü", "Bu sevdadan nə umuruq", "Hərdən dən at" adlı şeirlərində də şair öz yaradıcılıq manerasına sadiq qalır, fikrini yeni obrazlarla ifadə edir:
Dəlimisən, aşiqmisən,
Nə var anlat, gözlərindən.
Canım bir ac quş kimidi,
Hərdən dən at gözlərindən.
Eyni zamanda, kitabda xəyali bir cəmiyyətin azadlıq yolunda etdiyi çabalardan bəhs edən "Qara zonn", Milli qəhrəman Çingiz Mustafayevin həyat və mübarizəsindən bəhs edən "Şahdağda bir zirvə var", Xalq şairi Rəsul Rzanın həyat və yaradıcılığına həsr edilən "Çinarlar yola baxır", şəhid kapitan Ceyhun Orucəliyevin qəhrəmanlıq tarixinə güzgü tutan "Qanadı yanmış pərvanə", qlobal cəmiyyətin problemlərini önə çəkən "Üçüncü sən" adlı poemalar da çap olunub.
"Könül verdiyim dünya" şairin oxucularla yeni görüşüdür. İnanırıq ki, bu kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq, şairə yeni oxucu sevgisi qazandıracaq.
Qeyd edək ki, Məmməd Tahir "Vətən, məni qınama", "Yurdum-and yerim", "Yaz nağılı", "Yol ver keçim, dünya, səndən", "Könlüm came qapısı", "Bir azdan günəş doğacaq", rus dilində "Den koqda ya vernus" adlı poetik topluların müəllifidir.