manera.az
manera.az

Mən sevərəm sevgim boyda - Valeh Qocadan yeni şeirlər

Mən sevərəm sevgim boyda - Valeh Qocadan yeni şeirlər
MANERA.AZ istedadlı gənc şair Valeh Qocanın yeni şeirlərini təqdim edir:

Nə var məni tərk etməyə

Mən bir az sərt, bir az çətin,
Bir az da asan adamam.
Gələnə "xoş gəldin" deyib,
Gedənə susan adamam.
Nə var məni tərk etməyə.

Mən sevərəm sevgim boyda,
Mən dözərəm səbrim qədər.
Bir qataram adam dolu,
Yol gedirəm ömrüm qədər.
Nə var məni tərk etməyə.

Gülüşünə gülüş kimi,
Dərdinə əlac kimiyəm.
Yağışda bir çətir kimi,
Günəşdə ağac kimiyəm.
Nə var məni tərk etməyə.

Eh! gedənlə getmək olar,
Gələnlə gəlmək olmur ki.
Ömür sürən bir məzaram,
Uzağı gözlərin dolar
Ölənlə ölmək olmur ki.
Nə var məni tərk etməyə.

Sənin işin yayda kölgə,
Qışda məni kürk etməkdir.
Mən bir dünya, sən bir sakin,
Mənim peşəm tərk edilmək,
Sənin işin tərk etməkdir.
Nə var məni tərk etməyə.
Məni tərk etməyə nə var.

Külək səni vurmasın

Mən harda dayanım ki,
Külək vurmasın səni.
Göz dəyməsin gözünə,
Ürək vurmasın səni.

Göy quru, yer yaşdırsa,
Göy bahar, yer qışdırsa.
Yağış da yağışdırsa,
Gərək vurmasın səni.

Yaş hissinin axarı,
Nəfəs qəlbin buxarı.
Çıx buluddan yuxarı,
Şimşək vurmasın səni.

Öz ömrümü izlədim,
Eşqinəcən gözlədim.
Səni harda gizlədim,
Fələk vurmasın səni.

Onda sən varıydın

Eh! onda sən varıydın, hər şey bir aləmiydi,
O dağın başındakı buz elə gözəliydi.
Onda qış qış kimiydi, payız da payız kimi,
Yaz da öz yerindəydi, yaz elə gözəliydi.

Mən onda yol yolçusu, sən onda bir ləpirdin,
Ayağım ayağının izlərini öpürdü.
Göz yaşını toz üstə elə gözəl səpirdin,
Onda gözümə düşən toz elə gözəliydi.

Bilirsən də, dənizi dayaz sevən deyiləm,
Sən olmayan gecədə ayaz sevən deyiləm.
Bir az soyuqqanlıyam, mən naz sevən deyiləm,
Amma sənin etdiyin naz elə gözəliydi.

Eh! baxıb o günlərə öz yadıma düşürəm,
Öz içimdə yanıram, öz içimdə bişirəm.
Nə çay süzə bilirdin, nə də xörək bişirə,
Amma, amma əlində duz elə gözəliydi.

Məni də al özümdən apar uzaqlığına,
Bağışla qaragünü üzünün ağlığına.
Nə olar bircə dəfə qayıt uşaqlığına,
O balaca, o qara qız elə gözəliydi.

Səni unutduran yoxdu

Sən mənə "sağ ol" deyəndən, hər kəs bir salam yeridir.
Bu dünya tək sənin deyil, hər yeri adam yeridir.
Səni unutduran yoxdur.

Bir azca sənə bənzəyən, izinə girmək istəyir,
Ürəyimdən çıxartdığım, gözümə girmək istəyir
Səni unutduran yoxdur.

Biri Günləşlə parlayır, biri yağışla tökülür.
Bir küləyə qoşulur, biri baxışla tökülür,
Səni unutduran yoxdur.

Hər gün səhər doğan Günəş, sönən günü xatırladır.
Unutdurmaq istəyən də, sonda səni xatırladır,
Səni unutduran yoxdur.

