manera.az
manera.az

Bircə səni düşünmüşdüm - Mətləb Ağadan lap köhnə şeirlər

Bircə səni düşünmüşdüm - Mətləb Ağadan lap köhnə şeirlər
* * *
Bircə səni düşünmüşdüm
mən bu uzun gecəni...
divardakı köhnə saat
görən vurdu neçəni?..

görən, kimi qarşılayır
uzaqdakı it səsi?..
nə yazıqdı bu çöl-bayır,
ovudarmı bir kəsi?..

qaranlıqla danışıram,
nə ürəyim var, nə sən...
xoşuna gəlməz şeytanın,
qorxuram “Allah” desəm...
2001


* * *
Sevgin ölür bir sabah,
və səndə heç nə qalmır...
yaşamaq gözdən düşür,
ölümdə heç nə qalmır...

qəlbinlə dalaşırsan,
sərsəri dolaşırsan...
dərdini danışırsan,
dilində heç nə qalmır...

Allah da çatmır dada,
bezirsən bu dünyadan...
ya bir ovuc kül, ya da
yerində heç nə qalmır...
1997


* * *
Qayıtmağa üzüm də yox
hüzuruna, İlahi...
tutulmuşam eşq deyilən
azarına, İlahi...

axı məni göndərmişdin
ya dən, ya quş olmağa,
ya bəlkə də bir ağ çiçək,
ya da yağış olmağa...

niyə dönüb adam oldum,
göz yumdun niyə sən də?..
mələklərin işiydi ya,
geciydi sən biləndə?..

bu xanım yazıqdı axı,
məni sevir deyəsən...
gücüm yox unut deməyə,
bəlkə özün deyəsən?..

bu qanadlar nədi belə,
bu nə təndi, İlahi?..
burda xanım-filan hanı,
bu ki, dəndi, İlahi...
1997


* * *
Bu ömür hələ çox baş aparacaq,
min dərdi bir yerə qoş, aparacaq.
dolu əl gətirən boş aparacaq,
bəs mən nə aparım boş əvəzinə?..

şübhə oyununu vədnən bitirdim,
gözlədin, yolunu hədnən bitirdim...
sənin ürəyini dərdnən bitirdim,
odur ağladığın yaş əvəzinə...

bəlkə onda sənə vurulam, ölsən,
sevmədim, nə sirrdi, ölərəm ölsən...
səni basdırarlar, bilirəm, ölsən,
məni saxlayarlar daş əvəzinə...
1997


* * *
Heç nə anlamadım qadın dilindən,
dəli ha deyiləm, vurulam daha...
özgə cür səslənir adın dilimdə,
ən doğru adını bilirəm daha...

güc odur, birinci addımı atdın,
sonra görəcəksən ardını atdın...
sən məni ayağın altına atdın,
indi səni yaxşı görürəm daha...

bir yer tap, yaxşıca özünü gizlə,
bundan sonra ömrün uzunu gizlən...
səndən yıxılmışam, özünü gözlə;
özümdən yapışıb dururam daha...
1997


* * *
İndi ölsəm, heyif olar,
səbr et bir az da, Allah...
işində ol, qoy yaşayım
hələ bu yaz da, Allah...

nə gözlərim dənizdi,
nə kipriklərim yosun...
ip tapılar asılmağa,
canımı sıx, qurusun…

Sənin gözündən damıram,
nə fərqi oldu indi?
damıb qurtardım, deyəsən,
ölüm gölməçələndi...
1997


* * *
Dərdlər ürəklərdən çoxdu dünyada;
dünyada dərdlərin “odası” çatmır...
göylər də yalqızdı, yalqız göylərə
yalqız adamların sədası çatmır.

kiminsə tutulmuş bənizi varsa,
ovunmaz, üzündə qəm izi varsa...
dünyanın nə qədər dənizi varsa,
elə bir o qədər adası çatmır...

gecə ağlayırıq, dan ağlayırıq,
ömrümüz əriyən şam, ağlayırıq.
min ildi beləcə qan ağlayırıq,
min ildi bizlərə çatası, çatmır.
1991


* * *
Yağış yağır,
saatımın əqrəbləri vaxtı yox,
səni göstərir,
yağış yağır, islanır həsrətim,
gəlmirsən, gəlməyəsəksən də...

...bir mahnı oxuyuram sən haqda,
yağış yağır,
islanır səsim,
bilmirsən, bilməyəcəksən də.

...yağış yağır, islanır ömrüm,
qurumaz.
...Günəşi səndə.
1993


* * *
Darıxıram deyəsən,
hava da bulanıqdı...
yorulmuşam, sən Allah,
durub qarğıma baxtı...

eyni nöqtəyə baxmaq
səni də yəqin yorub...
ikimiz günahkarıq,
neynək, nə olub, olub...

niyə sən bircə şeyi
başa düşmürsən açıq;
daha bitib bizimki,
çiçək açmayacağıq...
2001


* * *
Nə var mənim üzümdə,
ah çəkmə baxıb-baxıb...
indi ki, ayrılırıq,
neyləməliyəm axı?..

bir az danış, eybi yox,
vaxt özü haqlayacaq.
Otur, bir xatirə yaz,
hərdən varaqlayacam...

sən ki, ağıllı qızsan,
daha nə desəm, yalan;
yolumuz buracanmış,
salamat qal, vəssəlam...
2001

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728