Azərbaycanda İLK - Atabəylər dövləti ilə bağlı tarixi serial çəkilir
Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək.
MANERA.AZ xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.
Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub.
Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq.
Serialda tariximizin ən şərəfli dövrlərindən biri olan 12-13-cü əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi müstəvisindən başqa, həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazı yaradılacaq.
Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn “Şahdağfilm”ə həvalə olunub.
Serialla bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də görüş keçirilib. Görüşdə QSC-nin sədri Rövşən Məmmədov, serialın layihə rəhbəri Sərvər Bayramov, AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, “Şahdağfilm”in həmtəsisçiləri iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə və Azərbaycanda Amerika Ticarət Palatasının vitse-prezidenti İlqar Mehdi, ssenari qrupunun üzvləri Tufan Bora, millət vəkili Hikmət Babaoğlu, tanınmış yazıçı Varis Yolçuyev və digərləri iştirak ediblər.
Ekran əsərinin çəkilişlərinə hazırlıq çərçivəsində keçirilən görüşdə QSC-nin sədri Rövşən Məmmədov bildirib ki, layihə Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi kimi tarixə düşəcək. O, məhz Atabəylər dövrünə müraciət edilməsinin təsadüfi olmadığını vurğulayıb: “12-ci əsrdə Şəmsəddin Eldənizin başçılığı altında Azərbaycan coğrafiyasında əldə edilən hərbi-siyasi uğurların ekrana daşınması, regional kontekstdə geniş tamaşaçı auditoriyasına çatdırılması müasir Azərbaycan dövlətinin müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qalibiyyət fonunda daha aktualdır”.
Bədii televizya filminin layihə rəhbəri Sərvər Bayramov bildirib ki, növbəti mövsümdə daha 24 bölüm “Turan yoluna doğan günəş” adı altında təqdim olunacaq: “Azərbaycançılıq ideologiyası, dövlətçilik anlayışının daha da gücləndirilməsi üçün müasir çağırışların film-layihədə yer alması, müxtəlif sloqanlar və həştəqlər vasitəsilə şüuraltı mesajların ötürülməsi əsas hədəflərdəndir”.