Ömrümdə bir saat kimi, gəl yenə də qur özünü.
Gəl ey Unutqanım, tez gəl, özün unutdur özünü,
Səni unutduran yoxdur.

Gəlmişəm

Sən mənim ürəyimin dinc vaxtına düşmüsən
Yollarında dincəlib, ömrünə dinc gəlmişəm,
Bəlkə də tələsmişəm, bir az gözləməliydim,
Bəlkə də gecikmişəm, bir az da gec gəlmişəm.

Sənə yumşalıb gəldim, sərtlərimi qıymadım,
O ağır, o dözülməz şərtlərimi qıymadım.
Mən sənin ürəyinə dərdlərimi qıymadım,
Sənə gələnə qədər dərdimə güc gəlmişəm.

Sısqa göz yaşlarından dərya istəmirəm ki,
Gözlərindən bəridə röya istəmirəm ki.
Ürəyinin çölündə dünya istəmirəm ki,
Ürəyinin içində saxla bir künc, gəlmişəm.

Saçlarında dən eylə, başacan ucalt məni,
Bir az mənimçün ağla, yaşacan ucalt məni.
Nə olar ay balacam özünlə qocalt məni,
Səninlə qocalmağa, ölməyə gənc gəlmişəm

Bizim kəndimizdə nə yoxdur qızım

Qızımın Kəlbəcərdəki (Məmmədsəfi kəndi) kəndimizdə nə var ata, sualına cavab.

Bizim kəndimizdə oyuncaq yeri,
Bizim kəndimizdə səngər yeri var.
Bizim kəndimizdə uşaq beşiyi,
Bizim kəndimizdə əsgər yeri var,
Bizim kəndimizdə nə yoxdu qızım?!

Bizim kəndimizdə Günəş də çıxıb,
Bizim kəndimizdə qar da var indi.
Hələ əkilməmiş ağaclar bitib,
Səni yelləməyə yelləncək yeri,
Düşməni asmağa dar da var indi.

Orda qönçələr var dırnağın kimi,
Orda güllər açır əllərin boyda.
Orda damcılar var səndən böyükdür,
Orda şəlalə var tellərin boyda.

Orda zirvəylə çay yanbayandılar,
Dumanın bir ucu buxarındadır.
Bizim kəndimizdə Taxtadüzü var,
Kəndin dağından da yuxarıdadır.

Orda balıqlar da qızıl gəzdirir,
Orda bəzəyi var quşun üstündə,
Orda dərya çıxır daşın altından.
Orda xına bitir daşın üstündə.
Bizim kəndimizdə nə yoxdur qızım?!

Orda nənələrin yarımçıq nağlı,
Orda babaların qəbri var bala.
Dayanıb otuz il bizi gözləyib,
Orda qəbirlərin səbri var bala.

Bizim kəndimizdə şəhid ruhu var,
Qoruyur tufanda, yağışda kəndi.
Mən ordan çıxanda atam mən yaşda,
Mən ordan çıxanda sən yaşda idim,
Sən ora dönürsən mən yaşda indi.

Bizim kəndimizdə nə yoxdur qızım?!
Deyimmi nə yoxdur, deyim sən də bil.
Bizim kəndimizdə ev yerləri var,
Evlərdə nə divar, nə damlar yoxdur.
Bizim kəndimizdə hər şey var, amma,
Bizim kəndimizdə adamlar yoxdu.

Belə təbiətin nəyi gözəldir

Hardasa ildırım çaxırsa birdən,
Hardasa qorxursa bir yetim uşaq.
Arxasın, dayağın itirmiş biri,
Qorxudan gəzirsə bir özgə qucaq,
Belə təbiətin nəyi gözəldir.

Ağacı kökündən qorxuya salıb,
Sərt külək budaqdan çiçək alırsa.
Hardasa dilənən qoca qarının,
Pulunu əlindən külək alırsa,
Belə təbiətin nəyi gözəldir.

Hardasa bir Günəş hər gün doğursa,
Hardasa göy üzü sancı gəzirsə.
Hardasa bir ölkə su altda qalır,
Hardasa bir körpə damcı gəzirsə,
Belə təbiətin nəyi gözəldir.

