Qəlbim sənsiz qalıb, neyləmək olar? - Şeirlər

Azərin Piriyeva - Bakı Slavyan Universitetinin Rus dili müəllimliyi fakultəsinin birinci kurs tələbəsi
Neyləmək olar?
Xəyallar puç olub, ümidlər bitib,
Əllərin boş qalıb neyləmək olar?
Buludlar ağlayır, günəş də itib,
Qəlbimi dərd alıb neyləmək olar?
Zaman ötüb keçir elə ahəstə,
Gözlərim yoldadır qulağım səsdə,
Min arzu, min istək, min bir həvəsdə,
Qəlbim sənsiz qalıb, neyləmək olar?
Qaytara bilmərik ötən zamanı,
Hanı o xoş günlər, söylə, bəs hanı?
Tanı bu dünyanı, gəl yaxşı tanı,
Məni dərdə salıb neyləmək olar?
Məni bağışla
Bağışla bu dəfə gələ bilmədim ,
Gözünün yaşını silə bilmədim,
Mən sənsiz danışıb- gülə bilmədim,
Bacarsan sən məni, məni bağışla.
Gözünü yollara dikməli oldun,
Dünyanın yükünü çəkməli oldun,
Son dəfə göz yaşı tökməli oldun,
Bacarsan sən məni, məni bağışla.
Bilmirəm
Dərdlərim başımın üstünü alır ,
Başımı qaldırıb baxa bilmirəm .
Gözümün önündən ötüb yox olur ,
Sevgi göylərində çaxa bilmirəm.
Soruşsan, dərdimi bilən çox olub ,
Danışa bilmirəm, gülə bilmirəm.
Həmişə var olan birdən yox olub,
Daha göz yaşını silə bilmirəm.