manera.az
manera.az

Velosipedlə dərsə gedənlər... - ucqar kənddən reportaj

Velosipedlə dərsə gedənlər... - ucqar kənddən reportaj
... Bu şəkillər Balakənin İtitala kəndində çəkilib. Bəlkə də ilk baxışda düşünəcəksiniz ki, hansısa velosiped yarışına hazırlaşırlar. Xeyr, elə deyil. Kəndin əksər uşaqları dərsə məhz velosipedlə gedirlər.

Birinci Qarabağ müharibəsində şəhid olmuş Aslan Balayevin adını daşıyan İtitala kənd tam orta məktəbinin həyətində hər gün bu mənzərənin şahidi ola bilərsiniz.

Məktəbin direktoru Məmməd Mustafayevlə söhbət edirik. Burada 391 şagirdin oxuduğunu deyən Məmməd müəllim əvvəlcə uğurlardan söhbət açır.

Hər cür şəraiti olan, bütün laboratoriyalarla təchiz olunmuş bu məktəbin 15 il əvvəl istifadəyə verildiyini bildirir.

Uşaqlarla tanış oluruq. İrakli Kərimov 7-ci, bacısı Xatiya isə 4-cü sinifdə oxuyur.

– Evimiz o qədər də uzaqda deyil, – deyə İrakli söhbətə başlayır, – təxminən, bir kilometr olar. Hər gün səhər bacımla birlikdə velosipedlə dərsə gəlirik.

– Nə vaxtdan velosipedlə gəlirsiniz, – deyə, – soruşuram. Sualıma konkret cavab verir:

– Hər ikimiz hazırlıq sinfindən.

– Bəs, bu qədər velosipedin içində özünüzünkünü tapmaqda çətinlik çəkmirsiniz ki?

– Xeyr, nəinki biz, hamı öz velosipedini uzaqdan tanıyır.

Məmməd müəllim yenidən söhbətə qoşulur. Bildirir ki, keçən il Azərbaycan Velosiped Federasiyasından gəlmişdilər. Uşaqlarla görüşdülər, maraqlı söhbətlər etdilər və sonra iki velosiped hədiyyə verdilər.

“Adətən, uşaq yaşlarından analar övladlarının əllərindən tutub məktəbə aparırlar, – Məmməd müəllim söhbətinə davam edir, üzünə təbəssüm qonur. – Bizdə isə bu ənənə bir balaca pozulub. Bax, o anası ilə gələn uşaq Cəbrayıl Musayev məktəbəqədər hazırlıq kursunda oxuyur.

Velosipedlə gəlməyinə baxmayın, anası mütləq onu müşayiət edir. Uşağı tək buraxmaq olmaz axı... Qar yağanda isə uşaqların velosipedlə gəlməyinə, ümumiyyətlə, qadağa qoyuruq. Çünki velosiped sürüşər, problem yaranar”.

... İtitala kəndi Gürcüstanla sərhəddə, Alazan çayının sahilində yerləşir. Əhalisini, əsasən, inqiloylar təşkil edən kənddə əkinçiliklə məşğul olurlar.

Barama, tütün, qarğıdalı yetişdirirlər. Gələcəkdə bu kənd, onun sadə, zəhmətkeş insanları ilə bağlı yəqin ki, maraqlı bir yazı hazırlayacağıq.

Hələliksə diqqəti respublikada yeganə olan bu məsələyə yönəltmək istədik.

Nə vaxtsa bu məktəbin yetirmələrindən birinin velosiped idmanı yarışlarında çempion olduğunu eşitsək, təəccüblənmərik.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


Velosipedlə dərsə gedənlər... - ucqar kənddən reportaj
Velosipedlə dərsə gedənlər... - ucqar kənddən reportaj
Velosipedlə dərsə gedənlər... - ucqar kənddən reportaj






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31