manera.az
manera.az

Ölüm gəlsin qaça-qaça - Vətən müharibəsi şəhidinin şeirləri

Ölüm gəlsin qaça-qaça - Vətən müharibəsi şəhidinin şeirləri
MANERA.AZ Vətən müharibəsi şəhidi Teymur Rəsulovun (Teymur Turan) şeirlərini təqdim edir:

Qar yağdığı bir gecədə

Qar yağdığı bir gecədə
Yerdə yatmaq istəyirəm.
Şaxta qoy qənim kəsilsin,
Düşmən olum istəyirəm.

Zaman mənə qarşı gəlsin,
Əcəl mənə gülüb, keçsin,
Qar, boran acısın mənə,
Mənsə dözüm istəyirəm.

Mən ki donmaq istəyirəm,
Bir az qar, bir az şaxtadan,
Bir az dost, bir az da yaddan,
Bir az da bütün cahandan,
Uzaq olmaq istəyirəm.

Keçsin gecə, mən yatmayım,
Sevgimi nəfsə satmayim,
Ruhumu heçə saymayım,
Gerçək olmaq istəyirəm.

Ölüm gəlsin qaça-qaça,
O an ömrümdə gül aça,
Mən o gülü o ölümə
Qurban etmək istəyirəm.

Yarım gəlsin gözü dolu,
Axtarmayım sağı, solu,
Ürəyimdə sözlər dolu,
Nakam getmək, istəyirəm.

Ömrü geri saya-saya,
Aşìq olum günə, aya,
Vida edib bu dünyaya,
Cavan getmək istəyirəm.

Torpaq olmaq istəyirəm,
Məzar olmaq istəyirəm,
Göydə bir ruh istəyirəm,
İnsan olmaq istəmirəm.

Allah olmaq istəyirəm,
Gerçək olmaq istəyirəm,
Zaman olmaq istəyirəm,
Tale olmaq istəmirəm.


***
Min dərdə dərman olaq,
Məlhəm olaq istədim.
Mən bir qəlbi ovudarkən,
Başqa ələ sən sarğı ol istəmədim.

Yarpaq olaq istədim,
Payızları düşündüm.
Bir budaqda cüt yaşayıb,
Xəzanlarda ayrı ölək istəmədim.

Göy üzündə cüt parlayan,
Ulduz olaq istədim.
Gecələri birgə yanıb,
Sabahlarda ayrı sönək istəmədim.

Azərbaycanım

Bir yanın Qarabağ bir yanın Xəzər,
Sinəndə türk gəzir səni kim əzər.
Başında üç rəngli bayrağım gəzər,
Adına can dedik, Azərbaycanım.

Bəbəkin yurdusan odlar diyarı,
Hər igidin olmaz Həcər tək yarı,
Sinəni dik saxla düşmənə sarı,
Şanına şan dedik, Azərbaycanım.

Şərqin səhərisən Qərbin dan yeri,
Sabirin, Müşviqin sən ad-san yeri,
Bir xan verə bilməz Cavad xan yeri,
Biz "xana" xan dedik, Azərbaycanım.

Şuşaya qar yağıb çağlayır Xəzər,
Gilavar Bakıya qəm kədər əsər,
Xocalının gözü hər gün yol çəkər,
Biz qana qan dedik, Azərbaycanım.

Naxçıvan, Qarabağ qəlbində yara,
Borçalı Zəngəzur qaldı əğyara.
Qalx daha bu dərdə tapaq bir çara,
Yandıqca yan dedik!, Azərbaycanim...

Səndən olsa

Həyat –insanın, öz niyyətini başqalarında görə bilmək arzusudur.
Ömür –zamanın sayıb-sayıb, sona yetmək arzusudur.
İnsan- Yaradanın mükəmməl olanı yarada bilmək arzusudur.
Sən isə sevgimin daim var ola bilmək arzususan, sevgilim.

Səndən olsa,
Ən uzaq səfərə çıxan,
Sarvanı olmayan ümidsiz karvanla məni yolçu edərsən.
Çünki bilirsən, sevənlər ən keçilməz yollardan geri gələnlərdir.

Səndən olsa,
Uşaq ikən masa altında saçlarını bəzədiyin
O yazıq gəlinciyinə “mən” deyərsən.
Çünki bilirsən, ən sevimli gəlinciklər,
Qızların hər nazına dinməz-söyləməz dözən,
Sədaqət göstərənlərdir.

Səndən olsa,
Məni dünyada yox,
Buludların üzərində əsir edərsən.
Çünki bilirsən, ən saf damlalar
Buludlarda əsir qalıb, süzülüb yerə gələnlərdir.

Səndən olsa,
Xoşbəxtliyin
Əlləri anasıyla atasının əllərində olan,
Parkda gəzən o körpənin
O əllərdən asılaraq, havada uçmaq istəyi olduğuna
Məni inandırarsan.
Çünki hiss edirsən,
O xoşbəxtliyi yaşamayanlar
Bir ömür xoşbəxtliklərini yetim hiss edirlər.

Səndən olsa,
Məni inandırarsan ki,
Xoşbəxtlik ata - ananın əllərindən tutub,
uça bilmək arzusudur.
Çünki anlayırsan, bu azadlığı yaşamayanlar
Sevginin saflığından kasad olurlar.

Səndən olsa,
Əsl yalnızlığın,
qayğısızlıq olduğunu yaşamağımı istəyərsən
Çünki bilirsən, qayğısız yaşayanların könlünü sevdikləri qırır.

Səndən olsa,
“Mən Günəş olum,
Sən isə həsrətimlə yaşaya-yaşaya,
Məndən həyat alan Ay ol” deyərsən.
Çünki bilirsən, Ay ilə Günəşin məhəbbətini
Bir az hicran, bir az sonsuzluq, bir az da yalnızlıq sındırır.

Səndən olsa,
“Ümidsiz, qayğısız, qırılmış sevgi olaq”, - deyərsən.
Çünki bilirsən, unudulmaz sevgilər,
Yalnızlığa, sonsuzluğa, mümkünsüzlüyə düçardır.

Məndən olsa,
Səni heç sevməzdim.
Amma nə oldusa, səndən oldu, sevgilim.
Səndən oldu, sevgilim.
Səni zamanla bağışlayacam...

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031