Geyinib əyninə dağların qarın
Bir ölüm gəlirsə bir çay donunda.
Düşmən gülləsindən yayınıb, ancaq,
Bir əsgər donursa qar uçqununda,
Belə təbiətin nəyi gözəldir.

Hardasa ciyəri yanırsa yerin,
Ölürsə yağışın suçundan biri.
Hardasa bir torpaq bir dən bitirmir
Yerdə can verirsə acından biri,
Belə təbiətin nəyi gözəldir.

Ay ana

(Şəhid baş leytenant Ramiq Mikayılova həsr olunur
Şəhidin öz dilindən
Allah rəhmət eləsin)


Sən axı bilirsən şəhidlər ölmür,
Mən də ölməmişəm, sağam ay ana.
Əynimə geydiyim kəfən deyil ki,
Ömrümə qar yağıb, ağam ay ana.

Keçmişi axtarma, yaddaşı tökmə,
Bu yerə bacını, qardaşı tökmə.
Məni məzar bilib, göz yaşı tökmə,
Mən daşdan ucalan dağam ay ana.

Gözündə yaş görüb elə doldum ki,
Səni solğun görüb elə soldum ki.
Məni tək böyütdün, şəhid oldum ki,
Bir azca borcundan çıxam ay ana.

Alnını açıq tut, başını sən dik,
Qoy sənə dərdlərim verməsin çəlik.
Biz bir ölürüksə, min dirilirik
Düşünmə ölmüşəm, yoxam ay ana

Mən də öz ömrümü belə sürürəm,
Ramiqəm, torpaqdan ömür hörürəm.
Balamı yuxuda hər gün görürəm,
Sənə əmanətdi Ağam, ay ana.

Sən axı bilirsən şəhidlər ölmür,
Mən də ölməmişəm, sağam ay ana
Əynimə geydiyim kəfən deyil ki,
Ömrümə qar yağıb, ağam ay ana.

Olsun

Bu gecə məni düşün,
Gözlərin dərin olsun,
Xəyalına al məni,
Ən gözəl yerin olsun.

Mənə bir gülüş göndər,
Ümid ver, gəliş göndər.
Mənə bir öpüş göndər,
Dodağım şirin olsun.

Ruhun milyon, özün bir,
Ah bu necə sirdir, sirr.
Sinəmin altına gir,
Ürəyim sərin olsun.

Sənsən eşqimin təbi,
Sənsən eşqimin həbi.
Yat, röyamın sahibi,
Yuxun şipşirin olsun.

Müharibə

İnsan ürəyindən iman düşəndə,
Körpə ürəyinə qəlpələr düşər.
Silahlar nədir ki, bu yer üzünə,
Ana gözlərindən zərbələr düşər.

Məzarlar doğular qandan, savaşdan,
Uşaq şəkilləri ağlayar daşdan.
Hələ bu dünyanı tanımamışdan,
Dünyanın dərdinə körpələr düşər.

Bir gün yer tərpənər, dərya oynayar,
Yağış yer dəyişər, səhra oynayar.
Bir gün haqq tərpənər, dünya oynayar.
Dərənin yerinə zirvələr düşər.

Saxlayır

Dünyanın o qədər sirr işi var ki,
Dünya çox işini sirdə saxlayır.
Torpaq alışsa da göylər ağlamır,
Göy də göz yaşını dərdə saxlayır.

Büdrəmək, yıxılmaq süqut deyil ki,
Daş məzar ölümə sübut deyil ki.
Göyün üzündəki bulud deyil ki,
Allah adamlarla pərdə saxlayır.

Dünya da iz tutmur, bir izə çıxmır,
Dəryaya yetişmir, dənizə çıxmır.
Qorxur adamlardan təmizə çıxmır,
Təbiət özünü kirdə saxlayır.

Yerdən üzülərdi insanın izi,
Dönərdi lal daşa torpağın üzü.
Xəyallar götürüb qaçardı bizi,
Ayaqlar insanı yerdə saxlayır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031